Dələduzların ümidinə qalan Mənsimov - FOTOFAKT
FETÖ ilə işbirliyinə görə Türkiyədə həbs edilən biznesmen Mübariz Mənsimov günahlarının üstü açıldıqca və əli hər şeydən üzüldükcə müxtəlif şəxslərin vasitəsilə ölkə rəhbərliyinə müraciətlər hazırlatdırır. Təbii ki, nüfuzlu təşkilatlar, QHT-lər və şəxslər işin mahiyyətini bildiyinə görə bu "müdafiə şousunda” iştirak etməkdən imtina edirlər. Belə olan təqdirdə Mənsimovun PR komandası müxtəlif dələduzların xidmətlərinə əl atır. Bu da cəmiyyətdə gülünc doğurmaqdan başqa bir işə yaramır.
Bu günlərdə müflis elan olunan Mənsimovun "Palmali” şirkətinin sosial şəbəkə hesabında bir MMC tərəfindən hazırlanan bəyanat paylaşılıb. Müraciətin hər cümləsinin hər sözündə olan hərf səhvləri bir yana, məzmunu da oxuyanlarda gülüş doğurub. Heç kimin tanımadığı bir MMC Azərbaycanda 5 milyon Qarabağ qazisi və şəhid ailəsini təmsil etdiyini iddia edir (halbuki ölkə əhalisinin sayı ümumilikdə 10 milyon təşkil edir).
Görünən odur ki, Azərbaycanda şirkət yaradılması üçün prosedurların asanlaşdırılmasından istifadə edən bir qrup dələduz Milli Qəhrəman Mübariz İbrahimovun adından istifadə edərək Məhdud Məsuliyyətli Cəmiyyət yaradıb və bu kimi sifarişləri yerinə yetirir.
Hazırladıqları mətndən heç 5 nəfəri təmsil edəcək savadda olmadıqları aydın görünən bu şəxslər Mübariz Mənsimov timsalında müştəri əldə edərək özlərini də bütün ölkəyə biyabır etmiş oldular.
Xatırladaq ki, martın 17-də həbs edilən iş adamı Mübariz Mənsimova qarşı FETÖ terror təşkilatına üzv olmaqla bağlı rəsmi ittiham irəli sürülüb.
"Anadolu” agentliyinin məlumatına görə, İstanbul Baş Prokurorluğu Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən hazırlanan ittiham aktında müttəhim Mübariz Mənsimovun və onun əlaqədə olduğu şəxslərin fəaliyyətləri barədə araşdırma aparıldığı bildirilib.
İttihamda Mübariz Mənsimovun FETÖ/PDY silahlı terror təşkilatının Rusiyadakı məktəblərinə pul köçürdüyünə dair internet vasitəsilə araşdırma aparıldığı qeyd olunub. Araşdırma nəticəsində "Atlantic İnternational School” adlı məktəbin idarə heyəti üzvlərinin adlarının və fotoşəkillərin olduğu veb-link görüntülərində M.Mənsimovla yanaşı təşkilat üzvü və rəhbəri, axtarışda olan Akın İpek, Harun Tokak və İhsan Kalkavanın da olduğu iddia olunub.
İttiham aktında Mənsimovun FETÖ/PDY lideri Fətullah Gülənin qardaşı oğlu Səlman Gülən ilə də əlaqələrinin olduğu ifadə edilib.
Təqsirləndirilən Mübariz Mənsimovun "silahlı terror təşkilatına üzv olmaq” səbəbilə 7 il 6 aydan 15 ilə qədər həbs cəzası istənilib. İddianamə İstanbul 27-ci Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib.
Təqsirləndirilən şəxslərin məhkəməsi yaxın günlərdə baş tutacaq.