“Dayə evdən oğurluq edirsə, onu işlə təmin etmiş şirkət də məsuliyyətə cəlb olunmalıdır” - Açıqlama

“Dayə evdən oğurluq edirsə, onu işlə təmin etmiş şirkət də məsuliyyətə cəlb olunmalıdır” - Açıqlama
İşləyən anaların ən çox müraciət etdiyi xidmətlərdən biri də dəyəlik xidmətidir. Son günlər isə sosial şəbəkələrdə dayələrlə bağlı narazılıqların artdığı müşahidə edilir. Kimisi dayələrin övladlarına qarşı kobud davranışlarından, kimisi də onların evdən oğurluq etdiyindən şikayətlənir.

Bəs bu sahədə əsas boşluq nədir? Problemin həlli üçün hansı addımlar atılmalıdır?

Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Lalə Mehralı Sfera.az-a açıqlamasında deyib ki, dayələrin işə götürülməsi və işlə təmin edilməsi məsələsində kifayət qədər boşluqlar var:

"Tələblər və təklifləri analiz etsək, işə götürülən bütün dayələrin heç də təcrübəsi olmur, tərcümeyi-halı yaxşı araşdırılmır, keçmişi barədə dəqiq məlumat əldə edilmir. Əgər bunlar olsaydı, bu qədər oğurluq edilməz, dayələrin uşaqlara qarşı zorakılıq halları qeydə alınmazdı. Bu baxımdan şirkətlərin məsuliyyəti artırılmalıdır. Yəni, əgər dayə evdən oğurluq edirsə, ailənin güvənini sarsıdırsa, uşağa zor tətbiq edirsə, tək dayənin özü deyil, onu işlə təmin edən şirkət də məsuliyyətə cəlb olunmalıdır. Belədə onlar öhdəliklərini yaxşı qavrayar və işə həssas yanaşarlar”.

Müsahibimiz dayələrlə böyüyən uşaqların problemlərindən də söz açıb:

"Düşünürəm ki, hər 10 valideyndən 8-i məcburiyyətdən öz övladlarını dayələrə əmanət edirlər. Orta statistik Azərbaycan ailəsində bir nəfərin maaşı ilə ailə dolandırmaq çətindir. Ata, ya ana işləyər, övlada biri baxarsa, sosial problemlər yaranır. İqtisadi məsələlərin həlli axsayır. Buna görə də, normal yaşayışı təmin etmək üçün valideynlərin hər ikisi işləmək məcburiyyətində qalır və seçim dayə olur.

Dayəni sırf müəyyən qədər stajı olduğuna görə işə götürmək olmaz. O, əvvəl işlədiyi yerlərdən də referans gətirməli, tərcümeyi-halı, zərərli vərdişləri, cinayət məsuliyyətinə cəlb olunub-olunmamaqları barədə sənədləri təqdim etməlidir. Bunlar həyata keçirilmirsə, şirkətin ciddiliyinə də güvənmək olmaz”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR