"Üçtərəfli görüş ən tezi 2022-ci ilin əvvəllərində keçirilə bilər" - AÇIQLAMA

Ötən gün erməni mətbuatında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin yeni görüşü barədə məlumat yayıldı. Qeyd edildi ki, yaxın zamanlarda Moskvada üç ölkə prezidentinin bir araya gələcəyi planlaşdırılır.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, Ermənistan tərəfi hərbi sahədə olduğu kimi, son zamanlar siyasi sahədə də dezinformasiyalar və feyk xəbərlər istehsal etməklə məşğuldurlar:

"Misal olaraq, Ermənistan Müdafiə Naziri səlahiyyətlərini həyata keçirən  Vaqarşak Arutyunyanın Rusiya Müdafiə Naziri Sergey Şoyqu ilə telefon danışığı və onun ardınca Moskvada ikitərəfli görüşündən dərhal sonra erməni kütləvi informasiya vasitələri  Azərbaycan, Ermənistan və Rusiya müdafiə nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyi haqqında məlumat yaydılar. Lakin müdafiə naziri Zakir Həsənov belə bir görüşün təşkil olunacağı haqqında məlumatların əsassız olduğunu bildirdi.

İndi onlar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşlərinin planlaşdırılması haqqında məlumat yayırlar. Düşünürəm ki, bu məlumat da ermənilərin uydurduqları və əsası olmayan dezinformasiyalar sırasındadır. Həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Ermənistan Baş Nazir səlahiyyətlərini həyata keçirən Nikol Paşinyan  Rusiya prezidenti Vladimir Putinlə qısa müddət kəsimində ayrı-ayrılıqda görüşüblər. Bu görüşlərdən əvvəl və sonra iştirakçılardan heç biri üçtərəfli görüşün keçiriləcəyi  haqqında işarə vurmayıb”.

Müsahibimiz qeyd edib ki, Ermənistan 10 noyabrda imzalanmış üçtərəfli müqavilədən irəli gələn vəzifələri yerinə yetirməyib və müxalifətin ciddi təzyiqi altında  bu vəzifələrdən imtina etməyə cəhd göstərir:

"Belə olan halda, onun yenidən üçtərəfli görüşə can atması bəyanata Ermənistanın mənafelərinə uyğun şəkildə düzəliş etmək cəhdi kimi qiymətləndirilə bilər ki, bu da Azərbaycan tərəfindən qəbuledilməzdir. Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra yeni hökumət hələ formalaşdırılmayıb və bunun üçün  ən azı oktyabr ayına qədər zaman tələb olunacaq. Paşinyan Putinlə olduğu kimi üçtərəfli görüşə də Baş Nazir səlahiyyətlərinin icraçısı kimi qatıla bilməz. Heç görüşün digər iştirakçıları üçün  də onun bu statusda görüşə gəlməsi məqbul sayılmayacaq.

Nikol Paşinyanın İlham Əliyevlə 2020-ci ilin fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüş də daxil olmaqla, əvvəlki görüşlərdə aldığı dərsləri tezliklə unutduğunu düşünmək sadəlövhlük olardı. Ona görə də onun bu tezliklə  üçtərəfli görüşə razılıq verməsi elə Ermənistan tərəfinin uydurması ola bilər”.

Ə.İbrahimovun sözlərinə görə, üçtərəfli görüş ən tezi 2022-ci ilin əvvəllərində keçirilə bilər:

"Əgər hipotetik olaraq görüşün bu yaxınlarda baş tuta biləcəyini təsəvvür etsək, təbii ki, orada iki ölkə sərhədində baş verən son hadisələr müzakirə oluna və insidentlərin qarşısının alınması üçün konkret tədbirlərin həyata keçirilməsi qəraraalına bilər. Sərhədlərin delimitasiya və demarkasiyasının da gündəliyə daxil olan məsələlər yer tutacağı heç şübhəsizdir. Müzakirə oluna biləcək digər məsələləiçində Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhliz, kommunikasiyaların açılması, minalı ərazilərin xəritəsinin Azərbaycana verilməsi  ola biləcəyini  düşünürəm”.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR