COVİD-19-a qarşı kütləvi immunitet formalaşıb? – “Yayın sonuna qədər koronavirusu unudacağıq”
13:45 / 21.05.2021
3303
Dünya miqyasında koronavirusa yoluxma və ölüm
hallarında azalma tendensiyası müşahidə olunsa da, planetin bəzi yerlərində
virusla bağlı vəziyyət tam əksidir. Həmçinin bəllidir ki, kütləvi immunitet
yaranarsa, virus daha geniş arealda yayıla bilmir. Bir çox ekspertlərin fikrincə,
arzulanan kütləvi immunitet 60 faizdən yuxarı olmalıdır.
Maraqlıdır, Azərbaycanda kütləvi immunitetin
arzulanan səviyyəyə çatması nə qədər zaman alacaq?
Tibb elmləri doktoru, infeksionist Vüqar
Cavadzadə Sfera.az-a açıqlamasında bildirib ki, kütləvi immuniteti vaksinasiya
vasitəsilə, yaxud insanların təbii yolla xəstələnməsi ilə formalaşdırmaq
mümkündür:
"Eyni zamanda insanlar infeksion xəstəliyə -
koronaya yoluxur və paralel olaraq digər yoluxmayan insanlar vaksinasiyaya cəlb
olunurlar. Əgər vaksinasiya ilə kütləvi immuniteti yaratmaq istəyiriksə, əhalinin
50 faizindən yuxarısı bu prosesdə iştirak etməlidirlər. İnsanların təbii yolla
xəstələnməsini gözləsək, onda kütləvi immunitetin formalaşması üçün illər lazım
olacaq.
Statistikaya baxsaq, son bir ildə cəmi 300-350
min insan koronavirus xəstəliyini keçirib və həmin şəxslərdə immunitet yaranıb.
Amma 4 ay ərzində təqribən bir milyondan artıq vətəndaş vaksinasiyada iştirak
edib. Yəni, kütləvi immunitetin qısa zamanda formalaşması üçün ən düzgün addım
peyvəndləmənin aparılmasıdır”.
Digər müsahibimiz, tibb üzrə
ekspert Adil Qeybulla isə saytımıza danışarkən deyib ki, kollektiv immunitetin
yaranması formalaşan immunitetə bağlıdır:
"Bilirsiniz ki, bir milyona yaxın insan
vaksinasiya prosesində iştirak edib, xeyli insan da xəstələnib və immunitetləri
formalaşıb. Vaksinasiyadan sonra immunitetin formalaşması, onun nəticələri ilə
bağlı hələ tam əmin deyilik. Ona görə də Azərbaycanda kütləvi immunitetin nə
zaman formalaşacağını birmənalı demək çətindir.
Lakin koronavirus demək olar ki, əhalinin 90
faizinə toxuna bilib. Bu baxımdan əhalinin böyük kəsimində immunitet formalaşıb.
Yəqin ki, növbəti mutasiyalar olmazsa, biz yayın sonuna qədər bu məsələni
yekunlaşdıra bilərik”.