“CİDDİ EHTİYAC OLMADIQDA İRANA GETMƏYİN” – Koronavirus çağırışı

“CİDDİ EHTİYAC OLMADIQDA İRANA GETMƏYİN” – Koronavirus çağırışı

"Yoxlama məntəqələrində nəzarət şərtləri sərtləşdirilməlidir ki, qonşu ölkədən gələnlərin təhlükəli virusun daşıyıcısı olub-olmadığı tam şəkildə aydınlaşdırılsın”.


Sfera.az-a açıqlamasında bu sözləri artıq koronavirusun ölkəmizə qonşu olan İrana da çatması, burada iki nəfərin virusa yoluxması fonunda Azərbaycanın təhlükədən sovuşmaq üçün cənub qonşu ilə bağlı hansı vacib addımlar atmalı olduğu məsələsinə münasibət bildirərkən deputat Fazil Mustafa deyib: "Əsas odur ki, İrandan koronavirusun Azərbaycana yayılmasının qarşısı alınsın. İki ölkə arasında ticarət əlaqələri güclüdür, geniş gediş-gəliş var. Bu müstəvidə ticarəti, gediş-gəlişi dayandıra bilmərik. Hava limanında karantin tədbirlərini həyata keçirmək nisbətən mümkündür, amma bütünlüklə gediş-gəliş prosesində bunu etmək çox çətindir”.

 

Həmsöhbətimiz vətəndaşlara daha ehtiyatlı olmağı tövsiyyə edib: "Vətəndaşlar özləri də bir qədər diqqətli olmalı, yoluxmamaq üçün müəyyən qoruyucu vasitələrdən istifadə etməli, mümkün qədər çalışmalıdırlar ki, bu dövrdə ciddi ehtiyac olmadıqda İrana səyahət etməsinlər. Bütövlükdə koronavirusun İranda da müşahidə edilməsi ciddi narahat doğuran amillərdən biridir. Bunun üçün də müvafiq qurumlar dərhal lazımi tədbirlərə əl atmalıdır”.


F. Mustafa İranda yoluxma hadisəsinin hələlik kütləvi hal almaması səbəbindən bu ölkə ilə ticari əlaqələr və gediş-gəlişin bir müddətə müvəqqəti dayandırılmasına ehtiyac olmadığı qənaətindədir: "Çünki İranla ticari əlaqələrin müvəqqəti də olsa dayandırılması prosesdən çıxış yolu deyil. Hələlik İranda infeksiya kütləvi hal almayıb ki, bu ölkə ilə ticari əlaqələri, gediş-gəliş müvəqqəti də olsa dayandıraq. Lakin qoruyucu, yoxlama tədbirlərini indidən gücləndirməliyik”.

 

 

Elçin

Rüfət


OXŞAR XƏBƏRLƏR