Ceyhun Osmanlı Azərbaycan xanımlarını təbrik etdi

Ceyhun Osmanlı Azərbaycan xanımlarını təbrik etdi
Azərbaycan Yaşıllar Hərəkatının lideri Ceyhun Osmanlı 8 mart beynəlxalq qadınlar günü münasibətilə Azərbaycan xanımlarına təbrik ünvanlayıb.
 
Sfera.az həmin təbrikin mətnini təqdim edir:
 

Arzum xanımlaradır!

Arzu edirəm günün birində rahat-rahat Xankəndiyə səfər edib orada şoppinq edə biləsiniz!

Nişanınızı Qarabağ atları müşayiəti ilə Cıdır düzündə edib, toyunuzu Bakıdakı Şuşa şadlıq evi əvəzinə, Şuşadakı Şuşa şadlıq evində edəsiniz.

Özünüzə zinət əşyaları seçərkən Kəlbəcərdə istehsal olunan qızıldan Ağdamdakı Yuvelir fabrikinin məhsullarına üstünlük verəsiniz.

Gözəl məclislərimizi topxana meşəsinin qırmızı palıddan olan çəlləklərində saxlanılmış əla növ konyakla bəzəyə bilək.

Məclisinizin qonaqlarını Xocalı aeroportunda salamlaya biləsiniz.

Fotosessiya üçün rahatlıqla Cəbrayıldakı Xudafərin körpüsünü ziyarət edəsiniz.

Gözəl səhər yeməyi üçün Zəngilanda Bəsitçayın yanındakı Çinar meşəsinə səfər edə biləsiniz.

Sahibkar xanımlarımız Ağdərənin mis, qızıl, qurğuşun, sink yataqlarını özləri istismar edə bilsin.

Rəssam xanımlar Turşsu yaylağının gözəlliyindən ilham alarkən, xalçaçı xanımlar da Laçının "Qasımuşağı" xalçalarını Qubada yox, elə Laçında toxusunlar.

Kəlbəcərin əzəmətli görüntüsünü selfilərinizdə əks edə biləsiniz.

Şuşanın Gövhərağa məscidini rahatlıqla ziyarət edəsiniz.

Fizulidə Araz çayı boyunca istehsal etdiyiniz məhsulları Arazın o tayına da bu tayına da göndərə biləsiniz.

Xocavənddə ermənilərin silah anbarına çevirdiyi Azıx mağarasını dünya turistlərinin xidmətinə verəsiniz.

Qubadlının Həkəri çayını, Saqqız ağacını, dillərə dastan meşələrini, bulaqlarını görüb zövq alasınız.

Qarabağ xanəndələrinin ifasını Qarabağda dinləyə biləsiniz.

Feministlər də Qarabağda qadınlarımızın tapdalanan haqlarını Qarabağdakı gördükləri izlərlə dünyaya çatdıra bilsin.

Bütün yazdıqlarımızın gerçəkləşməsini isə kişilərdən hər gün tələb edəsiniz və hər gün kişilərlə çiyin-çiyinə çalışasınız!

Bayramınız mübarək!

Sizi bacardığımız qədər çox sevirik!

P.S. Fotoda Xurşidbanu Natavanın xatirəsinə istehsal edilmiş yaylıq əks olunmuşdur.



OXŞAR XƏBƏRLƏR