Yüzlərlə sahibkarı işsiz qoyaraq, narazılıq yaradan kimlərdir?

Yüzlərlə sahibkarı işsiz qoyaraq, narazılıq yaradan kimlərdir?

Təqribən, 3 ay əvvəl Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yeraltı keçidlərindəki mağazaların fəaliyyəti dayandırılıb. Sahibkarlar iddia edirlər ki, ticarət köşklərinin hansı səbəbdən bağlanması ilə əlaqədar onlara heç bir məlumat verməyiblər. Bununla da, onlarca sahibkar son ümid yeri kimi baxdıqları mağazalardan əldə etdikləri cüzi qazancdan məhrum olublar.

 

Üstündən xeyli müddət keçməsinə baxmayaraq, həmin ticarət köşklərinin taleyi qaranlıq olaraq qalır. Üstəlik, müvafiq qurumların mağazaların bağlanmasının səbəbləri barədə heç bir açıqlama yaymaması da sahibkarların narahatlığını getdikcə artırır.

 

“Klassik-Aİ” MMM-nin həmtəsisçisi və baş direktoru İlham İsmayılovun imzası ilə redaksiyamıza ünvanlanmış məktub da məhz bu barədədir. Məktubda qeyd olunur: “1998-ci ildən “Klassik-Aİ” MMM-in Bakı Metropoliteninin “20 Yanvar” stansiyası yeraltı keçidində fəaliyyət göstərən ticarət köşklərinin işi 29 avqust 2024-cü il tarixində dayandırılmışdır. Bununla bağlı etdiyimiz çoxsaylı müraciətlərə cavab olaraq köşklərin fəaliyyətinin dayandırılması səbəbi paytaxtda keçirilən COP29 tədbiri ilə əlaqələndirilmişdir. Artıq COP29-un başa çatmasına baxmayaraq, hələ də mağazaların fəaliyyətinin bərpa edilməsi ilə bağlı heç bir məlumat ala bilmirik”.

 

İ.İsmayılov yazır ki, hüquqi təmsilçisi olduğu “Klassik-Aİ” MMM şirkəti Bakı şəhəri, Həsən bəy Zərdabi, Rövşən Cəfərov küçələri və Moskva prospektinin kəsişməsində, 20 Yanvar dairəsindəki yeraltı piyada keçidində yerləşən ümumi sahəsi 489 kvadratmetr olan qeyri-yaşayış sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidməti) ilə bağlanmış müqavilə əsasında icarəyə götürərək burada sahibkarlıq (mağazaların təşkli) fəaliyyətini həyata keçirib. Bununla da, şirkət sahibkarlıq sahəsində fəaliyyət göstərmək istəyən çoxsaylı vətəndaş üçün iş imkanı yaradıb.

 

Sahibkarın sözlərinə görə, ötən müddətdə burada qanunvericilikdə nəzərdə tutulmuş bütün tələblərə uyğun olaraq təmizliyə, eləcə də təhlükəsizlik tədbirlərinə tam riayət olunub. Dövlət Vergi Xidmətinin razılığı əsasında kassa aparatları və POS-terminallarla təmin olunmuş sahibkarlar vergiləri vaxtlı-vaxtında ödəyiblər. Eyni zamanda, həmin keçiddən istifadə edən insanların gediş-gəlişinə mane olmamaq üçün müvafiq tədbirlər də görülüb. Bu yaxınlarda isə qarşılıqlı razılaşmaya əsasən ərazi üzrə müvafiq icra strukturu olan Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə xidmətlərin göstərilməsi üçün yeni müqavilə bağlanıb.

 

Elə ərazidə xırda ticarətlə məşğul olan sahibkarlar da 25 il ərzində çalışdıqları mağazaların fəaliyyətinin heç bir səbəb göstərilmədən dayandırılması ucbatından ciddi maliyyə böhranı keçirdiklərini bildirirlər. Onlar, hətta mağazaların bağlı qalması səbəbindən kassa aparatlarının və POS-terminalların fəaliyyətsizliyi barədə Vergilər Nazirliyinə məlumat da veriblər.

 

Yeri gəlmişkən, ötən müddətdə “Klassik-Aİ” MMM-nin rəhbərliyi, eləcə də mağaza sahibləri müvafiq qurumlara etdikləri çoxsaylı müraciətlərə lazımi cavab ala bilməyiblər. Paytaxtda keçirilən beynəlxalq tədbirin sona çatmasına baxmayaraq, aidiyyəti qurumlardan, hələlik, heç bir səs-səmir çıxmır. Vaxt uzandıqca isə sahibkarların narazılıqları da artır.

 

Elə biz də müvafiq qurumların məsələ ilə bağlı fikirlərini öyrənməyə çalışdıq. İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətindən sorğumuza cavab olaraq bildirilir: 

 

“Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının keçidində yerləşən, Yasamal Rayon MKTB-nin balansında olan 489 kv.m. qeyri-yaşayış sahəsi (ticarət cərgəsi) 14.04.2009-cu il tarixindən “Klassik-Aİ” MMM-ə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş və müqavilənin müddətinin uzadılması barədə müəssisənin müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidməti ilə “Klassik-Aİ” MMM arasında 02.08.2022-ci il tarixli icarə müqaviləsi bağlanılıb. İcarə müqaviləsinin müddəti 27.07.2024-cü il tarixində bitib.

 

Sorğuda qeyd edilən ticarət obyektinin bağlanılması səbəbi barədə Əmlak Məsələləri Dövlət Xidmətində məlumat yoxdur”.

 

Digər qurumlardan isə məsələ ilə bağlı konkret bir fikir öyrənə bilmədik. Bununla belə, güman edirik ki, aidiyyəti dövlət təşkilatları yaxın günlərdə məsələyə əncam çəkərək işsiz qalmış sahibkarları sevindirəcəklər.

 

Mənbə: Xalq qəzeti


OXŞAR XƏBƏRLƏR

Eyni ad, eyni peşə və eyni görünüşlü iki yad şəxs DNT testi verdi - FOTO

Hamımız həyatda özümüzə bənzəyən birini tapmağı xəyal etmişik. Bəs bu adam sizinlə eyni peşəyə malikdirsə, eyni addadırsa və eyni əkizini kimidirsə? Sfera.az...

Buzlu Sibir dənizində 67 gün sağ qalmağı bacaran adamın inanılmaz hekayəsi - FOTO

Soyuq dənizlərdə keçirdiyimiz hər an yaşamaq mübarizəsini daha da çətinləşdirir. Okeanın ortasında 67 gün sağ qalmağı bacarsanız nə edərdiniz? Sfera.az bildi...

Diri-diri basdırılan kişi keçmiş iş adamını məhkəməyə verdi

ABŞ-ın Ayova ştatından olan inşaat işçisi Trevor Kilgore 2023-cü ilin iyununda səngərin çökməsi nəticəsində diri-diri torpağa basdırılıb. Bundan sonra o, keçmiş...

Komanda yoldaşını ayıdan xilas edən gənc güləşçinin hekayəsi - FOTOLAR

İndiyə qədər dostluqla bağlı çoxlu hadisələrin şahidi olmuşuq. Bəzilərinə “Afərin”, bəzilərinə “Ayıb olsun” deməklə kifayətlənmişik. &n...

Türkiyəni gözəl günlər gözləyir - Ərdoğan

Çətinliklər olsa da, Türkiyəni gözəl günlər gözləyir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X hesabında yazıb. &...

Sabah bəzi ərazilərdə işıqolmayacaq

"Naxçıvan" yarımstansiyasından qidalanan 10 kilovoltluq 12 nömrəli xətt aparılan cari təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.  &nb...