Cəmiyyət yeni partiyalara hamilədir – SİYASİ SİSTEMƏ YENİ DÜZƏN GƏLƏCƏK
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasi islahatlar bir çox fəaliyyət sahələri kimi həm iqtidar-müxalifət münasibətləri, həm də partiyalar arasında sağlam mübarizə ənənələrinin formalaşması baxımından mühüm əhəmiyyətə malikdir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması və adıçəkilən şöbənin həyata keçirdiyi tədbirlər siyasi münasibətlər sferasına yeni nəfəs gətirməkdədir.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasından sonra ölkədə proseslərə təsir etmək gücündə olan partiya və təşkilatların qəbul edilməsi, siyasi liderlərlə fikir mübadiləsinin aparılması iqtidarın dilaloq təşəbbüslərində nə qədər səmimi olduğunu ortaya qoydu. Başladılan bu dialoq mühiti Azərbaycanın gələcəyi, xüsusilə demokratikləşmənin yeni dalğası ilə bağlı proseslərə çox böyük yardım edəcək. Keçirilən görüşlərin də mahiyyəti o idi ki, gələcəkdə iqtidar-müxalifət arasında, xüsusilə də siyasi partiyalar müstəvisində qalıcı dialoq mühiti mövcud olsun, konkret mövzular ətrafında müzakirələr aparılsın.
Münasibətlərin sağlamlaşdırılmasına bariz nümunə kimi 40-dan çox siyasi qüvvə ilə qarşılıqlı Novruz bayramı təbrikləşməsi yeni və vacib bir ənənənin əsasının qoyulması anlamına gəlirdi. Bu həm də iqtidar-müxalifət təmsilçilərinin təkcə rəsmi yox, həm də qeyri rəsmi yaxınlaşması, uzlaşması prizmasından alqışa layiq ənənə idi.
Siyasi sistemdə reallaşdırılan köklü islahatlardan növbətisi isə yeni formalaşan Milli Məclisdə yeni simalara, yeni münasibətlər sisteminə yer verilməsi oldu. Həm xanım spikerin seçilməsi, həm də bitərəf və müxalif düşərgə təmsilçilərinin MM-də yüksək postlara yolunun açılması bir ilk idi. Parlamentdə Komitə sədri və sədr müavinləri vəzifələrində bitərəf deputatlar və müxalif partiyalara geniş yer verilməsi iqtidarın müxalifətlə siyasi münasibətlərin yaxınlaşması və uzlaşdırılması yönündəki bəyanatlarının söz olaraq qalmadığının isbatı oldu. Digər tərəfdən Milli Məclis aparatından 90 vəzifəli şəxsin (onlardan 64-ü birbaşa olaraq müxtəlif vəzifə sahiblərinin yaxın ailə üzvləri idi –red) xaric edilməsi islahatların dönməzliyini gözlər önünə sərmiş oldu.
İllərdir, rəsmi qeydiyyata alınmayan siyasi partiyaların qeydiyyatının sadələşdirilməsi, eləcə də müxalifətçilər - İlqar Məmmədov və Rəsul Cəfərovun hüquqlarının ali məhkəmə tərəfindən tanınması irəliyə doğru atılmış yenilikçi addımlardan sayılmalıdır. Bu onun nümayişi idi ki, hakimiyyət bəzilərinin iddia etdiyi kimi müxalifətlə dialoqdan nəinki yayınmır, əksinə ən barışmaz müxalif təmsilçilərinin də hüquqlarının təminatçısıdır.
Bununla belə siyasi sistemdə, partiya və təşkilatlarda həllini gözləyən yetərincə problemlər var. Məsələn, iqtidar və ya müxalifət düşərgəsində qərarlaşmasından asılı olmayaraq siyasi partiyalar kütlə ilə arzulanan səviyyədə iş qurmur və ya qurmağı bacarmır. Təkcə bir faktı xatırlatmaq yerinə düşər ki, rayonlarda bəzi partiyaların fəaliyyətini yerli icra hakimiyyətləri ya həyata keçirir ya da tənzimləyir. Bu icra orqanlarının tərəfsizlik prinsipini pozmaqla yanaşı, siyasi partiyaların proseslərə təsir etmək, yeni təşəbbüslərlə çıxış etmək imkanlarını minimuma endirir.
Yerlərdəki problemlərin illərlə yığılıb qalmasının səbəblərindən biri də məhz siyasi partiyaların üzərinə düşən vəzifələri layiqincə icra edə bilməməsidir. Siyasi partiyaların yerli icra orqanlarının kölgəsindən çıxarmaq üçün isə sistemdə yenilənməyə getməyin vaxtı çoxdan çatıb. Çünki bütün siyasi partiyaları bir yerə toplasaq onlar heç real eloktoratın 20%-ni təmsil edə bilmir. Nəticədə isə ölkədə gedən çoxspektrli islahatların fəlsəfəsini tam olaraq dərk edə bilməyən və ölkənin inkişafına biganə olan insanlar yetişir.
Bu gün sosial şəbəkələrdə, o cümlədən youtube müxalifətçiləri arasında 100-dən çox yeni adlara rast gəlirik. Bu insanlar dövlət rəhbərliyi, o cümlədən hökümətin islahatçı komandası haqqında ən ağır ifadələri işlədir.
Sual olunur? Niyə hökümətin mövqeyini müdafiə edən ən az 100 nəfər sosial media fenomeni yoxdur?
Son 10 ildə 100 milyon manat ayrılmış Azərbaycan gənclər siyasəti höküməti müdafiə edən 100 nəfər fəal gənc yetişdirə bilmədimi?
Son 10 ildə milyonlarla manat ayrılmış partiyaların sıralarında hökümət tərəfdarı olan 100 nəfər sosial media fenomeni yoxdurmu?
Əgər İsveçdə sosial demokrat partiyasının hər hansı bir naziri tənqidə tuş gələrsə dərhal onun partiya üzvləri səfərbər olub qarşı tərəfi əsaslı arqumentlərlə susdurar. Bəs bizim islahatçı nazirlərimiz Mikayıl Cabbarov vəya Sahil Babayev sosial media "canavar"ları tərəfindən təndiqə və bəzən də təhqirə məruz qalanda onları hansı siyasi qüvvə müdafiə etməlidir?
Və ya iqtidar cəbhəsinin sosial şəbəkələrdə müdafiəsiz qalması kimə sərf edir?
Suallar çoxdur! Cavabları isə zaman göstərəcək!
Azərbaycanın gələcək siyasi dizaynında bu amillər nəzərə alınmalıdır.
Görünün odur ki, cəmiyyət həm iqtidar, həm də müxalifət cəbhəsində yeni partiyalara hamilədir.
"Sfera" Analitik Mərkəz