\"Bütün karantin qaydaları ləğv edilməlidir\" - Statistika göstərir ki...

\
Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev COVİD-19-la bağlı hazırda heç bir panikaya əsas olmadığını deyib.
 
Sfera.az bildirir ki, mütəxəssis statistik göstəricilərdən söz açıb və hazırda əhalinin 3 milyona yaxınının peyvənd edildiyini deyib:

"Təqribən 10 milyon əhalimiz var, bunun 2 milyonu xaricdə yaşayır. Rəsmi və qeyri-rəsmi hardasa 2 milyona qədər insan da yoluxub sağalıb, immunitet qazanıb. Yerdə qalır 3 milyon, o da bölgələrdə əhalinin sıx olmadığı yerlərdə yaşayır. Yəni karantin qaydalarını sərtləşdirməyə ehtiyac yoxdur.

Gündəlik yoluxma sayındakı artımla əlaqədar isə açıqlama verilməlidir ki, yeni yoluxanların neçə faizi xəstəliyi ağır keçirir? Əgər yeni yoluxanların arasında xəstəliyi ağır keçirənlərin sayı 10%-dən azdırsa, bütün karantin qaydalarını ləğv etmək lazımdır”.

A.Əliyevin sözlərinə görə, insanları pandemiyadan çox stress, qorxu narahat edir.

REAL partiyasının icraçı katibi Natiq Cəfərli isə düşünür ki, artıq hər kəs virusla yaşamağı öyrənməlidir:

"Virusa yoluxma sayı artır, vətəndaşlar mütləq özlərini qorumalıdırlar. Amma statistika ilə bağlı mediada yenə də səthi yanaşma görürəm. Tək yoluxma rəqəmləri yox, test sayı da nəzərə alınmalıdır. Belə yanaşma ilə baxsaq, virus sayı bu gün dünənə nisbətən artmayıb, əslində azalıb. 
Məsələn, 26 iyul tarixində 5616 test aparılıb, 272 yoluxma halı qeydə alınıb - yəni, hər 20 testdən biri pozitiv çıxıb. 27 iyulda isə 11985 test aparılıb, 468 yoluxma halı qeydə alınıb - yəni, hər 25 testdən biri pozitiv çıxıb.  Virusla yaşamağı öyrənək artıq, bu qədər də olmaz. Bizim virusa münasibətimiz dəyişməlidir ki, bu mərəz həyatımızdan rədd olsun. Bunu anlamasaq, bizi virus yox, stress öldürəcək”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR