\"Burada hamıya mesaj var və hər kəs öz mesajını almalıdır”

\
Ötən gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam Cümə Məscidini ziyarət edib. Prezident və xanımının ibadət evinə ayaqqabasız girməsi sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. Çünki bundan əvvəl eyni məsciddə "Qədr surəsi" oxuyan axund belə ibadət evinə ayaqqabı ilə daxil olmuşdu. Bundan başqa, ölkəmizdə nəinki təmirsiz məscidə, bəzi hallarda hətta şəhid ailəsinin evinə belə ayaqqabılı girən vəzifə sahibləri var. Ona görə də İlham Əliyev və Mehriban Əliyevanın atdığı bu addım sanki dəyərsizləşdirmə meyilinə cavab olaraq nəinki Azərbaycanda, eləcə də qardaş Türkiyədə böyük rəğbətlə qarşılanıb.

Sfera.az-ın məlumatına görə, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Yenisabah.az-a açıqlamasında bildirib ki, Prezident və Mehriban xanım hər zaman milli-mənəvi dəyərlərimizə, dini-tarixi abidələrimizə böyük diqqət və qayğı göstəriblər:


"Azərbaycanda bir çox məscidlər təmir olunub. Heydər Əliyev Fondu davamlı bu istiqamətdə tədbirlər həyata keçirib. Diqqət çəkan məqamlardan biri də dünən Prezident və birinci xanımın Ağdama səfəri zamanı baş verdi. Oraya Mehriban xanımın özünün Quran aparması, onların məsciddə Allaha dua etməsi, məscid təmirsiz olsa belə, oranı ayaqqabısız gəzmələri onların bizim milli-mənəvi dəyərlərə, dinimizə böyük hörmətlərinin göstəricisidir. Biz bilirdik ki, belə dəyər Azərbaycanda var, amma Azərbaycan xalqı bir daha bunun əyani şahidi oldu”.

Millət vəkili vurğulayıb ki, Prezidentin məscidin qarşısında Azərbaycan xalqına müraciət etməsi də özündə müxtəlif mesajlar daşıyırdı:

"Bu mesajlardan biri də ondan ibarətdir ki, Azərbaycan öz dəyərlərinə sadiqdir. Prezident bütün çıxışlarında bunu vurğulayıb. Bu hər insanda olan bir xüsusiyyət deyil, onlar ən incə məqamlara belə fikir verirlər. Bu mesajlar bütövlükdə ondan ibarət idi ki, hər bir Azərbaycan vətəndaşı bizim dəyərlərimizə hörmətlə yanaşmalıdır. Biz bilirik ki, bizim dinimizə görə məscidə ayaqqabı ilə girmək olmaz. Lakin zaman-zaman belə xoşagəlməz halların şahidi olmuşuq. İndi isə prezident və birinci xanımın timsalında bunun əksini müşahidə etdik və biz bunu nümunə götürməliyik. Burada hamıya mesaj var və hər kəs öz mesajını almalıdır”.
 



OXŞAR XƏBƏRLƏR