“Büdcədə neftin qiyməti 20 dollardan götürülsün” – İqtisadçıdan ilginc TƏKLİF

“Büdcədə neftin qiyməti 20 dollardan götürülsün” – İqtisadçıdan ilginc TƏKLİF
"İqtisadiyyata sərmayə qoyuluşunun davamlı artmamasının səbəbi iqtisadiyyatın neft qiymətlərindən asılılığının yüksək olmasıdır. Neft qiymətləri kəskin endikdə iqtisadiyyata sərmayə qoyuluşu azalır, artdıqda isə sərmayələrin həcmi artır”.

Bu fikirləri iqtisadiyyata sərmayə qoyuluşunun davamlı artırılması imkanları ilə bağlı Sfera.az-ın sualını cavablandıran iqtisadçı-ekspert Fuad İbrahimov bildirdi.  

Ekspert qeyd etdi ki, iqtisadiyyata sərmayə qoyuluşunun davamlı artımını təmin etmək üçün dövlət büdcəsinin də dayanıqlı gəliri olmalıdır: 

"Sərmayə qoyuluşunda dövlət büdcəsinin payı yüksəkdir. Dövlət büdcəsinin neft gəlirlərindən asılılığı sərmayə qoyuluşunun davamlı artırılması dinamikasını saxlamağa imkan vermir. Biz neft qiymətlərindən asılılığımızı şəffaf şəkildə azalda bilərik. Dünya bazarında neftin qiyməti 55-60 dollar olanda biz proqnoz qiyməti minimum səviyyədə, məsələn, 20-30 dollarla götürüb gələcək xərclərimizi də bunun üzərində qura bilərik. Sistem elə qurulmalıdır ki, işlər, layihələr gəlirimizə uyğun olsun”. 

F.İbrahimov düşünür ki, dayanıqlı gəlirin mənbələri iqtisadiyyatın şəffaflanması, vergitutma bazasının genişləndirilməsi, biznes mühitinin yaxşılaşması ola bilər: 

"Büdcə xərclərində şəffaflıq, hesabatlılıq təmin edilməlidir, vəsaitlər təyinatı üzrə istifadə edilməlidir. Həm büdcə xərclərində, həm də dövlət müəssisələrinin xərclərində şəffaflığı təmin etmək mümkün olsa, vəsaitlər təyinatı üzrə istifadə ediləcək, kənarlaşma olmayacaq və sərmayə qoyuluşunda davamlı artım olacaq”. 

Ekspert qeyd etdi ki, 2020-ci ildə də dövlət büdcəsindən əsas xərclərin azalması sərmayə qoyuluşuna mənfi təsir edib:

"Ötən il Azərbaycan iqtisadiyyatında əsas kapitala sərmayə qoyuluşu 8,3 faiz azalaraq 17,028 milyard manata düşüb. 2020-ci ildə sərmayə qoyuluşunun azalması qeyri-neft sektoru üzrə qeydə alınan geriləmə hesabına baş verib. Neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 0,3 faiz artdığı halda, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,3 faiz azalıb. 

İnvestisiyaların əsas hissəsini müəssisə və təşkilatların vəsaitləri hesabına qoyulub. Bu mənbə üzrə 8,6 milyard manat sərmayə qoyulub və 5,9 faiz azalma qeydə alınıb. Büdcə vəsaitləri hesabına 4,7 milyard manat sərmayə yönəldilib və 12,2 faiz azalma baş verib. Bank kreditləri 1,055 milyard manat olmaqla 54.1 faiz, əhalinin şəxsi vəsaitləri hesabına sərmayə qoyuluşu 967,3 milyon manat olmaqla 22 faiz azalıb”. 

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR