“Bu xərcləri ləğv etsək, uşaqpulu verilə bilər” – Ekspertdən büdcə dəyərləndirməsi
15:29 / 02.04.2021
3055
"Əhəmiyyətsiz xərcləri dayandırsaq, uşaqpulunu vermək
üçün dövlət büdcəsinin imkanları geniş olacaq”.
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda uşaqpulunun
veriləcəyi halda dövlət büdcəsinin onu nə dərəcədə qarşılaya biləcəyinə
aydınlıq gətirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli
deyib:
"Azərbaycan dövlət büdcəsindən hər il təkcə iki maddə
üzrə 10 milyard manat vəsait xərclənir. Büdcədəki hər maddə üzrə olan sair xərcləri
də toplayanda əlavə 2 milyard manat da formalaşır. Yəni, Azərbaycan dövlət büdcəsindən
gərəksiz məsələlərə təxminən 12-13 milyard manata qədər vəsait xərclənir. Onun
da 70 faizi korrupsiya yemidir.
Ölkəmizdə hər bir uşağa ayda təxminən 100 manat uşaqpulu
vermək üçün isə 3-3,5 milyard manat vəsait lazımdır. Bu da onu göstərir ki,
kifayət qədər əhəmiyyətsiz xərcləri dayandırsaq, uşaq pulunu vermək üçün Azərbaycanın
dövlət büdcəsinin imkanları geniş olacaq”.
Həmsöhbətimiz hesab edir ki, hökumət insan kapitalının
gələcəyini nəzərə alaraq, uşaqpulu məsələsinin həllinə önəm verməlidir: "İndiki
halda isə büdcə xərclərinə baxanda belə qənaətə gəlmək olar ki, Azərbaycanda ən
ucuz kapital insan kapitalıdır. Dünyada isə bunun əksidir, insan kapitalı önə çəkilir. Azərbaycan da neftdən gələn gəlirləri insan
kapitalına çevirmək strategiyası götürüb. Digər tərəfdən, büdcənin buna imkanı
da var”.
Sfera.az