Bu şirkət hamını mat qoyub: 73 milyonluq tender udub

Bu şirkət hamını mat qoyub: 73 milyonluq tender udub
 

"Dövlət satınalmalarının vahid elektron portalı”nın məlumatına görə, "İnpeks.N" şirkəti 28.03.2019 - 24.10.2019 dövründə (179 gündə) malların (işlərin və xidmətlərin) satınalınması üzrə 234 müsabiqənin qalibi olub”. 

Sfera.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli yazıb. O, bildirib ki, şirkət bağladığı müqavilələr üzrə 73 milyon 320 min manat gəlir əldə edib. 

Natiq Cəfərli daha sonra yazıb: "Bu "hər-şey-bacaran” şirkət dövlət təşkilatlarının tikinti, təmir, abadlıq işlərinin; ehtiyat hissələrinin, avadanlıqların, mebellərin, geyimlərin, dəftərxana ləvazimatlarının, təsərrüfat mallarının, hətta, kondisionerlərin təmir edilməsinin satın alınması üzrə elan edilən tenderlərin qalibi olub - "İnpeks.N" şirkəti hər gün bir tender, elə gün olub ki, 2 tender udub – sən uşaqlarda fərasətə bax e...

"İnpeks.N" şirkəti 2019-cu ildə ən böyük müqaviləni Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlayıb. Bakı şəhər ərzazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalıınmasını nəzərdə tutan həmin müqavilənin məbləği 16 milyon 19 min manatdır. Həmçinin, MMC "İnpeks.N" ilə Bakı Şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınması üzrə 2 milyon 575 min manatlıq müqavilə imzalayıb.

Bu ilin oktyabr ayının ötən dövründə Bakı Şəhər İcra Hakimiyətinin tabeliyində olan Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsi "İnpeks.N" şirkətilə 15 milyon 713 milyon manat məbləğində 10 müqavilə bağlayıb. Müqavilələrə əsasən, İdarənin tabeliyində olan körpələr evi-uşaq bağçaları, uşaq bağçaları və uşaq evlərində cari təmir işləri görüləcək, avadanlıq və yumşaq inventarları alınacaq. "İnpeks.N" şirkəti Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin (Rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri üçün) çoxsaylı tenderlərinin qalibidir.

"İnpeks.N" şirkəti Mədəniyyət Nazirliyinin elan tenderlərin də qalibi olub. Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin əsaslı təmir işlərini 3 milyon 907 min manata "İnpeks.N" şirkəti həyata keçirib.

Ölkədə Bələdiyyə seçkilərinə start verilib, bu haqda müzakirə belə getmir. Bu seçkilərin əsas müzakirə məsələsi Böyük Şəhər Bələdiyyələrinin yaranması, Mer institutlarının formalşdırılması olmalıdır. Əgər Bakının seçkili Meri olsa belə biabrçılıqlar azalar, ya da heç olmaz, bu institut istər-istəməz yeni situasiya, yeni oyun qaydaları da yaradacaq. Bakıya və digər böyük şəhərlərə seçkili Mer – bu bələdiyyə seçkiləri sürəcinin əsas şüarı bu olmalıdır!”


OXŞAR XƏBƏRLƏR