Bu sahəyə Azərbaycan əhalisi pulunun 18 faizini, avropalılar isə 65 faizini xərcləyir
Sfera.az xatırladır ki, əhalinin ərzaq xərclərinin digər xərclərə nisbətən sürətlə artması bir qədər əvvəldən, devalvasiyadan sonra müşahidə edilirdi. Lakin pandemiyanın yaratdığı vəziyyətlə əlaqədar olaraq ərzaq xərclərinin payı birdən-birə 6 faiz bəndi artaraq 45 faizi ötüb, pullu xidmətlərin payı isə 6,2 faiz bəndi azalaraq 16 faizə düşüb.
2015-ci ildəki 2 böyük devalvasiyaya qədər əhalinin istehlak xərclərində ərzağın alınmasına ayrılan pulun payı davamlı azalırdı, əvəzində qeyri-ərzaq və pullu xidmətlərə ayrılan pulun payı artırdı. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə istehlak xərclərində ərzağın payı 66 faiz, qeyri-ərzağın payı 24 faiz, pullu xidmətlərin payı 10 faiz idi.
Xərclərdəki bu cür strukturlaşma ondan xəbər verir ki, həmin illərdə Azərbaycanda əhalinin gəlirləri çox aşağı olub, yoxsul insanlar çox idi, eyni zamanda xidmətlərin qiyməti aşağı olub. İllər ötdükcə, bu nisbət əks istiqamətdə dəyişməyə doğru getdi. Xüsusən, neft pullarının gəlməsindən və xidmətlərin qiymətinin artırılması ilə paralel olaraq qeyri-ərzaq və pullu xidmətlərin payı artdı. Bu baxımdan ən yüksək göstərici, 2014-cü ildə qeydə alınıb. Həmin ildə istehlakın 36,77 faizi ərzaq, 36,6 faizi qeyri-ərzaq, 26,63 faizi pullu xidmətlər xərcindən ibarət idi.
2015-ci ildə iki böyük devalvasiyadan sonra yüksək inflyasiyanın qeydə alınması əhalinin real gəlir əldə etməsini çətinləşdirib. 2015-2020-ci illərdə əhalinin nominal gəlirləri 33,4 faiz artıb. Beşillik inflyasi isə 37 faiz olub. Yüksək inflyasiya ilə əlaqədar son 5 ildə əhalinin real gəlirləri artmayıb, əksinə 3,6 faiz azalıb.
Real gəlirlərin olmaması səbəbindən insanlar əldə etdiyi gəlirin daha çox hissəsini zəruri xərclərə yönəldib. Nəticədə istehlak xərclərində ərzağın payı yenidən yüksəlir, pullu xidmətlərin payı azalır. 2019-cu ildə xərclərdə ərzağın payı 39,4 faizə, qeyri-ərzağın payı 38,3 faizə yüksəldiyi halda pullu xidmətlərin payı 22,3 faizə düşüb. 2020-ci ildə isə ictimai iaşə müəssisələrinin, sərhədlərin bağlanması ilə vəziyyət kəskin dəyişib və ərzağın payı 45,3 faizə, qeyri-ərzağın payı 38,6 faizə yüksəlib, pullu xidmətlərin payı 16,1 faizə enib.
2021-ci ildə sərt karantin qaydalarının bir qədər yumşaldılmasından sonra xərc strukturunda bir qədər dəyişiklik baş verib və ərzaq xərcləri 43,5 faizə, qeyri-ərzaq xərcləri 38,3 faizə düşüb, pullu xidmətlər 18 faizə yüksəlib.
Qeyd edək ki, əhalinin gəliri yüksək olan ölkələrdə istehlak xərclərində əsas pay pullu xidmətlərə məxsus olur. Lüksemburq, Norveç, İsveçrə, ABŞ və digər yüksək gəlirə sahib olan ölkələrdə xərclərdə ərzağın payı 10-15 faiz, qeyri-ərzağın payı 15-20 faiz, pullu xidmətlərin payı 65-75 faiz təşkil edir. Azərbaycanda ərzaq və qeyri-ərzaq xərclərinin payının çox, pullu xidmətlərin payının az olması əhalinin adambaşına düşən gəlirinin az olması və xidmətlərin ucuz olması ilə əlaqədardır.
Vasif
Sfera.az