Bu qurumlar büdcəni “boşaldır” – SİYAHI

Bu qurumlar büdcəni “boşaldır” – SİYAHI
Əvvəlki illərdə olduğu kimi 2020-ci ildə də dövlət şirkətlərinin dövlət büdcəsinə ödədiyi vəsaitin məbləği büdcədən aldığı vəsaitin məbləğindən xeyli dərəcədə az olub.

Hesablama Palatasının apardığı təhlillər üzə çıxarıb ki, ötən ilin dövlət büdcəsinin ayrı-ayrı istiqamətlərindən 20 dövlət müəssisəsinə (dövlət büdcəsində ayrıca müstəqil kredit sərəncamçısı kimi göstərilən) ümumilikdə 2,645 milyard manat məbləğində vəsait yönəldilib. Palatanın şərhinə əsasən, beynəlxalq təcrübənin təhlili göstərir ki, dövlət müəssisələri dövlət maliyyəsinə və büdcə dayanıqlılığına təsirə malik olmaqla risk mənbəyi kimi hesab edilir. 

Sfera.az Hesablama Palatasına istinadən bildirir ki, büdcədən ayrılan məbləğə subsidiyalar, maliyyə yardımı, əsaslı vəsait qoyuluşu xərcləri və s. istiqamətlər üzrə ayrılan xərclər daxildir.

Ayrılan məbləğin 1,61 milyard manatı və ya 60,8%-i dövlət əsaslı vəsait qoyuluşu, 656,6 milyon manatı və ya 24,8%-i əvvəlcədən bölgüsü müəyyənləşdirilən xərclər, 136,7 milyon manatı və ya 5,2%-i birdəfəlik təyinatlı və tədbirlər üzrə xərclər, 240,7 milyon manatı və ya ya 9,1%-i Ehtiyat Fondları, 3,3 milyon manatı və ya 0,1%-i büdcədənkənar xərclər üzrə olub.

Bəs, büdcədən ödədiyi ilə müqayisədə daha çox pul alan dövlət şirkətləri hansılardır? 

Hesablama Palatasının məlumatına əsasən, bu şirkətlər "Azərbaycan Dəmir Yolları” QSC, "Azərsu” ASC, "Azərbaycan Hava Yolları” QSC, "Azərenerji” ASC və "Azəriqaz” İstehsalat Birliyidir. "Azərbaycan Hava Yolları” QSC büdcəyə 10,4 milyon manat ödədiyi halda büdcədən 695,3 milyon manat, "Azərsu” ASC 10,6 milyon manatlıq ödənişin müqabilində 401,7 milyon manat, "Azərbaycan Hava Yolları” QSC 23,9 milyon manat ödənişin əvəzində 226 milyon manat, "Azərenerji” ASC 33,5 milyon manatın əvəzində 147 milyon manat, "Azəriqaz” isə 2,1 milyon manatın müqabilində 51,5 milyon manat alıb.

Ümumilikdə, dövlət mülkiyyətində olan müəssisələr büdcəyə 1,827 milyard manat vəsait köçürüb. Bunun böyük hissəsi SOCAR-ın ödədiyi vəsaitdir. Digər şirkətlərin ödədiyi vəsait olduqca azdır. 

Hesablama Palatası dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya  proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılmasının vacib olduğunu qeyd edib. 

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR