\"Bu qarşıdurmada əsas qazanan Türkiyə ola bilər\" - Politoloq

\
"Rusiya-ABŞ geosiyasi rəqabəti Mərkəzi Asiya üzərində yeni bir problemə gətirib çıxarır”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ABŞ-ın Əfqanıstandan çıxması və Talibanın hücumları davam etdirməsini Orta Şərqdə Çin, Rusiya və ABŞ qarşıdurması kimi xarakterizə etmək olar:

"ABŞ Əfqanıstandan qoşunlarını çıxararaq Özbəkistanda yerləşdirməyi planlayır. Məhz Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) yer almaması, Rusiya qarşı reveransları buradan irəli gəlir. Bunun qarşılığında Vaşinqton Daşkəndə maliyyə ayıracaq, onun regionda Çin və Rusiyaya qarşı yeni dayaq məntəqəsi yaratması mümkündür. Rusiya müdafiə naziri Sergey Şoyqu da Vaşinqtonun Əfqanıstandan qoşunlarını çıxararaq Orta Asiyada yerləşdirməsini sərt şəkildə tənqid edib. 

ABŞ Özbəkistanda yerləşməklə Əfqanıstana nəzarət edəcək, həm də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı dərinləşdirəcək. Bundan əlavə, Talibanın Əfqanıstanda hakimiyyəti ələ alması Çin, İran və Tacikistana qarşı yeni bir cəbhənin açılmasına gətirib çıxara bilər”.

Politoloq qeyd edib ki, Taliban Rusiya, Çin və İranla danışıqlar aparmasına baxmayaraq, əldə edilən anlaşmalara əməl etməyəcək:

"Əfqanıstan və Mərkəzi Asiyada Rusiya, ABŞ və Çin arasında qarşıdurma yeni dünya nizamının formalaşması istiqamətində cərəyan edir. Azərbaycanın da bu regionla sıx əlaqələri mövcuddur. Pakistanla birgə siyasi-hərbi texniki əməkdaşlıq, Əfqanıstanla əlaqələr, Mərkəzi Asiya ölkələri ilə siyasi-iqtisadi və mədəni əlaqələr çərçivəsində Türkiyənin moderatorluğu ilə yeni bir təşkilatın qurulması plandadır. 

Əfqanıstan və Mərkəzi Asiyada geopolitik qarşıdurmanın davam edəcəyi gözlənilir. Bu qarşıdurmada əsas qazanan Türkiyə ola bilər. Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiya siyasəti yeni bir mərhələyə keçib. Bu ölkələrin Türkiyə ilə dini, mədəni və etnik bağlılığı da buna əsaslanır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR