“Bu, Paşinyanın növbəti hiyləsidir” – O niyə İlham Əliyevlə görüşə can atır?

“Bu, Paşinyanın növbəti hiyləsidir” – O niyə İlham Əliyevlə görüşə can atır?

"Ermənistanın özünü toparlaması üçün zamana ehtiyacı var. Bu ehtiyacın ödənməsi isə atəşkəsin mövcudluğundan keçir”.


Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ danışıqları üçün Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olması barədə açıqlamasına münasibət bildirərkən politoloq Natiq Miri deyib:


"Paşinyanın bu açıqlaması qətiyyən məğlub olduğunu boynuna alması demək deyil. Paşinyan bunu etiraf edə də bilməz. Çünki bunun etirafı Paşinyan hökumətinin sonu demək olardı. Ona qarşı olan siyasi qüvvələr, xüsusilə də "Qarabağ klanı” prosesi çevirmək üçün belə bir boşluğu və zamanı gözləyirlər.

 

Bu əslində Paşinyan hökumətinin zaman qazanmaq istəyilə bağlıdır. Ermənistan hakimiyyəti hələ də son perspektivdə müharibəni qazanacaqlarını bəyan edir. Guya geri çəkilməklə Azərbaycanı tələyə salacaqlarını iddia edirlər. Yəni, Paşinyan hələ də məğlubiyyəti etiraf etmək barədə düşünmür”.


Politoloq hesab edir ki, Ermənistan müxtəlif bəhanələrlə zaman qazanmağa çalışır.

 

"İntensiv şəkildə Ermənistana bəzi dövlətlərdən, xüsusən də Rusiyadan silah daşınmaqdadır. Ermənistanın özünü toparlaması üçün zamana ehtiyacı var. Bu ehtiyacın ödənməsi isə atəşkəsin mövcudluğundan keçir. Paşinyan düşünür ki, ciddi dəstək olduğu halda, Ermənistan Ordusu toparlana və yenidən qalib ola bilər. Ona görə də Moskvada Azərbaycan Prezidentilə görüşmək istəyi Paşinyanın növbəti hiyləsidir”.


Həmsöhbətimiz bildirdi ki, Paşinyan belə fikirləri ortaya atmaqla həm də Azərbaycan ictimaiyyətində yaşanan birliyi parçalamağı planlayır:

 

 

"Azərbaycan ictimaiyyəti atəşkəsi heç vəchlə qəbul etmir. Bu baş verərsə, hazırda bir yumruq ətrafında birləşən Azərbaycan ictimai rəyində parçalanma yarana bilər. Düşmən də bunu istəyir. Buna heç bir vəchlə imkan vermək olmaz. Bu gün Azərbaycan qalib ölkədir. Belə olan təqdirdə, diktə edən tərəf də Azərbaycan olmalıdır. Qələbənin bir addımlığında kimsə başqa ölkəyə gedib müharibəni dayandırmağı müzakirə etmir”.


Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR