Bu məlumatlar insanları ət yeməkdən uzaqlaşdırır

Bu məlumatlar insanları ət yeməkdən uzaqlaşdırır
"İqlim dəyişikliyinə dair məlumatlar insanları ət yeməklərindən imtina etməyə sövq edə bilər”.
 
Sfera.az xəbər verir ki, bunu "The Guardian” tədqiqat aparan müəlliflərə istinadən yazıb.

Qeyri-kommersiya təşkilatı olan Dünya Resursları İnstitutu (WRI) 6000 ABŞ vətəndaşı arasında eksperiment keçirib. Tədqiqatçılar menyuya ətin daxil edilməsinin ətraf mühitə təsiri ilə bağlı 10 müxtəlif məlumat əlavə edib. Onlar bu məlumatlarla tanış olan müştərilərdən ət yeməyi ilə digər qidalardan hazırlanan yeməklər arasında seçim etmələrini istəyiblər.

Tədqiqat göstərib ki, həmin məlumatlar müştərilərin yemək seçiminə əhəmiyyətli dərəcədə təsir edib. Tədqiqat iştirakçılarının 25 faizi bu mesajı oxuduqdan sonra bitki əsaslı yeməkləri seçiblər. WRI bildirir ki, araşdırmaya görə insan bir ət yeməyindən imtina etməklə, telefonun 2 il ərzində istifadə etdiyi enerji qədər ətraf mühiti istixana qazı emissiyalarından xilas edə bilər.

Tədqiqatda istifadə edilən digər bir məlumat tədqiqat iştirakçılarının 22 faizini ətdən imtina etməyə həvəsləndirib. Həmin məlumatda qeyd edilib ki, planetin gələcək nəsillər üçün saxlanması üşün ət yeməklərindən az istifadə olunmalı, daha çox bitkilərdən hazırlanan qidalar qəbul edilməlidir.
WRI və BMT-nin "Cool Food Pledge” ("Sərin Qida Əmanəti”) təşəbbüsünün rəhbəri Edvina Hughes hesab edir ki, indi insanlar bu cür məlumatlara həmişəkindən daha çox hazırdır.

Hughes qeyd edib ki, problemin incə şəkildə qabardılması birbaşa, kobud yanaşmadan daha təsirlidir: 

"Bir sıra uğursuz təcrübələrdən sonra elm adamları belə qənaətə gəldilər ki, insanları birdən-birə ət yeməkdən imtina etməyə çağırmaq düzgün deyil. Daha effektiv variant vegetarianlığın təbliği yox, ət istehlakının tədricən azaldılmasını təşviq etməkdir. Yəni, insanlar ət yeməlidir, amma ətli yeməklərdən istifadə mümkün qədər azaldılmalıdır”.

Vasif 
Sfera.az

OXŞAR XƏBƏRLƏR