Bu məhsul Azərbaycana milyonlarla dollar qazandırdı

Bu məhsul Azərbaycana milyonlarla dollar qazandırdı
2021-ci ilin yanvar-may aylarında Azərbaycan 323,1 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib. Kənd təsərrüfatı məhsulları ixracı dəyər ifadəsində ötən ilin müvafiq dövrünə nəzərən 9,9 faiz artıb.

Sfera.az xatırladır ki, ötən ilin yanvar-may aylarında 294 milyon dollarlıq aqrar məhsullar ixrac edilmişdi. 

Kənd təsərrüfatı məhsulları arasında dəyər ifadəsində ən çox artım pambıq mahlıcında qeydə alınıb. Pambıq mahlıcının ixracı 2,23 dəfə artaraq 108,6 milyon dollara çatıb. Ötən ilin eyni dövründə pambıq mahlıcının ixrac dəyəri 48,6 milyon dollar idi. Mahlıc ixracında 60 milyon dollarlıq artım qeydə alınıb. 

İxracdakı artıma meyvə və gön-dəri ixracının artması da kömək edib. Meyvə ixracı 9,3 faiz artaraq 88 milyon dollara, gön-dəri ixracı 39,7 faiz artaraq 5,2 milyon dollara yüksəlib. 

Bu il heyvandarlıq məhsullarının ixrac dəyəri 77 faiz artıb. Ötən ilin ilk 5 ayında 700 min dollarlıq heyvandarlıq məhsulu satan Azərbaycan bu ilin eyni dövründə ixrac dəyərini 1,3 milyon dollara çatdırıb. 

Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında ən böyük paya malik olan tərəvəz ixracı isə azalıb. Bu il tərəvəz ixracında 24,2 faiz azalma müşahidə edilib. 2020-ci ilin yanvar-may dövründə 156,1 milyon dollar dəyərində tərəvəz ixrac edən ölkəmizin bu il ixracı 118,3 milyon dollara qədər azalıb. 

Tərəvəz ixracında azalma əsasən pomidor satışının azalmasından qaynaqlanır. Pomidor ixracı 29,3 faiz azalaraq 123,1 milyon dollardan 87 milyon dollara düşüb. 

Məlumatların təhlili göstərir ki, bu il kənd təsərrüfatı məhsullarının ixracındakı 29,1 milyon dollarlıq artım əsasən pambıq ixracının kəskin artması hesabına mümkün olub. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR