Bu il qeyri-neft ixracı azala bilər - ŞƏRH

Bu il qeyri-neft ixracı azala bilər - ŞƏRH

2020-ci ilin ilk 8 ayının (yanvar-avqust) nəticələri göstərir ki, bu il qeyri-neft mallarının ixracında azalma qeydə alınacaq. Yanvar-avqust dövründə Azərbaycanın ümumi ixracı 9,9 milyard dollar, qeyri-neft mallarının ixracı 1 milyard 153 milyon dollar olub. Ümumi ixracın 11,65 faizini qeyri-neft sektoru üzrə malların ixracı təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisə etdikdə 2020-ci ilin 8 ayında qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 124 milyon dollar və ya 9,7 faiz azalıb.


Sfera.az xatırladır ki, bu il qeyri-neft mallarının ixracında artım gözlənilirdi. 2019-cu ildə qeyri-neft mallarının satışında rekord qeydə alındıqdan sonra verilən proqnozlarda 2020-ci ildə qeyri-neft mallarının ixracının bir qədər də artacağı təxmin edilirdi. Buna əsas kimi yeni müəssisələrin işə düşməsi və ixrac potensialının artması göstərilirdi.

 

Lakin gözləntilər özünü doğrultmadı və 2020-ci ildə qeyri-neft mallarının satış dəyəri 10 faizə yaxın azaldı.

 

Bəs, bunun səbəbi nədir?


Qeyri-neft mallarının ixracının azalmasının əsas səbəbi pandemiya və onunla əlaqədar tələbin zəifləməsidir. Mart ayından sonra pandemiya müşahidə edilib. Buna görə də birinci rübdə qeyri-neft mallarının ixrac dəyəri ötən ilin birinci rübünə nisbətən 3,3 faiz artıb. Amma apreldən ixracda azalma qeydə alınıb. Bu dövrdən tələb zəiflədiyindən qeyri-ərzaq mallarının, eyni zamanda gündəlik istehlak olunmayan ərzaq mallarının ticarəti zəifləyib. Bu hal həmin malların dəyərinin aşağı düşməsinə səbəb olub.

 

Tələbin azalması səbəbindən dəyəri düşən mallar arasında neft də var. Neftin dəyərdən düşməsi bütün energetika məhsullarının, o cümlədən qazın, elektrik enerjisinin də qiymətini aşağı saldı. Bu səbəbdən ixracın həm miqdarında, həm də dəyərində azalma baş verdi.

 

Son 10 ilin təcrübəsi göstərir ki, Azərbaycanın qeyri-neft mallarının ixracının artım tempi həmin malların idxalını həyata keçirən ölkələrdəki vəziyyətdən birbaşa asılıdır. Həmin ölkələrin vəziyyət yaxşı olmalıdır ki, alıcılıq qabiliyyəti yüksəlsin. Azərbaycanın qeyri-neft mallarının əsas alıcısı Rusiya, İraq, Əfqanıstan, Türkmənistan, Türkiyə, Qazaxıstandır. Bu ölkələrin iqtisadi vəziyyəti neftin qiymətindən və valyuta sabitliyindən birbaşa asılıdır. Neft bahalaşdıqda həmin ölkələrin pul gəliri artır və buna müvafiq olaraq idxal da yüksəlir.

 

Neft ucuzlaşdıqda isə əks proses baş verir. Eyni zamanda milli valyuta möhkəm olduqda idxal artıq, zəiflədikdə azalır. Adıçəkilən ölkələr son iki ildə neftin ucuzlaşması və milli valyutanın dəyərdən düşməsi problemi ilə üzləşdiyindən idxalları da azalıb. Nəticədə Azərbaycanın həmin ölkələrə ixracı azalıb ki, bu da ölkəmizin qeyri-neft mallarının satışına mənfi təsir edib.

 

Böyük ehtimalla neft bahalaşdıqca və milli valyutaların məzənnəsi sabitləşdikcə qeyd edilən ölkələrin idxalı, Azərbaycanın isə ixracı artacaq.


 

Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının dəyəri son 15 ildə davamlı artmır. Bəzən bir neçə il artım baş versə də sonradan azalma müşahidə edilir.

Qeyri-neft mallarının ixracı 2005-ci ildə 765,7 milyon dollar, 2006-cı ildə 939,3 milyon dollar, 2007-ci ildə 1,164 milyard dollar, 2008-ci ildə 1,4434 milyard dollar olub. Lakin 2009-cu ildə 1,1273 milyard dollara enib, 2010-cu ildə yenidən artaraq1,4 milyard dollara yüksəlib. Artım 2011-ci (1,624 milyard dollar) və 2012-ci ildə (1,9335 milyard dollar) davam edib. İxracda 2013-cü ildən yenidən azalma qeydə alınıb. Həmin ildə ixrac 1,773 milyard dollar, 2014-cü ildə 1,632 milyard dollar, 2015-ci ildə 1,4982 milyard dollar, 2016-cı ildə 1,2 milyard dollar olub.

 

2017-ci ildən ixrac yenidən artaraq 1 milyard 538 milyon dollar, 2018-ci ildə 1,7 milyard dollar, 2019-cu ildə 1,94 milyard dollar təşkil edib.

2005-2019-cu illərdə qeyri-neft mallarının ixracı dəyər ifadəsində 1,174 milyard dollar və ya 2,53 dəfə artıb.

 

2020-ci ildə qeyri-neft ixracında yenidən azalma ehtimalı yüksəkdir. Lakin növbəti ildə pandemiyanın təsirləri aradan qalxarsa, qeyri-neft ixracında artımın olması ehtimalı yüksəkdir.

 

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...