Bu il Neft Fondunun aktivləri 8-10 faiz azala bilər - ŞƏRH

Bu il Neft Fondunun aktivləri 8-10 faiz azala bilər - ŞƏRH

2020-ci ilin birinci yarısında Dövlət Neft Fondunun xərcləri gəlirlərindən xeyli çox olsa da bu dövrdə Fondun aktivlərində cəmi 100 milyon dollar azalma baş verdi. Dövlət büdcəsinə edilən düzəlişlərdən sonra ilin ikinci yarısında Fondun xərclərində artım davam edəcək. Belə olan halda Fondun aktivləri daha çox azala bilərmi?


Sfera.az bildirir ki, "İqtisadi Forum” ekspert qrupunun üzvü, itisadçı İnqilab Əhmədovun fikrincə, mövcud şərtlər daxilində ilin yekununda Neft Fondunun aktivləri 8-10 faiz nisbətində azalacaq. Ekspert bildirdi ki, Dövlət Neft Fondunun aktivlərindən iqtisadiyyatda likvidliyi, tədiyə balansının kəsirinin örtülməsini və ya iqtisadi stimullaşdırmada mövcud qaydalardan və praktikadan əlavə hər hansı bir formada istifadəsi nəzərdə tutulmur.

 

"Hökumət son dövrdə davranışı ilə həm də onu nümayiş etdirir ki, dilemma qarşısında qalarsa, pandemiyanın ölkə iqtisadiyyatı üçün daha ağrılı olan variantında xarici borclanmaya üstünlük verəcək. Neft Fondunun aktivlərinin isə qorunması əsas hədəf kimi götürülür”, - deyən ekspert söylədi ki, Fondun cari xərclərinin gəlirlərindən daha çox olması aktivlərə azaldıcı təsir göstərəcək: "Dövlət Neft Fondu neft-qaz resurslarının satışından 2001-2019-cu illərdə 160 milyard dollara yaxın vəsait əldə edib. Onun 119 milyard dolları xərclənib. Xərclərin 100 milyarddan dollardan çoxu büdcəyə transferlər təşkil edir. Hazırda Fondun 43 milyard dollar aktivləri mövcuddur.

 

Dövlət Neft Fondunun 2020-ci il üçün təsdiq edilən büdcəsinin ümumi gəlirləri 12,384 milyard manat (7,285 milyard dollar), xərcləri 11,59 milyard manat təsdiqlənmişdi. Gəlirlərin 85,3 %-ni dövlətin mənfəət nefti (karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər), xərclərin isə 98 %-i dövlət büdcəsinə transfer təşkil edirdi. 2020-ci il üçün həm dövlət büdcəsində, həm Neft Fondunun büdcəsində neftin qiyməti 55 dollardan hesablanmışdı.

 

Lakin bu ilin avqust ayının əvvəlində büdcəyə edilən dəyişikliklər neftin qiymətini dövlət büdcəsində və Fondda 35 dollar səviyyəsində nəzərdə tutur. Dəyişikliklər nəticəsində Fondun gəlirləri təsdiq edilən proqnozla müqayisdə 5,041 milyard man (40,7%) az və ya 7,343 milyard manat, xərcləri isə müvafiq olaraq 850 milyon man (7,4%) artırılaraq 12,410 milyard manat müəyyənləşdirilir. Beləliklə, Fondun xərclərinin artırılması fonunda onun yeni büdcəsinin kəsiri 5 milyard man. təşkil edir ki, bu da gəlirlərin 68,5% deməkdir”.


İ.Əhmədov gözlənilər kəsirə baxmayaraq Dövlət Neft Fondunun hələ ki, kifayət qədər inamlı təsir bağışladığını dedi: "Dünya bazarında neftin qiymətinin iyun ayından başlayaraq nisbətən stabiləşməsi bu inamı möhkəmlədib. Fondun rəhbərliyi bu dövrdə özünün investisiya fəaliyyətində əsas diqqəti riskli əməliyyatlardan vaz keçərək, konservativ yanaşmaya yönəldir.


Çox böyük ehtimalla il ərzində Fondun fəaliyyətini və onun investisiya siyasətini tənzimləyən qaydalara hər hansı bir dəyişiklik edilməyəcək. Bunun səbəbi yalnız neftin qiymətinin nisbətən yuxarı diapazonda qərarlaşması deyil. Dolayısı ilə bunu, həm də pandemiya dövründə bütövlükdə hökumətin davranışı təsdiq edir. Hökumət hər hansı formada büdcə transfertləri praktikasına, investisiya alətlərinin dəyişdirilməsinə, xarici borclanmaya dəstək və ya daxili iqtisadiyyatda əlavə stimullaşdırıcı iş görməyi, habelə fiskal qayda ilə bağlı müddəalara yenidən baxmağı nəzərdən keçirmir.


Pandemiya ilə əlaqədar gəldiyimiz əsas nəticə ondan ibarətdir ki, Neft Fondu və bütövlükdə ölkə iqtisadiyyatı yalnız pandemiyanın yaratdığı itkiləri bərpa edib əvvəlki vəziyyətə qayıtmağı hədəfləməməlidir. Çünki pandemiya demək olar ki, bütün sahələrdə çatışmazlıqları üzə çıxartdı. Müşahidələr göstərdi ki, əsas boşluq idarəetmə ilə bağlıdır. Çevik və inklüziv idarəetməni hədəf kimi müəyyənləşdirib ona doğru getmək itkilərin bərpasından daha vacibdir.


Fonddan gözləntilər böyükdür. Bununla yanaşı onu da nəzərə almaq lazımdır ki, dövlət kapitalizmı modelinə əsaslanan Azərbaycan iqtisadiyyatı, möhkəm və dayanıqlı özəl sektora malik olmadığından, hökumət fundamental makroiqtisadi tarazlığı və tənzimləməni dolayısı ilə, məhz Dövlət Neft Fondu vasitəsilə həyata keçirir. Belə ki, Fond iqtisadiyyatın investisiya yükünü çəkir, xarici borclanmanın izafi artımına imkan vermir və nəhayət milli valyutanın məzənnəsinin qorunub saxlanmasında dövlətin əlində müstəsna intervensiya aləti rolunu oynayır. Bütün bunlar onu deməyə əsas verir ki, Dövlət Neft Fondu Azərbaycanda, sıradan bir rifah fondu deyil, dövlətin iqtisadi tənzimləməsinin təməl sütunudur”.


 

Vasif


OXŞAR XƏBƏRLƏR