Bu il hibrid avtomobillərin idxalı 2,5 dəfə artıb - SƏBƏBLƏR

Bu il hibrid avtomobillərin idxalı 2,5 dəfə artıb - SƏBƏBLƏR
2021-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 10 033 ədəd minik hibrid (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) avtomobili idxal olunub.
 
İdxal edilən hibrid avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,5 dəfə artıb. Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, 2020-ci ilin yanvar-oktyabr ayları ərzində 4056 hibrid avtomobili gətirilmişdi.
 
Bəs, bu il Azərbaycana hibrid avtomobillərin idxalının kəskin artması nə ilə bağlıdır?
 
Avtomobil bazarına dair açıqlanan məlumatların təhlili göstərir ki, hibrid avtomobillərin idxal sayının kəskin artması 2 səbəblə bağlıdır. Birinci səbəb şəhər daxilində hibrid avtomobillərin yanacaq sərfiyyatının benzinlə işləyən avtomobillərlə müqayisədə xeyli az olmasıdır. Müşahidələrə əsasən deyə bilərik ki, bu texnoloji xüsusiyyəti ilə əlaqədar Bakıda və digər iri şəhərlərdə taksi xidməti göstərmək, eyni zamanda fərdi istifadə məqsədilə çoxlu sayda hibrid avtomobilləri alınır. Bu növ avtomobillərdən müntəzəm istifadə edən şəxslərin verdiyi məlumata əsasən, hibrid sistemlə təmin edilən və mühərrik həcmi 1,3-1,8 litr olan avtomobillər şəhər daxilində hər 100 km məsafəni qət etməyə 5-7 litr yanacaq sərf edir. Hibrid sistemi olmayan eyni həcmli benzin mühərrikli avtomobillər isə 100 km məsafəyə 8-10 litr yanacaq işlədir. Buradan görünür ki, ay ərzində avtomobillə uzun məsafə qət edən şəxslər hibrid avtomobildən istifadə etdiyinə görə böyük məbləğdə vəsaitə qənaət edirlər.
 
Hibrid avtomobillərə maraq göstərilməsinin digər səbəbi onların ucuz olmasıdır. Statistikaya əsasən, idxal edilən avtomobillər arasında hibrid avtomobillərin qiyməti digərlərindən aşağıdır.
 
2020-ci ildə idxal edilən minik avtomobillərinin orta dəyəri 11,1 min dollar olub. Hibrid avtomobillərinin orta dəyəri 5 613 dollar, digər avtomobillərin orta qiyməti 11 720 dollardır.
 
2021-ci ilin 10 ayında idxal edilən avtomobillərin orta qiyməti 9 264 dollar, o cümlədən hibrid avtomobillərin dəyəri 6 085 dollar, digər minik avtomobillərinin qiyməti isə 9 813 dollardır.
 
Beləliklə, qənaətcillik və daha ucuz variantlarının olması hibrid avtomobillərinin idxalını artırır.
 
Vasif
Sfera.az

 
 

OXŞAR XƏBƏRLƏR