“Bu icra başçıları vəzifələri ilə vidalaşacaq, bu iki nazirlikdə isə...” – Kadr islahatlarının yeni hədəfləri
15:07 / 19.01.2021
4621
"Rayon
icra hakimiyyəti başçılarının əksəriyyəti vəzifələrilə vidalaşacaq, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi
olacaq”.
Bunu
Sfera.az-a açıqlamasında Prezident İlham Əliyevin "kimsə özünü toxunulmaz hesab
etməsin” fikrinin növbəti kadr islahatlarının anonsu kimi dəyərləndirilməsinə
münasibət bildirərkən politoloq Cümşüd Nuriyev deyib:
"Prezident
hələ Şuşaya səfərində milli kadrların hakimiyyətdə təmsil olunacağı mesajını
vermişdi. Sumqayıtda olarkən Prezident bu fikrini bir qədər də genişləndirdi. Cəmiyyətimizdə
dövlət məmurlarından narazılıq dalğası yaranıb.
Xüsusən də şəhid və qazi ailələrinə göstərilən diqqətsizliklə bağlı
problemlər var. Bu mənada Prezidentin həmin açıqlaması ilk növbədə icra
hakimiyyəti strukturlarında kadr islahatlarının olmasını aktual edir. İnsanlar
daha çox məhz bu sahəyə rəhbərlik edən bəzi məmurların haqsızlığı ilə üzləşir. Rayon
icra hakimiyyəti başçılarının əksəriyyətinin dəyişiləcəyi gözlənilir.
Nazirliklər
arasında isə yerlərdə əsas narazılıq Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyilə və Kənd Təsərrüfatı Nazirliyindəndir. Bu iki nazirlikdə də müəyyən
kadr dəyişikliyinin həyata keçiriləcəyi gözləniləndir”.
"Konstitusiya
islahatları ola bilər”
Bunu isə
açıqlamasında ReAL-ın icra katibi Natiq Cəfərli söyləyib: "Azərbaycanda 2016-cı
ildən bəri istər yerli özünüidarəetmədə, mərkəzi hökumət və ya Prezident
Adminstrasiyasında, Nazirlər Kabinetində
kifayət qədər ciddi kadr dəyişiklikləri olub. Yəqin ki, bu davam edəcək.
Amma daha vacibi yeni idarəetmə modeli və fəlsəfəsinə keçidlə bağlı Prezidentin
söylədikləridir.
Bu yerli
özünü idarəetmənin gücləndirilməsi, icra hakimiyyəti institutunun ləğv edilib, əvəzində
daha effektiv institutların yaradılması, ciddi kadr dəyişikliklərinin olması
ola bilər. Bütünlükdə oyun qaydaları və idarəetmə sistemi fəlsəfəsinin dəyişdirilməsi
vacibdir. Fikrimcə, artıq Azərbaycan həmin mərhələyə yaxınlaşıb. Qarşıda bizi maraqlı qərarlar gözləyir. Hətta
Konstitusiya islahatlarının reallaşması ehtimalı da var”.
Sfera.az