Bu halda tıxacda qalan və vaxt itirən avtobuslara rast gəlməyəcəyik​ - EKSPERT

Bu halda tıxacda qalan və vaxt itirən avtobuslara rast gəlməyəcəyik​ - EKSPERT
 Avtobusların tıxaclarda qalması və müəyyən olunmuş intervalların pozulması ilə sərnişin sıxlıqlarının meydana gəlməsi ictimai nəqliyyatın əsas problemlərindən biridir. Özəlliklə də, karantin dövründə avtomobillərin yoxlanılması üçün yaradılan postlar müəyyən sıxlıqların yaranmasına səbəb olur ki, bu zaman sıxlıqlardan ən çox əziyyət çəkən ictimai nəqliyyat sektoru olur. Avtobus intervallarının pozulması və sərnişin narazılıqları xüsusi avtobus zolaqlarının tətbiqi məsələsini bir daha aktual edir.

Məsələ ilə bağlı sonxeber.az saytına açıqlama verən nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirdi ki, ictimai nəqliyyatda xidmət keyfiyyətinin əsas şərtlərindən biri sərnişinlərin vaxt itirmədən təyinat ünvanına çatdırılmasıdır: "Əgər avtobusda biz kütləvi şəkildə gecikmələr, vaxt itkiləri və vaxt ilə bağlı digər xoşagəlməz hallar ilə rastlaşırıqsa, bunun səbəbi müyyən olunmuş intervalda sərnişinlərin ünvana çatdırılmamasıdır. Müxtəlif küçə və prospektlərdə xüsusi avtobus zolaqlarının çəkilməsi sözügedən vaxt itkisinin qarşısını ala bilər".
Ekspertin fikrincə, ictimai nəqliyyat üçün nəzərdə tutulan zolaqlar bir-birinə bağlı olmalıdır: "Bu halda avtobusların maneəsiz hərəkəti mümkündür. Xüsusi zolaqların yaradılması yalnız koronavirus dövründə deyil, bütün dövrlərdə önəm kəsb edən məsələdir. İctimai nəqliyyatın rahat və sürətli olması üçün xüsusi zolaqların tətbiqi olduqca vacibdir. Çünki xüsusi zolaqlarda yalnız avtobuslar üçün hərəkətə rəvac verilir ki, bu halda sərnişinlər vaxt itirmədən bir dayanacaqdan digər dayanacağa getmiş olurlar. Bu, həm sərnişinlərin, həm də daşıyıcı şirkətlərin maraqlarına cavab verir. Hazırda Bakının bəzi küçələrində xüsusi zolaqlar olsa da, bu zolaqların bir-biri ilə əlaqələndirilmiş arteriyaları hələ ki yoxdur. Əgər bu şəbəkə qurularsa, gələcəkdə tıxacda qalan və vaxt itirən avtobuslara rast gəlməyəcəyik və sərnişinlər vaxt itirmədən təyinat ünvanına çatacaqlar".

"Avtobusun vaxt itirmədən ünvana çatdığını görən sərnişin təbii ki, ictimai nəqliyyatın imkanlarından maksimum yararlanmağa çalışacaq. Sıxlıq və tıxac problemindən irəli gələn vaxt intervallarının pozulması halları olmazsa, biz avtobusdan daha çox insanın istifadə etdiyinin şahidi olarıq. Bu da digər nəqliyyat vasitələrindən istifadə edən insanların sayının azladılmasına səbəb ola bilər", - deyə ekspert əlavə edib. ​

OXŞAR XƏBƏRLƏR