\"Bu gün regiondakı bir çox format Azərbaycana bağlıdır\" – Fərhad Məmmədov

\
İndi bir çox ölkə öz geosiyasi vektorunu müəyyənləşdirmək məsələsi ilə üzləşəcək. Qərb vektoru, xüsusilə əxlaq, siyasi etika və iqtisadi hərarətin hədsiz yüksəlməsi məsələləri baxımından müəyyən mənada əhəmiyyətini itirəcək. Çin getdikcə yeni geosiyasi vektor statusunu daha çox möhkəmləndirir.

Pekinin aktivində artıq Rusiya, İran kimi dövlətlər, eləcə də Mərkəzi Asiya, Hind-Çin yarımadası və Sakit okean regionu ölkələri var. Bu üzdən aktivlik pesppektivləri kifayət qədər yüksəkdir. Amma coğrafi yol ayrıcında yerləşən  Türkiyə və Azərbaycan üçün bu bir qədər mürəkkəb məsələdir.
 
Sfera.az-ın məlumatına görə, politoloq, "Valday” klubunun eksperti Fərhad Məmmədov "Zerkalo”ya Azərbaycanla Türkiyənin öz siyasətlərini necə quracaqları barədə danışıb.
 
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxışında Türkiyənin həm Şərq, həm də Qərblə əməkdaşlıq edəcəyini söyləmişdi.. Bundan sonra türkiyəli ekspertlər tərəfindən  ölkənin hansı vektoru seçəcəyi müzakirəyə çıxarıldı. Bu günlərdə isə Çinin xarici işlər naziri Van İ Ankaraya rəsmi  səfər etdi, necə  düşünürsünüz, Türkiyə  hansı vektoru seçəcək?

- "Soyuq müharibə” bitdikdən sonra, Türkiyə kimi ölkələr üçün ikisindən birini seçmək  problemi yoxdur.  Türkiyə AB, NATO və Qərb dövlətləri ilə iş birliyindən imtina etməyəcək, paralel olaraq, Rusiya, Çin, İran və digər ölkələrlə də əməkdaşlıq edəcək. Eyni sözləri Azərbaycan haqqında da demək olar.
 
Burada söhbət hansısa vektorun seçimindən getmir.  Müasir geosiyasət hərbi-siyasi blokların ətalətliliyi  ilə deyil, situativ və ya konyuktur ittifaqlarla fərqlənir. Heç bir ittifaq digərini əvəz etmir. İndi hər bir ölkə, hər bir dövlət, həmçinin də Türkiyə ilə Azərbaycan mövcud şərtlər daxilində praqmatik siyasət yürüdür.
 
Türkiyə AB-nin gömrük məkanının üzvüdür, Türkiyənin bir nömrəli ticarət tərəfdaşı da məhz AB-dir. Təsadüfi deyil ki, Türkiyə ilə AB arasında baş verən siyasi qarşıdurmalar zamanı ölkələr arasındakı ticarət dövriyyəsi zərər görmür. Bununla yanaşı, Türkiyə özü üçün yeni bazarlar açır, meydana çıxan ziddiyyətlər isə  işgüzar qaydada həll olunur.
 
- Bəs Azərbaycan nə etməlidir? Bəzi ekspertlərin fikrincə, Azərbaycan üçün müasir reallıqda seçim etmək asan olmayacaq...
 
- Azərbaycana gəlincə, o  heç bir hərbi-siyasi blokun üzvü deyil. Amma əvvəllər Azərbaycanın xarici siyasətinin prioriteti Qarabağ münaqişəsinin həlli idisə, qələbə ilə başa çatan 44 günlük müharibədən sonra Bakının qarşısında yeni imkanlar açıldı.
 
Azərbaycan prezidentinin ardıcıl addımlarını müşahidə edərək düşünürəm ki, o, ittifaqlar yaradacaq və uğurlu əməkdaşlıqları inkişaf etdirəcək.  Axı bu gün regiondakı bir çox format Azərbaycana bağlıdır. Azərbaycan ya bu formatların başlanğıcı, ya da tərkib hissəsidir.
 
Buna görə də Azərbaycanın "ikisindən biri” formatında seçim edəcəyini düşünmürəm. Azərbaycan hər kəslə əməkdaşlıq edəcək. Təsadüfi deyil ki, bütün əsas strateji layihələrimiz "Şərq-Qərb” vektorunda yerləşir.
 
- Axı Avropa Azərbaycana qarşı çox qərəzlidir...
 
- Avropa nə qədər qərəzli, dağılmaq üzrə olsa da, 20 ildən artıq işlədiyimiz bazarlar arasında ən anlaşılan normativ hüquqi aktlar və sənədlərlə tənzimlənən yüksək ödəmə qabiliyyəti olan bazardır. Şərq istiqamətinə gəlincə, bu artıq Azərbaycanın qeyri-neft ixracatının şaxələndirilməsini necə dəyərləndirəcəyindən asılı olacaq.
 
Bu, Azərbaycan iqtisadi inkişafının prioritet məsələlərindən biridir. Yanımızda on milyonlarla insanın çalışdığı perspektivli bazarlar var, amma nəqliyyat əlaqələrinin olmaması səbəbindən hələ də onlarla əməkdaşlıq qurmamışıq. Misalçün, bizə dost ölkə Pakistanın 200 milyon əhalisi var, amma ölkələrimiz arasında ticarət dövriyyəsi 10 milyon dolları keçmir. Eyni məsələ İran, İraq və digər ölkələrə də aiddir.
 
2012-ci ilə qədər İraq qeyri-neft ixracatımızda ikinci bazar idi, yəni Azərbaycanın yanında normal iqtisadi əlaqələr qura bilmədiyimiz bir çox dövlət və böyük bazar var. Düşünürəm ki, bu ölkəmiz üçün prioritet istiqamət olacaq. Bəli, söhbət  Cənubdan və Şərqdən gedir, amma bu reallıqdır. Şimal və Qərblə uğurlu iqtisadi əlaqələrimiz var və onlar artıq ən yüksək səviyyəyə çatmaq üzrədir. Bu istiqamətdəki həddindən artıq uğurlu  münasibətlər isə Azərbaycan bazarını bu ölkələrdən asılı vəziyyətə salır. Rusiyanın pomidprlarımızdan imtina etməyini xatırlayaq.Təbii ki, başqa misallar da var. Buna görə də Azərbaycan bu istiqaməti formalaşdırıb şaxələndirməlidir.
 
Xarici siyasətdən danışarkən həmişə təhlükəsizlik və iqtisadiyyat elementlərini nəzərdə tuturuq. Təhlükəsizlik elementlərini müxtəlif istiqamətlər vasitəsilə formalaşdırırıq. İndi bunlar Pakistan və Türkiyə, üstəgəl  KTMT ölkələri ilə normal münasibətlər və NATO ilə tərəfdaşlıqdır. Amma Bakı KTMT və ya NATO-ya üzv olmaq fikrində deyil. Və mövcud reallıqlarda bu düzgün yanaşmadır.
 
Tərcümə: Selcan
Sfera.az
 
 
 
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR