Bu gün ölkəmizdə Milli Televiziya Günü kimi qeyd edilir
10:29 / 14.02.2019
3156
Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb.
Sfera.az bildirir ki, Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi.
1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını «Göstərir Bakı!» kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.
Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu.
1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı.
1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artmışdı. 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı.
2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi.
Bu gün münasibəti ilə bütün televiziya işçilərini təbrik edirik!