Bu gün KTMT ölkələrinin liderləri Qazaxıstandakı vəziyyəti müzakirə edəcəklər

Bu gün KTMT ölkələrinin liderləri Qazaxıstandakı vəziyyəti müzakirə edəcəklər
Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri Qazaxıstandakı mövcud vəziyyəti müzakirə etmək məqsədilə videokonfrans vasitəsilə fövqəladə toplantı keçirəcək.

Sfera.az xəbər verir ki, fövqəladə toplantının keçirilməsi təşəbbüsü ilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çıxış edib. Bu təklifi Rusiya lideri Vladimir Putin də dəstəkləyib və yanvarın 9-da KTMT-ya sədrlik edən Ermənistan toplantının tarixini açıqlayıb.

"Bazar ertəsi (10 yanvar – Red) KTMT ölkələrinin başçılarının videokonfrans vasitəsilə fövqəladə toplantısının keçirilməsi planlaşdırılır”, - Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat xidməti TASS-a bildirib. Daha sonra bu məlumatı Kreml də təsdiqləyib. Qeyd olunub ki, iclasda Qazaxıstanda vəziyyətin normallaşdırılması üzrə tədbirlər müzakirə olunacaq.

Yanvarın 6-sı və 7-də Rusiya Prezidenti Vladimir Putin KTMT-dakı həmkarları - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus rəhbəri Aleksandr Lukaşenko, Tacikistan Prezidenti Emoməli Rəhmon və Ermənistanın baş naziri Nikol Paşinyanla məsləhətləşmələr aparıb.

KTMT sülhməramlıları üçün ilk əməliyyat

Yanvarın 5-də Qazaxıstanın bir sıra yaşayış məntəqələrində başlayan etirazlar basqınlarla müşayiət olunan iğtişaşlara çevriləndə, hökumət binaları yandırılanda Tokayev KTMT ölkələrinin başçılarına Qazaxıstanın milli təhlükəsizliyinə və suverenliyinə yaranan təhlükəni nəzərə alaraq respublikaya yardım göstərilməsi xahişi ilə müraciət edib.

Həmin gün KTMT-yə üzv dövlətlərin rəhbərləri arasında məsləhətləşmələr aparılıb və yanvarın 6-da Ermənistanın baş naziri təşkilatın Kollektiv Sülhməramlı Qüvvələrini Qazaxıstana göndərmək qərarını elan edib (Kollektiv Təhlükəsizlik Müqaviləsi 4-cü maddəsinə uyğun olaraq). Təşkilatın sülhməramlıları üçün bu əməliyyat ilk idi - bundan əvvəl onlar yalnız təlimlərdə iştirak edirdilər. Yanvarın 9-da onların Qazaxıstana yerləşdirilməsi yekunlaşıb.

Sülhməramlılar Almatı və şəhərə bitişik ərazilərdə mühüm hərbi, dövlət və sosial əhəmiyyətli obyektlərin mühafizəsini həyata keçirirlər. Kollektiv Sülhməramlı Qüvvələrin komandanı, general-polkovnik Andrey Serdyukovun sözlərinə görə, ölkədə vəziyyət tam sabitləşənə qədər hərbçilər bu vəzifələri yerinə yetirməyə davam edəcəklər. Rusiya Müdafiə Nazirliyi daha əvvəl bəyan etmişdi ki, KTMT sülhməramlıları Qazaxıstanın hüquq-mühafizə orqanlarının, ordu hissələrinin əməliyyat və döyüş fəaliyyətinə cəlb edilməyəcək.

Qazdan yaranan alov

Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar. Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib. Bununla belə dinc etirazlar digər şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Prezident hakimiyyətin süquta uğramayacağını vurğulayıb.

Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və s. ehtiva edir. Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan əlavə, Mangistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur.

Qazaxıstan Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb. Yanvarın 5-də Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb. Həmin gün Prezident Kasım-Jomart Tokayev ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib.

Qazaxıstanda son vəziyyət

Artıq yanvarın 7-dən respublikanın hakimiyyət orqanları ölkənin bütün bölgələrində bütövlükdə konstitusiya quruluşunun bərpa olunduğunu bəyan ediblər. Böyük şəhərlərin girişində hərbçilərin sənədləri yoxladığı keçid məntəqələri yaradılıb. İnternetdə fasilələr müşahidə olunur. Eyni zamanda, ölkə tədricən normal həyata qayıdır, dəmir yolu və hava əlaqəsi, o cümlədən beynəlxalq əlaqələr bərpa olunur.

Son məlumatlara görə, iğtişaşlar zamanı 6 minə yaxın adam saxlanılıb, 130-dan çox şəxs xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinir. Hələlik ölənlər barədə dəqiq məlumat yoxdur, lakin ölənlər arasında ən azı üç azyaşlının olduğu məlumdur. 2,2 mindən çox insan tibbi yardım üçü xəstəxanalara müraciət edib.

Qazaxıstanda yanvarın 10-u bu hadisələr zamanı həlak olanların xatirəsinə matəm günü elan edilib. BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı minə yaxın insan xəsarət alıb. Qazaxıstan Daxili İşlər Nazirliyinin yenilənmiş məlumatlarına görə, 16 təhlükəsizlik əməkdaşı həlak olub.
 
(Report)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...