Bu faktorlar Azərbaycanı Cənubi Qafqazda lider dövlətə çevirib

Bu faktorlar Azərbaycanı Cənubi Qafqazda lider dövlətə çevirib
Ali Baş Komandanımız İlham Əliyev 44 günlük müharibədə təkcə işğal altındakı torpaqlarımızı azad etmədi, bu müharibə ilə həm də Azərbaycan bütün dünyaya hərb dərsi verdi. Azərbaycan Ordusunun əldə etdiyi uğurlar isə təkcə hərbi dairələrin təəccüb və heyrətinə səbəb olmadı. Bu parlaq qələbədən sonra Azərbaycanın beynəlxalq arenadakı yeri və rolu da əhəmiyyətli şəkildə möhkəmləndi. İndi Azərbaycan dost ölkələr üçün eyni zamanda etibarlı, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkədir.
 
Məlumat üçün bildirək ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır. Azərbaycanın iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öz öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut edib.
 
Azərbaycan sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi-təhlükəsizlik sahələrdəki əməkdaşlıqda da özünü təsdiq edib. Ölkəmiz indiyə qədər üzərinə düşən bütün öhdəliklərini qətiyyətlə yerinə yetirib. Əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanıb, etibar qazanıb, bərabərhüquqlu tərəfdaş kimi qəbul edilib.
 
Müttəfiqlərlə səmimi münasibətlər Azərbaycanın beynəlxalq arenada tərəfdarlarının sayını artırıb və bu diplomatik uğurlar ölkəmizin beynəlxalq səviyyədə ardıcıl dəstəyini  təmin etməkdədir. 
 
Xarici siyasət kursunda ardıcıllıq və prinsipiallıq Azərbaycanı hesabat veriləcək qədər əhəmiyyətli gücə çevirib. İstər iqtisadi, istərsə də siyasi məsələlərdə ardıcıl və birmənalı mövqe nümayişi rəsmi Bakının açıq və prinsipial siyasətə sadiqləyinin nümayişidir.
 
Bu gün Azərbaycanın xarici siyasətində heç bir gizli məqam yoxdur. Ona görə ki, bu siyasət bizim milli maraqlarımıza əsaslanır və yalnız əməkdaşlığın möhkəmlənməsi üçün nəzərdə tutulur. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıqda qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxışlar edir, Beynəlxalq hüququn təməl prinsiplərinə hörmətlə yanaşır və həyata keçirir.
 
Ölkəmiz başda BMT olmaqla beynəlxalq təşkilatların əsas prinsiplərinə daim sadiqliyi ilə seçilib. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı ədalətli qərarlar verib və müdafiə etdiyi prinsiplərdən heç zaman geri çəkilməyib. Bariz nümunə kimi BMT-də və digər beynəlxalq təşkilatlarda səsvermə çərçivəsində Azərbaycan Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini və digər prinsipial mövqelər nümayiş etdirdiyini göstərmək olar. Elə bu prinsipiallığın nəticəsidir ki, Azərbaycanın haqq işində həm adıçəkilən ölkələr, həm də digər müttəfiqlərimiz olan ölkələr eyni davranışı ölkəmizə qarşı olan münasibətdə sərgilədilər. Azərbaycanın bu mövqeyi zamanın və tərəfdaşlarının sınağından çıxmış mövqedir.
 
Ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul edilməsi və onunla hesablaşacaq ölkələrin olması isə enerji, nəqliyyat sahəsində yeni zirvələr fəth etməyimizi təmin edib. Azərbaycanın 1990-cı illərdən etibarən beynəlxalq əhəmiyyət kəsb edən enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə iştirak etdiyi layihələrin hamısını uğurla başa çatdırılıb.
 
Reallıq bundan ibarətdir ki, hazırda Azərbaycan dünya, Avropa və qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilib. Bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda enerji ixrac edir və bundan böyük gəlir əldə edir. Nəqliyyat dəhlizlərinin yeni imkanlarını və bir çox başqa amilləri nəzərə almaqla, Xəzər dənizi, Qara dəniz regionunda nəqliyyat-logistika əməkdaşlığının çox perspektivli istiqamətlərini müəyyən etmək olar və Azərbaycan bu istiqamətdə də uğurlu layihələrin ya müəllifi, ya da əsas iştirakçısıdır.
 
Azərbaycanın bütün məsələlərə strateji baxışı, yanaşması mövcuddur. Dövlətimizin iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxışı var. Azərbaycan bu ümumi plan çərçivəsində bundan sonra da irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaqdır.
 
Bütün bu faktorlar isə Azərbaycanı Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevirib.
 
Xuraman OSMANOVA
 
 

OXŞAR XƏBƏRLƏR