Bu addımı atsalar, elektrik enerjisi bahalaşacaq - Sektorun liberallaşması nə vəd edir?

Bu addımı atsalar, elektrik enerjisi bahalaşacaq - Sektorun liberallaşması nə vəd edir?
"Liberallaşdırma gələcəkdə elektrik enerjisinin qiymətinin artırılmasını zəruri edə bilər. Əgər özəlləşdirmə olacaqsa, qiymətlər də bazara uyğunlaşdırılmalıdır. Özəlləşdirmə və ya idarəetməyə verilməsi üçün qiymətlər artırıla bilər”.

Bu fikirləri elektroenergetika sisteminin liberallaşdırılması ilə bağlı Sfera.az-ın suallarını cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi.

Azərbaycanda elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid nəzərdə tutulur. Bu sahədə yeni münasibətləri tənzimləyən qanunvericilik bazası yaradılacaq. Əsas xarici təcrübə kimi isə Türkiyə təcrübəsi öyrənilir.

Ekspert dedi ki, elektroenergetika sektorunun liberallaşdırılması dövlətin sahib olduğu istehsal müəssisələrinin özəlləşdirilməsi və ya idarəetməyə verilməsini nəzərdə tutmur. O liberallaşma zamanı paylayıcı şirkətlərin satılmasının, yaxud uzunmüddətli idarəetməyə verilməsi təmin ediləcəyini düşünür. N.Cəfərli bu baxımdan Türkiyə təcrübəsinin maraqlı olduğunu söyləyib:
 
"Əgər Türkiyə təcrübəsi öyrənilərsə və uğurlu tətbiq edilərsə, çox faydalı olacaq. Türkiyədə 10 ildir ki, bazarın liberallaşdırılması ilə bağlı yaxşı model tətbiq edilir. Burada kiçik istehsal mənbələrinin yaradılmasına kömək edilir. Türkiyə Azərbaycan kimi Günəşli günlərin sayı çoxdur. Dövlət vətəndaşlara faizsiz kredit verərək, evlərinin və ya kənd təsərrüfatı obyektlərinin, məsələn, istixanaların üzərini günəş panelləri ilə örtməsi üçün imkan yaradır. Həmin Günəş panellərinin hesabına onlar müstəqil şəkildə elektrik enerjisi istehsal etməyə başladılar. Hazırda 4 milyona yaxın ailə bu sistemdən istifadə edir. Bəzi aylarda nəinki özlərini elektrik enerjisi ilə təmin edirlər, hətta generasiya edərək istehsal edilən əlavə enerjini dövlətə və ya özəl şirkətlərə satılmasına şərait yaradılır.

Əgər Azərbaycanda da buna bənzər yanaşma olacaqsa, bu, çox gözəl nəticə verəcək. Ölkəmizdə bu cür layihələri Aran, Abşeron yarımadasında həyata keçirilməsi səmərəli ola bilər. Bu regionlarda ilin 260-280 günü Günəşli olur və panellər vasitəsilə həmin günlərdə günəş enerjisinin istehsalını asanlaşdırır. İnsanlarımız dövlətin verdiyi faizsiz kredit hesabına öz infrastrukturunu quracaqsa, elektrik enerjisindən istifadəyə görə ödənişlər hesabına kreditləri qaytara bilərlər. İndi Günəş panelləri də ucuzlaşıb və onun dəyərini ödəmək çətin olmayacaq”.

N.Cəfərli hesab edir ki, Azərbaycanın işğaldan azad edilən bölgələrinin, xüsusən Araz çayı boyu ərazilərdə alternativ enerji mənbələri ilə təmin edilməsində bu variantdan istifadə edilə bilər.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR