“Böyük qələbə, iqtisadi dirçəliş, pandemiya ilə effektiv mübarizə və...” - Böyük uğurları üç ilə sığdırmağı bacaran LİDER

“Böyük qələbə, iqtisadi dirçəliş, pandemiya ilə effektiv mübarizə və...” - Böyük uğurları üç ilə sığdırmağı bacaran LİDER
"3 illik prezidentlik dövründən danışarkən, ilk ağlagələn Vətən Müharibəsindəki şanlı qələbəmiz olur. Heç şübhəsiz ki, bu qələbənin özülündə dayanan ən vacib amil İlham Əliyev şəxsiyyətidir”.

Bunu Sfera.az-a açıqlamasında ölkə başçısının son üç illik prezidentlik fəaliyyətini dəyərləndirərkən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.
 
Millət vəkili qeyd edib ki, məhz İlham Əliyevin sayəsində ölkədə xalq-dövlət-ordu birliyinə nail olundu və bu milli birlik də qələbəmizin rəhnini təşkil etdi: "Bu qələbə ilə cənab Əliyev Cənubi Qafqazda sülh və stabilliyin, ümumilikdə isə bölgədə yeni əməkdaşlıq platformalarının, türk dünyasını, o cümlədən Şərqlə Qərbi birləşdirən kommunikasiya xətlərinin memarına çevrildi.
 
Son 3 il həmçinin, struktur islahatları və korrupsiya ilə mübarizədə həlledici bir dönəmin başlanğıcı oldu. Dövlət aparatına illərdir, kök salmış və ayrı-ayrı yerli və mərkəzi icra hakimiyyəti orqanlarını korrupsiya yuvasına çevirmiş şəxslərə qarşı radikal tədbirlər görüldü və belə şəxslərin bir çoxu məsuliyyətə cəlb edildi. Həmçinin dövlət təşkilatlarının faydalı iş əmsalını artırmaq üçün struktur və menecment islahatlarına start verildi və proses bu gün də davam edir.

Bundan başqa, son 3 il ərzində vətəndaş cəmiyyətinin qurulması, siyasi partiyalar və vətəndaş cəmiyyəti institutları ilə işin və əməkdaşlığın səmərəli təşkili istiqamətində real addımlar yeni siyasi mühitin formalaşmasına səbəb oldu”.

Deputat qeyd edib ki, son 3 il üzrə təhlil aparırıqsa, COVİD-19-la mübarizə məsələsi də diqqətdən kənar qalmamalıdır: "Əminliklə demək olar ki, İlham Əliyevin pandemiya şəraitində fəaliyyəti də ən az Vətən Müharibəsindəki qətiyyəti qədər tarixə qızıl hərflərlə yazılacaq. Dövlət başçısı COVİD-19-la mübarizədə beynəlxalq səyləri məhz Azərbaycanın liderliyi ilə Türk Şurasında, daha sonra Qoşulmama Hərəkatı və BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində birləşdirə bildi. Pandemiyanın ilk dalğası ərzində Azərbaycan beynəlxalq sosial öhdəlik nümunəsi yaradaraq 30-dan çox dövlət, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı üçün donora çevrildi. Cənab İlham Əliyev bu istiqamətdə ədalətli liderlik missiyasını davam edərək BMT-nin İnsan Hüquqları Şurasında "Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsinin qəbuluna nail olmaqla sözün əsl mənasında tarix yazdı”.

Millət vəkili Elman Nəsirov isə saytımıza açıqlamasında deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında son 3 ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə  daxil olub:

"Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakteizə olunur. Dövlət başçısı tərəfindən "tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-itisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr  istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir.  Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir.

2018-ci il 11 aprel prezident seçkilərindən sonra ölkə başçısının bəyan etdiyi və tətbiqinə başladığı genişmiqyaslı və hərtərəfli islahatlar kursu sayəsində  Azərbaycanın siması büsbütün dəyişir. Müasir, sivil, demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi  dünya meridianlarında daha ucadan eşidilir. Heç bir fors-major vəziyyət arxasında xalqının dayandığı Prezident İlham Əliyevin hadisə və proselərə prinsipial və qətiyyətli yanaşma tərzinə, preventiv, proflaktik, adrıcıl və sistemli qərar qəbuletmə məharətinə və sarsılmaz iradəsinə təsir edə bilməz. Bu həqiqət bütün dünya dövlətlərini öz əsarətinə almış COVİD-19 pandemiyası ilə qlobal mübarizə şəraitində  tam çılpağlığı ilə özünü biruzə verdi. Prezidentin pandemiyaya qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunması; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər sırasındır”.

Müsahibimiz həmçinin vurğulayıb ki, Azərbaycan ordusu Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi vəzifəni yerinə yetirib:  "Ordumuzun əldə etdiyi tarixi zəfər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir”.

Qeyd edək ki, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR