Bölgədə yeni GƏRGİNLİK: İran-İsrail qarşıdurması Azərbaycan üçün necə nəticələnəcək?

Bölgədə yeni GƏRGİNLİK: İran-İsrail qarşıdurması Azərbaycan üçün necə nəticələnəcək?
"İran-İsrail qarşıdurmasının inkişafı beynəlxalq aləmə və bölgəyə yeni gərginlik vəd edir”.
 
Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. O bildirib ki, Tehran bir tərəfdən yenidən böyük dövlətlərlə "nüvə sazişi” imzalamaq istəyir, digər tərəfdən İsraillə növbəti qarşıdurmaya hazırlaşır:

"Bu gedişat Vaşinqtonun Tehranla "nüvə sazişi” imzalamasını ləngidə bilər. Ağ Evin hazırkı sahibi Co Bayden Donald Trampdan fərqli olaraq, nüvə anlaşmasına hazır görünürdü. Ancaq İranın İsrailə məxsus gəmiləri hədəf alarkən Bayden üçün Tehranla razılaşmaya hazır olması çətindir. Bayden daxili müxalifətin təzyiqi ilə üzləşəcək.  

Yeni prezident İbrahim Rəisi seçim qarşısındadır. O ya "nüvə sazişinə” üstünlük verərək ölkəsinə qarşı iqtisadi sanksiyaların yumşaldılmasına çalışmalı, ya da İslam Keşikçiləri Korpusunun İsrailə qarşı "intiqam” əməliyyatlarına dəstək verərək nüvə anlaşmasını riskə atmalıdır”.

Politoloqun sözlərinə görə, İran-İsrail qarşıdurması Azərbaycanın maraqlarına cavab vermir:

"Bakı İranla və İsraillə tərəfdaşlığını davam etdirmək, hər iki ölkə ilə müxtəlif layihələr reallaşdırmaq istəyir. Rəsmi Bakı İsraildə ticarət və turizm nümayəndəliyi açıb və bu nümayəndəliyin yaxın müddətdə Azərbaycanın bu ölkədə səfirliyinə çevriləcəyi istisna deyil. Azərbaycan-İsrail münasibətlərinin üçüncü dövlətlərə qarşı yönəlmədiyi dəfələrlə vurğulansa da, bu əməkdaşlıq İranda fərqli reaksiyalar doğurur. Halbuki, bunun üçün əsas yoxdur”.
Xatırladaq ki,  İsrail İranı iyulun 30-da onun ticarət gəmisinə hücumda ittiham etsə də, Tehran bunu rədd edib. 

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR