Böhrandan necə çıxmalı? – Daxili turizmin vəd etdiyi perspektiv...
Xarici turizm gəlirlərinin minimuma endiyi indiki dövrdə turizm sektorunun imdadına daxili turizm çata bilər. 2020-ci ilin birinci rübünün məlumatları göstərir ki, xarici turistlərin sayında ciddi azalma var. Rüb ərzində Azərbaycana dünyanın 151 ölkəsindən 519,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan ilə cari il fevralın 29-dan İran, martın 14-dən Gürcüstan, martın 15-dən Türkiyə, martın 18-dən Rusiya Federasiyası arasında dövlət sərhədində məhdudlaşdırıcı rejim, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlər tətbiq olunduğuna görə cari ilin mart ayında ölkəmizə gələnlərin sayında müşahidə olunmuş kəskin azalma ilə bağlı olub. Nəticədə mart ayında ölkəmizə gələnlərin sayı əvvəlki ayla müqayisədə 53,4 faiz, ötən ilin mart ayı ilə müqayisədə isə 62,2 faiz azalıb.
Sfera.az xatırladır ki, xarici turistlərin sayında azalma aprel və may aylarında bir qədər də dərinləşəcəyi yəqindir. Tətbiq edilən sərt qaydalar xarici turistlərin ölkəmizə səfərlərini sıfıra endirib. Ehtimal edilir ki, bir ölkənin vətəndaşının başqa ölkəyə səfərinə ən tezi iyuldan imkan veriləcək. Amma iyuldan qadağalar aradan qaldırılsa da koronavirus pandemiyasının yaratdığı qorxu insanları hələ uzun müddət xarici ölkələrə səfər etməkdən çəkindirəcək. Yalnız koronavirusa qarşı peyvənd tapıldıqdan sonra insanlar qorxusuz digər ölkələrə də üz tutuacaq.
Buna görə də yay mövsümündə Azərbaycana da gələcək xarici turistlərin sayında azalma olacaq, eyni zamanda xaricə səfər edəcək vətəndaşlarımızın sayı azalacaq. Belə bir vəziyyətdə ölkəmizin turizm sektorunun yeganə ümid yeri daxili turizmin inkişafı olacaq.
Azərbaycanda koronavirusa yoluxanların sayının azalması onu göstərir ki, ölkəmiz karantin dövründən digər ölkələrə nisbətən daha tez çıxacaq. Amma qonşu ölkələrdə, vəziyyət hələ bir neçə ay ağır olacaq. Qonşu ölkələr Azərbaycan vətəndaşlarının daha çox səfər etdiyi ölkələrdir. 2019-cu ildə xarici ölkələrə gedən vətəndaşlarımızın sayı 5,5 milyondan çox olub. Statistikaya baxanda görürük ki, onların böyük hissəsi məhz qonşu ölkələrə gedib. O cümlədən, xaricə gedənlərin 36-37 faizi İrana, 29 faizi Gürcüstana, 17-18 faizi Rusiyaya, 11-12 faizi Türkiyə gedib. Əgər Azərbaycanda karantin dövrü tez bitərsə, xarici turizmə meyl edən insanlar daxili turizmə yönələcək.
Güman ki, may ayının ikinci yarısından başlayaraq ölkəmizdə daxili turist səfərlərinə imkan yaradılacaq. Artıq Bakı, Gəncə, Sumqayıt, Abşeron rayonları istisna olmaqla, digər rayon və şəhərlərdə hərəkət sərbəstliyi verilib.
Mayın sonunda daxili səfərlərə qoyulan məhdudiyyətlər tam götürüldüyü təqdirdə insanlar daxili turist səfərlərini artıracaq. Azərbaycanda daxili turizmin bazarı əsasən yaz və yay aylarında böyüyür. Karantinin yazda başa çatmasının üstünlüyü ondan ibarət olacaq ki, daxili turizmin dövriyyəsi bir qədər də böyüyəcək.
Qeyd edək ki, 2019-cu ilin məlumatına əsasən, 4,353 milyon nəfər ölkə daxilində turizm səfərləri edib. Ötən il 2018-ci illə müqayisədə daxili turizm səfərlərinin sayı 7,5 faiz artıb. Bir il əvvə 4,051 milyon insan ölkə daxilində turizm səfərinə çıxmışdı.
Bu qədər insan il ərzində 23,246 milyon dəfə səfər edib. 2018-ci ildə səfər sayı 22,535 milyon idi. İnsanlar ölkə daxilində əsasən 2 məqsədlə səfər edir. Birinci əsas səbəb qohumlara, dostlara baş çəkməkdir. Bu məqsədlə səfərlərin sayı 8,065 milyon olub. İkinci əsas səbəb istirahət və əyləncə məqsədilə həyata keçirilən səfərlərdir. Bu məqsədlə 7,5 milyon dəfə səfər olub.
Bunlardan başqa işgüzar məqsədlə (2,2 milyon səfər), müalicə məqsədilə (2,167 milyon səfər), mağazalara baş çəkmək məqsədilə (1,93 milyon səfər) səfərlər də baş verir. Daxili turizmdə səfərlər üzrə ən böyük artım dini ziyarətlər üçün edilən səfərlərdə qeydə alınıb. Bu məqsədlə səfərlərin sayı bir ildə 30 faiz artaraq 789 minə çatıb.
İnsanlar daxili səfərlərdə daha çox avtobuslardan istifadə edir. Şəxsi nəqliyyat vasitələrindən isə istifadə etməklə 4,63 milyon dəfə səfər həyata keçirilib.
Səfər sayları ilə müqayisədə daxili turizm xərclərində daha çox artım var. 2018-ci ildə daxili turizmə 3,05 milyard manat xərcləndiyi halda, 2019-cu ildə xərclər 3,5 milyard manata yüksəlib. Bir ildə daxili turizmə xərclənən pulun 14,2 faiz artması müşahidə edilib.
Daxili turizmdə xərclənən pulun daha çox hissəsi malların və hədiyyələrin alınmasına (828 milyon manat), qidalanmaya (704 milyon manat), nəqliyyat xidmətlərinə (652 milyon manat), yerləşməyə (473 milyon manat) sərf edilib. Şəxsi avtomobillə səfər edənlər yalnız yanacağa 91,3 milyon manat pul xərcləyib.
Vasif
Sfera.az