"Biz şəxsiyyətini pula satanlar haqqında söz deməkdən yorulduq" — Deputat

Sfera.az Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, İntizam komissiyasının sədr müavini, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının pravda.az-a müsahibəsini təqdim edir:


- Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COVİD-19 pandemiyasına qarşı tədbirlər həyata keçirilir. Dövlət aparatında çalışan, iqtidara, eyni zamanda dövlətçiliyə, xalqa qarşı çıxan bir sıra insanlar var. Onlar ölkədə pandemiya dövrü aparılan sosial dəstək siyasətinə qarşı qanunazidd hərəkətlər ediblər. Çoxsaylı şikayətlər, korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakını talama nəticəsində həbs olunmuş Ağstafa, Yevlax, Neftçala rayon İcra Hakimiyyətlərinin başçılarının aqibətindən nəticə çıxarmayan növbəti şəxs Biləsuvar rayon İcra Hakimiyyətinin başçısıdır. Artıq, icra başçısı məsliyyətə cəlb edilib. Bu cür hallara münasibətiniz necədir?


- Dünyada böyük bəlaya çevrilən koronavirus pandemiyası haqqında ilk informasiya gündəliyə daxil olan kimi cənab Prezident İlham Əliyev iradəsini ortaya qoydu, müfaviq addımlar atdı. Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən qabaqlayıcı tədbirlər koronavirusun geniş yayılmasına imkan vermədi. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da problemlər yarandı. İstər dövlət qulluğunda, istər sahibkarlıq sahəsində, istərsə də günəmuzd çalışanlar evdə qalmaqla əməkhaqqlarını aldılar. Eyni zamanda, işsiz kimi qeydiyyatda olan 600 min vətəndaşımıza 190 manat dəyərində ödəmələr verildi. Atılan bu addımlar Prezidentin özünün dediyi kimi, xalqın sağlamlığına, təhlükəsizliyinə və rifahına yönəlib. Təəssüflər olsun ki, yaranmış situasiyadan istifadə edən Bakının Binəqədi bələdiyyəsi, Biləsuvar rayonunun icra başçısı və müavinləri, ayrı-ayrı rayonların kənd-qəsəbə icra nümayəndələri ciddi qanunsuzluqlara yol verməklə qazanc əldə etdilər. Digər tərəfdən Heydər Əliyev Fondunun və digər qurumların ehtiyacı olan aztəminatlı ailələrə göndərdikləri yardımı mənimsədilər. Artıq şərəf və ləyaqətini itirən bu tip məmurlara qarşı sərt tədbirlər həyata keçirilməkdədir. Bu gün hər bir məmur tutduğu vəzifədən asılı olmayaraq dövlətimizə və xalqımıza şərəflə xidmət etməyi bacarmalıdır. Biz şəxsiyyətini pula satanlar haqqında söz deməkdən yorulduq. Ancaq tamahını cilovlaya bilməyənlər qanunsuz əməllərdən usanmadılar.


- Artıq bir neçə icra başçısı, o cümlədən digər vəzifəli şəxslər həbs olunub. Bəs niyə dərs çıxarmırlar?


- Hələ də "Bir-iki nəfər tutuldu, mənə bir şey ola bilməz” prinsipi ilə yaşayanlar var. Bu tip məmurlar xalqa deyil, öz maraqlarına xidmət edir və varlanmağa çalışırlar. Təəssüf ki, onlar dövlətin atmış olduğu kəskin addımlardan nəticə çıxarmırlar. Bir daha xatırlatmaq istərdim ki, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə ölkəmizdə ardıcıl və sistemli xarakter daşıyır. Şübhə yoxdur ki, qanunsuz əməllərindən nəticə çıxarmayanlar rahat kreslolarını həbsxana ilə əvəz etməli olacaqlar.


- İcra hakimiyyəti insitutunun ləğv edilməsi təklif edilir. Sizcə, bu, çıxış yoludurmu?


- İstisna etmirəm ki, yaxın gələcəkdə struktur dəyişikliyi aparıla bilər. Lakin struktur dəyişikliyinin aparılması ilə bərabər, bu sahədə çalışan insanların düşüncələrində də ciddi dəyişikliklər olmalıdır. Etiraf edim ki, Prezident İlham Əliyevin 2018-ci ildən sonra həyata keçirdiyi kadr islahatlarında ciddi və müsbət cəhətlər özünü göstərməkdədir. Yüksək vəzifələrə təyin olunan məmurlar barəsində cəmiyyətdə neqativ fikirlər yoxdur... Düşünürəm, həmin insanların bu imicə malik olmasında dövlət başçısının qoyduğu tələblərlə yanaşı, həm də özlərinin şəxsi keyfiyyətləri mühüm rol oynayır. Yüksək vəzifələrdə olan məmurlar Prezidentin qeyd etdiyi kimi, xalqa və dövlətə xidmətçi olmalıdırlar. Bu gün hər bir məmur korrupsiya və rüşvətxorluqdan kənar olmalı, xalqa təmənnasız xidmət göstərməlidir. Bunun başqa variantı yoxdur...


- Prezident İlham Əliyev Milli Məclisin razılığı ilə Kamran Əliyevi Azərbaycan Respublikasının Baş prokuroru təyin etdi. Bu sahədə də islahatların anonsu verilib. Baş verənləri necə qiymətləndirirsiniz?


- Bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də ciddi və sistemli xarakter daşıyan islahatlar həyata keçirilir. Bu, Prezident İlham Əliyevin imzaladığı sənədlərdə, Milli Məclisin qəbul etdiyi qanunlarda əksini tapmaqda, Dövlət Təhlükəsizliyi Xidmətində və Daxili İşlər Nazirliyində yüksək vəzifələrə təyinatlarda özünün əhəmiyyətli nəticələrini ciddi şəkildə göstərməkdədir. Ən çətin durumda belə, bu qurumların əməkdaşları yüksək peşəkarlıqları, dövlətə sədaqətləri ilə fərqlənirlər. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Baş prokuroru dəyişdi. Baş Prokuror vəzifəsinə cəmiyyətdə kifayət qədər müsbət imici olan, adı korrupsiya və rüşvətxorluqda hallanmayan, əksinə korrupsiyaya qarşı mübarizədə yüksək iradə, peşəkarlıq nümayiş etdirən Kamran Əliyev təyin olundu. Əminəm ki, onun təyinatı ilə prokurorluq orqanlarında da ciddi irəliləyişlər və yeniliklər olacaq. Cənab Prezident mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən çox ciddi məqamlara toxundu. Prezident prokurorluq orqanlarının qarşısında rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin ardıcıl və sistemli xarakter daşımasını şərt kimi irəli sürdü və hüquq mühafizə orqanlarında həyata keçirilməsi zəruri olan vəzifələrin anonsunu verdi.


Dünən üzvü olduğum Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi Apellyasiya və Ali məhkəmələrə yeni hakimlərin təyin edilməsi haqqında layihəni müzakirəyə çıxardı və layihə parlamentin plenar iclasına tövsiyə olundu. Bu da məhkəmə-hüquq sistemində aparılan islahatların çox vacib bir elementidir. Məncə, kadr dəyişikliklərinin Apellyasiya və Ali məhkəmələrin rəhbərliyi səviyyəsində də həyata keçirilməsi istisna edilmir. Şübhəsiz ki, bu da ölkədəki hüquq mühafizə sistemində yeniliyə əlavə impuls verəcəkdir. Bütün bunlar Prezidentin ölkəmizi yeni inkişaf mərhələsinə qaldırmaqda israrlı olduğunu birmənalı şəkildə nümayiş etdirməkdədir.

OXŞAR XƏBƏRLƏR

“Bu layihə Azərbaycan üçün çox faydalı olacaq” - Deputat 

Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələri...

Aprelin 21-də 46 mindən çox şagird buraxılış imtahanı verəcək

Aprelin 21-də Bakı şəhərinin Xəzər, (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan MR, Sumqayıt (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy,...

Tatarıstanlı iş adamları sənaye zonalarına investisiya yatırmağa DƏVƏT OLUNDU

Rusiyanın Tatarıstan bölgəsinin iş adamları Azərbaycanın sənaye zonalarında yaradılmış biznes imkanlarından yararlanmağa dəvət edilib.   Sfera.az&nbs...

Paşinyandan Əskipara sakinlərinə: "Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, orada..."

“Biz istəyirik ki, Azərbaycanın Ermənistanla sərhəd kəndlərinə yaxınlığı sakinləri narahat etməsin”.   Sfera.az bildirir ki, bunu Ermənis...

Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qurumları ikitərəfli əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu (Portuqaliya) çərçivəsində Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qur...

Dünən ağır qəzaya düşən aparıcı Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir.   Sfera.az bildirir ki, bu barədə Tren...