Biz əslində kimik?

Biz əslində kimik?
Susmarıq. Həmişə danışarıq. Mövzularımız bitməz, mühakimələrimiz tükənməz. Bəs kimik biz? Gəlin tanış olaq. Mənfi rəylərin müəllifi, "linç məhkəməsi”nin "hakim”ləriyik. Bizə "haterlər”, yəni nifrət edənlər də deyilir.

Peşəmiz ta qədim zamanlara dayanır. O dövrdə adamları məhkəməsiz, qanunsuz olaraq vəhşicəsinə, amansız şəkildə cəzalandırar, sorğu-sualsız barələrində hökm çıxardardıq. İndisə "linç mədəniyyəti” biraz dəyişib. Daha doğrusu, silahlar dəyişib, amma niyyət eynidir. İnsanları monitor arxasında, klaviatura ilə döyər, sözlərlə yaralayar, yavaş-yavaş öldürərik.

Linç etmək bizə özümüzü çox əxlaqlı hiss etdirər. Sanki heç yalan danışmamış, səhvə yol verməmiş kimi yanlışını gördüyümüz birinə var gücümüzlə hücum edərik. Bəzən təsdiqlənmək, qəbullanmaq üçün, bəzən sadəcə "mən də varam” demək üçün yazar və bundan zövq alarıq. Nə qədər qəribə, dəhşətli səslənsə də, biz kimisə üzməkdən, lağa qoymaqdan şərəf duyarıq. Statusların altında şərh müsabiqəsi keçirər, daha çox bəyənmə, daha çox izlənmə üçün yarışarıq. 

Adətən mühakiməsini apardığımız insanların gizli heyranıyıq. Uğuru gözü götürməyən uğursuzlarıq. Bir sözlə, paxılıq. Kinlə bəslənən, sevgi yoxsullarıyıq. Çoxumuz saxta profillərin arxasına gizlənən qorxaqlarıq. Gücümüz nifrətimiz, həyatlarımız yazdıqlarımızdan ibarətdir. 

Biz sevməyi və sevilməyi öyrənməmişik. Heç vaxt dəyər görməmiş, tərif eşitməmişik. Hamıdan, hər şeydən öncə özümüzə nifrət etmişik.

Boş yerə bizi razı salmağa çalışma. Nə qədər yaxşı olsan da, heç vaxt bəyənməyəcəyik. Həmişə danışacaq, qınayacağıq. Sən ucalanda da, yıxılanda da qurbanımız olacaqsan. 

Əslində biz heç kimik! Sadəcə ciddiyə alınanda təhlükəliyik. Yoxsa yeganə problemimiz özümüzlədir.

Jurnalist, yazar və yaşam koçu  
 
Fidan Əliheydər 
 

OXŞAR XƏBƏRLƏR