“Birinci atəşi ABŞ-lı həmsədr Hoqland açdı...” – Diplomatın etirafları Minsk Qrupunu necə “dəfn etdi”?

“Birinci atəşi ABŞ-lı həmsədr Hoqland açdı...” – Diplomatın etirafları Minsk Qrupunu necə “dəfn etdi”?
"Rusiya və ABŞ diplomatları fəxrlə deyirdilər ki, iki ölkənin bir çox məsələlərdə dərin fikir ayrılıqları olsa da, Dağlıq Qarabağ münaqişəsinin həllinə ortaq baxışı var və Minsk Qrupunda az qala əl-ələ əməkdaşlıq edirlər. Müharibəyə qədər bu, bəlkə də belə idi. Ancaq indi Rusiya ilə Amerikanın Minsk Qrupundakı birgə fəaliyyəti də alt-üst oldu və gerçəklər üzə çıxdı”.

Sfera.az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki,  birinci atəşi ABŞ-ın Minsk Qrupundakı keçmiş həmsədri Riçard Hoqland açıb:

"O, məqalə yazaraq həmsədrlərin münaqişənin həllindən çox 5 ulduzlu otellərdə qaldıqlarını və bahalı restoranlarda nahar etdiyini bəyan etdi. Amerikalı diplomat rusiyalı həmkarının iç üzünü də bu cümlə ilə ortaya qoydu: "Rusiyalı həmsədr Popov "Lavrov planı”nın reallaşacağına inanmırdı”. Amerikalı diplomatın ard-arda gələn etirafları Kremlin və rusiyalı diplomatların, o cümlədən Lavrovun və Popovun xoşuna gəlməyəcəyi aydındır. Bundan sonra iki ölkə həmsədrlərinin birgə fəaliyyəti və bu fəaliyyət zamanı bir-birlərinə inanaraq qapalı görüşlərin detallarını müzakirə etməsi mümkün görünmür”.

Politoloqun sözlərinə görə, Riçard Hoqland etiraflarla zəngin məqalə qələmə almaqla Minsk Qrupunun gələcək fəaliyyətinə zərbə vurub:

"Buna görə biz Hoqlanda minnətdar olmalıyıq. O bizim "daha həmsədrlərə ehtiyac yoxdur” arqumentimizi gücləndirdi. Digər tərəfdən Rusiya ilə Amerikanın Dağlıq Qarabağ məsələsində birgə fəaliyyətinə də nöqtə qoyuldu. Onlar gələcəkdə bölgəyə səfər etsələr də, aralarındakı "səmimiyyətə” heç kim inanmayacaq”.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR