Bir gündə üç mitinq – Yerevan çalxalanır, meydanda alternativ hökumət elan oluna bilər

Bir gündə üç mitinq – Yerevan çalxalanır, meydanda alternativ hökumət elan oluna bilər
Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarını bu gün saat 18:30-da Respublika meydanında keçiriləcək mitinqə dəvət edib. O, müxalifətin iddialarının əksinə olaraq, ətrafında tərəfdarlarını toplamaqla xalqın onun yanında olduğunu sübut etmək istəyir.

Saat 16:00-da isə İrəvan küçələrinə Ermənistan müxalifəti çıxacaq. Onlar baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq və yürüş keçirəcək.

Sfera.az xəbər verir ki, politoloq Elxan Şahinoğlunun sözlərinə görə,  Ermənistanın baş naziri Nikol Paşinyan üçün bugünki mitinqin güc nümayişi ilə yanaşı rəmzi mənası da var:

"1 mart 2008-ci ildə, yəni 13 il əvvəl müxalifət Serj Sarkisyanın saxtakarlıq nəticəsində prezident seçilməsinə etiraz olaraq küçələrə axışdı. Kreslosunu yerlisi Sarkisyana ötürən Robert Köçəryan prezidentliyə digər namizəd Levon Ter-Petrosyan tərəfdarlarına atəş açmaq əmrini verdi. Nəticədə ən azı 10 nəfər qətlə yetirildi, xeyli yaralanan oldu.
 
Etirazçılar arasında o zaman Levon Ter-Petrosyan tərəfdarı olan gənc Nikol Paşinyan da var idi. Onu axtarışa verdilər, bir il sonra həbs olundu. Məhkəmə Nikol Paşinyanı 7 il həbs cəzası verdi, ancaq 2011-ci ildə Ermənistan müstəqillliyinin 20 illiyi ilə əlaqədar amnistiya elan edildi və Paşinyan azadlığa çıxdı. Paşinyan həmin tarixi unutmadı və 2018-ci ildə hakimiyyətə gələn kimi 2008-ci ildə qətliama əmr verənləri həbs etməyə başladı.
 
Şübhə etmirəm ki, Nikol Paşinyan bütün bunlar haqqında mitinqdə danışacaq və 2008-ci il qətliamının baiskarları qarşısında istefa verməyəcəyini bəyan edəcək”.

Politoloq həmçinin qeyd edib ki, Ermənistan müxalifəti əlacsız qalıb "Venesuella modelini” tətbiq etməyə də  çalışa bilər: "Yəni, Paşinyanın dirəndiyini və istefa verməyəcəyini anlayan müxalifət paralel stukturlar və meydanda müvəqqəti hökumət formalaşdıra bilər. Sonra da dövlət stukturlarına, o cümlədən baş qərargah rəisi Onik Qasparyana müraciət edəcək ki, Vazgen Manukyana itaət edin. Venesuellada ikihakimiyyətlilik ona gətirib çıxardı ki, ölkə bərbad günə düşdü, iqtisadiyyatı yerlərdə sürünür”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin sabiq müavini, general-leytenant Aykaz Baqmanyan da qiyamçıların tərəfinə keçdiyini bəyan edib. "Məğlub ölkənin lideri postunda qala bilməz, 10 noyabrda o, istefaya getməli idi. İndi o, "1 mart”ı təkrarlamaq istəyir, hansı ki, 2008-ci ildə baş vermişdi – güllələnmə, yanan maşınlar və sair”, deyə, qiyamçı general bildirib.

Xatırladaq ki, bu gün Yerevanda daha bir nümayişin olacağı gözlənilir. Belə ki, ilk nümayiş Ermənistanın sabiq prezidenti Levon-Ter Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin təşkilatçılığı ilə yerli vaxtla 15:00-da baş tutacaq. Mitinq iştirakçıları 2008-ci ilin 1 mart tarixində öldürülən şəxsləri yad edəcəklər.
 
Günay Rəsulqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR