Bilik Günündə məktəblərdə gördüklərimiz - FOTOREPORTAJ

Bilik Günündə məktəblərdə gördüklərimiz  - FOTOREPORTAJ
Bu gündən etibarən ölkə üzrə ibtidai siniflər üçün yeni tədris ili ənənəvi formada davam edəcək. Yəni bu gün bütün dövlət məktəblərinə Bilik Günü qeyd olunur.
 
Bütün dünyanı cənginə almış koronavirus bəlası 17 il sonra ilk dəfə Bilik Gününün tarixini bir qədər yubatdı, bütün məktəblilər eyni gündə təhsil ocağına qayıda bilmədilər.
 
Ənənəvi təhsilə qayıdışın ilk günü ilə bağlı Sfera.az-ın əməkdaşları dövlət və özəl tədris müəssisəsindən reportaj hazırlayıb.
 
Materialı təqdim edirik:

İlk növbədə çəkiliş və müsahibə üçün 200 saylı məktəb-liseyə yollandıq. Pandemiya səbəbi ilə valideynlər məktəbə buraxılmırdı, buna görə də məktəbin yaxınlığında izdiham yaşanırdı. Əlində çiçək, bəyaz köynəkli balaca məktəblilər isə həqiqətən də göz oxşayırdı.
 
 
 
Deyəsən, Bakı da, bizlər də bu görüntü üçün çox darıxmışdıq...

Məktəb önünə düzülmüş birinci sinif şagirdlərindən birinin valideyninə yaxınlaşdıq. Nicat Tağızadənin atası Ramil deyir ki, övladı ilk dərs günü üçün çox həyəcanlıdır:

"Nicat məktəbə çox həvəslidir, ona görə dərslərin onlayn qaydada təşkil olunmasını istəməzdik. Düşünmürəm ki, məktəblər təkrar bağlansın, çünki artıq hər kəs vaksinasiya üçün müraciət edir. Nicat məktəbəqədər kurslara da distant formada qatılıb, buna görə məktəbin onlayn formada davam etməsini istəməzdik". 

 


3-cü sinif şagirdi Nərgiz Ələsgərlinin anası Aynur Ələsgərova isə dərslərin bundan sonra onlayn qaydada keçirilməsi ilə bağlı narahatlığının olduğunu bildirdi. A.Ələsgərova distant təhsilin övladının görmə qabiliyyətini pisləşdirdiyini də etiraf etdi: 

"Distant təhsildə çox ciddi çətinliklər yaşadıq. Uşaqlar demək olar ki, dərsi mənimsəyə bilmirdi. Hərə bir evdən dərsə qoşulurdu, hərədə bir cür səs-küyün olması imkan vermirdi ki, şagirdlər dərsi normal qavrasın. Bundan başqa uşaqlar özü də müəllimi qarşılarında hiss etmədikləri üçün dərs prosesinə məsuliyyətli yanaşmırdılar. 

Həm də dərsin distant formada təşkili övladımda gözü ilə bağlı problemlər yaratdı, həkimə müraciət etməli olduq. Dərslərin ənənəvi qaydada davam etməsini arzu edirik, amma yoluxma sayı distant forma ilə bağlı narahatlığımızı artırır". 
 


Fotosunu çəkdiyimiz İnci Azadlı da ilk dərs günü üçün çox həyəcanlı və sevincli görünürdü. Məktəblinin anası bu həyəcan və sevincin yarım qalmaması üçün dərslərin onlayn qaydada təşkilinə qarşı olduğunu qeyd etdi. 

200 saylı məktəb-lisey kompleksinin direktoru Quliyeva Esmira saytımıza açıqlamasında bildirdi ki, onlayn təhsil ənənəvi təhsilin yerini doldurmur. Məktəb rəhbəri bütün müəllimlərin vaksinasiya prosesində iştirak etdiyini dedi:
 


"Onlayn tədirisin təşkili ilə əlaqədar birmənalı olaraq fikrimiz yoxdur. Distant təhsil pandemiya dövründə ənənəvi təhsilin yerini doldurmasa da, tədrisin davamlılığını təmin etmək üçün müəyyən bir mərhələ oldu. Hələ ki, valideynlərdən heç kim övladlarının onlayn qaydada təhsilini davam etdirməsi üçün müraciət etməyib. Məktəbimizin texniki heyətinin 98 faizi vaksinasiya olunub, buna görə müəllimlərin məktəbə gəlməsi ilə bağlı problem olmayacaq. 
Hazırda məktəbdə 4 mindən yuxarı şagird təhsil alır. Say çox olsa da, pandemiya qaydalarını unutmuruq. Bu il üçün koronavirusa yoluxan şagirdimiz hələ ki, yoxdur. Lakin ötən tədris ilində yuxarı sinif şagirdlərindən 3-4 nəfər koronavirusa yoluxmuşdu. Sevindiricidir ki, pandemiya dönəmində nə müəllimlər, nə də şagirdlər arasında itki yaşandı". 
 
 
 
  
İlk dərs Azərbaycan dili dərsidir, mövzu isə "Qarabağ Azərbaycandır!"
 


200 saylı məktəbin müəllimi Həsrət Cəfərova distant formada təhsilin təşkilində internetlə bağlı çətinliklərin olduğunu bildirdi:

"Nə şagirdlər, nə də valideynlər distant təhsilə qayıtmaq istəyir. Çünki onlayn təhsildə əksər uşaqlar tədrisdən kənarda qaldı, bəziləri dərslərə ara-sıra qoşula bilirdi. İlk dərs Azərbaycan dili dərsidir, mövzu isə "Qarabağ Azərbaycan"dır". 
 

 

Olduğumuz sinifdə 33 şagird var idi, hamısı da məktəbə gəlmək istəyirdi. "Məktəb həmişə açıq olsunmu?” sualıma hamısı xorla "hə"cavabını verdi. Hamısı da bir ağızdan onlayn təhsili istəmədiklərini dedi. Uşaqlardan bir anda eyni cavabı eşitmək həqiqətən də onlayn tədrisin nə qədər çətin və arzuolunmaz olduğunu əyani şəkildə bizə sübut etdirdi.

Məktəbin qarşısında bağlı stadionda birinci siniflər üçün Bilik Günü tədbiri təşkil olunmuşdu. Lakin sıxlıq o həddə idi ki, heç polis əməkdaşları belə nəzarəti əldə saxlaya bilmirdi...
 


Dövlət məktəbində çəkiliş və müsahibəni yekunlaşdırdıqdan sonra özəl məktəblərdən birinə - "Azerbaijan British College" təhsil müəssisənə üz tutduq. Bu məktəb özəl olaraq fəaliyyət göstərdiyinə görə bu gün şagirdlər üçün ilk dərs günü deyildi, yəni dərslər sentyabrın 1-dən ənənəvi formada təşkil olunmağa başlamışdı. 
 


Orta təhsil bölməsinin rəhbəri, direktor müavini Matthew Rawcliff saytımıza açıqlamasında distant təhsillə bağlı problem yaşamadıqlarını bildirdi:

"Məktəbdə hazırda 650 nəfər şagird orta təhsil alır. Bütün müəllimlərimiz vaksin olunduğuna görə onların işə gəlməsi ilə bağlı problem yoxdur. Onlayn qaydada yalnız xarici ölkələrdə yaşayan azərbaycanlılar təhsil alır ki, onlar da pandemiya səbəbi ilə ölkəyə gələ bilmirlər. Onların ənənəvi formada təhsilini davam etdirməsi də karantin qaydalarından asılıdır. Azərbaycanda yaşayan şagirdlərimizin hamısı ənənəvi formada təhsilini davam etdirir.
Pandemiya dönəmində tədrisin təşkili ilə bağlı problemlərimiz olmadı. Müəllim və şagirdlər onlayn təhsilə çox qısa zamanda adaptasiya olmağı bacardılar. Tənəffüs vaxtı və tədrisin təşkili karantin qaydalarına uyğun olaraq tənzimlənib. İdman zallarından istifadə olunmur, hovuzda isə su tamamilə boşaldılıb". 
 

 Müxbir: Əzizə Zeynal
 Foto: Turan Rzayev 
 
 










 
 



OXŞAR XƏBƏRLƏR