Beynəlxalq Valyuta Fondundan Azərbaycanla bağlı proqnoz: Pul kütləsində yeni rekord səviyyə...

Beynəlxalq Valyuta Fondundan Azərbaycanla bağlı proqnoz: Pul kütləsində yeni rekord səviyyə...
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda geniş mənada pul kütləsinin bu ilin sonunda 31,11 milyard manata yüksələcəyini proqnozlaşdırır. BVF-nin gözləntiləri özünü doğruldarsa, geniş mənada pul kütləsinin həcmindəki illik artım 2 milyard manatı və ya 6,5 faizi ötəcək. 

2020-ci ilin sonunda Azərbaycanda geniş pul kütləsinin həcmi 1,1% artaraq 29,186 milyard manat təşkil edib. Amma 2021-ci ilin yanvar və fevralında pul kütləsi azalaraq 28,578 milyard manata düşüb. 

BVF proqnozlaşdırır ki, ilin ikinci yarısında pul kütləsi artaraq yeni rekord səviyyə çatacaq. İndiyə qədər pul kütləsinin həcmində rekord göstərici 2020-ci ilin dekabrına aiddir. Həmin tarixdə Azərbaycanda 29,186 milyard manat pul olub. 

Sfera.az xatırladır ki, geniş mənada pul kütləsinin ötən il artması daha çox xalis xarici aktivlərin artması ilə bağlı olub. Daxili aktivlər isə əksinə azaldıcı təsir göstərib. 2020-ci ildə xarici aktivlər 8,8 faiz artıb, xalis daxili aktivlər 10,4 faiz azalıb. Xalis xarici aktivlərin artması ölkənin aktivləri ilə öhdəlikləri arasında fərqin böyüməsi hesabına baş verir. 

2021-ci ildə də eyni dinamikanın qalması gözlənilir. Amma xarici amillərlə bərabər daxili amillərin də pul kütləsinin həcmini artıracağı proqnozlaşdırılır. 

Ötən ilin sonunda pul kütləsinin 71 faizi manatla olub və manatla pul 11,3 faiz artıb. Manatla pul kütləsinin strukturunda dövriyyədə olan nağd pul, tələb olunana kimi əmanət və depozitlər və müddətli əmanət və depozitlər fərqli dinamika nümayiş etdirib. 2020-ci ildə geniş mənada pul kütləsinin tərkibinə daxil olan nağd pul
kütləsi 13,4%, manatla tələb olunanadək əmanət və depozitlər 20,3% artıb, müddətli əmanət və depozitlər isə 14,1% azalıb. 

2021-ci ildə müddətli əmanətlərin həcmində artım müşahidə edilir. Bu da ümumən əmanətlərdə artımı dəstəkləyir. Bundan başqa cari ildə istehsalın, mal dövriyyəsinin həcminin artması da gözlənilir. Dövriyyə artıqda pul kütləsində artım paralel baş verir. Pul kütləsinin dəyişdirilməsi də öz növbəsində istehsalın həcminə təsir edir. Belə ki, pul kütləsi artdıqda nominal istehsal həcmini artırır. 

Bu il kredit qoyuluşu da artır. Kreditlərin artması pul kütləsinin həcminin genişlənməsinə şərait yaradacaq. 

Lakin qeyd edək ki, istənilən halda pul kütləsinin artması idarə edilən proses olacaq. Əks təqdirdə artan pul inflyasiyanı nəzərdə tutulandan çox yüksəldə bilər. Pul kütləsi ilə qiymətlər səviyyəsi arasındakı bu cür asılılıq onun tənzimlənməsini, daha çox artımının qarşısının alınmasını zəruri edir. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR