Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirildi

Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 11 nömrəli xüsusi təhsil məktəbində Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib.

"Biz cəmiyyətin ayrılmaz hissəsiyik” adlı tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev,  Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, Əməkdar artist Fərqanə Qasımova, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin rəqs ansamblının bədii rəhbəri Günay Muradi, İdarənin, Nərimanov Rayon İcra Hakimiyyətinin, "Umid var” xeyriyyə cəmiyyətinin əməkdaşları, hərbçilər, ictimaiyyət nümayəndələri, məktəb direktorları, şagirdlər, valideynlər, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Öncə BŞTİ rəhbərliyi 11 nömrəli xüsusi təhsil məktəbinin tədris prosesi ilə yaxından tanış olub.

 

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şahzadə İsgəndərova xüsusi təhsilin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.

Çıxışı zamanı direktor xüsusi təhsil məktəbinin fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, 11 nömrəli xüsusi təhsil məktəbi 1937-ci ildə inşa edilib. 2018-ci ilin oktyabrın 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəbin yeni binasının açılışı olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Məktəb direktoru 694 nəfərin evdə, 147 şagirdin isə məktəbdə təhsil aldığını qeyd edib.

Çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev hər il dekabrın 3-də Beynəlxalq Əlillər Gününün qeyd edildiyini və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsinin qəbul olunduğunu bildirib.

R.Tağıyev ölkəmizdə sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan danışıb. İdarə müdiri xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi, bu kateqoriyadan olan uşaqların tədris şəraitinin yaxşılaşdırılması, təhsil problemlərinin həlli istiqamətində son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli addımlar atıldığını diqqətə çatdırıb.

Həmçinin R.Tağıyev Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri və xüsusi məktəblərin əsaslı təmir edildiyini və ya yenidən qurulduğunu qeyd edib.

İdarə müdiri çıxışı zamanı sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsini gücləndirmək məqsədilə "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın uşaqların cəmiyyətə inteqrasiya olunması və təhsil almaları üçün əlverişli mühit yaratdığını da vurğulayıb.

11 nömrəli xüsusi təhsil məktəbinin direktor müavini Mehparə Abdulxaliqova bildiriblər ki, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların hər birinin sağlamlığına, taleyinə və yaşam tərzinə qayğı ilə yanaşmaq, üzləşdiyi çətinlik və problemləri yüngülləşdirmək təkcə dövlətin yox, hər kəsin vətəndaşlıq borcudur.

Daha sonra 11 nömrəli xüsusi təhsil məktəbinin açılışından bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə şagirdlərin ifasında təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalar maraqla qarşılanıb.

Sonda tədbir iştirakçıları şagirdlərlə xatirə şəkli çəkdiriblər. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR