Bəhruz Məhərrəmov: Azərbaycan dövləti koronavirusla mübarizədə prioritetlərini düzgün müəyyən edib

Bəhruz Məhərrəmov: Azərbaycan dövləti koronavirusla mübarizədə prioritetlərini düzgün müəyyən edib

Bu gün dünyada elə bir dövlət yoxdur ki, pandemiyanın doğurduğu dilemma qarşısında çətin durumda qalmasın. Ancaq Azərbaycan dövləti koronavirusla mübarizədə prioritetlərini düzgün müəyyən edib.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

B.Məhərrəmov bildirib ki, Prezident İlham Əliyev son iclasda açıq şəkildə elan etdi ki, "Bizim üçün prioritet məsələ, insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir.”

Deputat vurğulayıb ki, Azərbaycan dövləti müasir insan indeksi şərtləri çərçivəsində yanaşma nümayiş etdirməklə koronavirusla mübarizəyə 1:0 öndə başlayıb:

"İnsan tandemi sağlamlıqdan başlanır, daha dəqiqi yaşamaq hüququndan. Yaşamaq hüququ yalnız təcavüzkar hərəkətlərdən deyil, habelə hərəkətsizlikdən müdafiə olunmalıdır. Bu anlamda, Azərbaycan dövləti hərəkətsiz qalmayaraq, əsas gücünü vətəndaşın yaşamaq hüququna təhdid yaradan koronavirus infeksiyası ilə mübarizəyə yönəltdi.

Dövlət başçısının özünün də dediyi kimi, "əgər biz vaxtında qabaqlayıcı tədbirlər görməsəydik, bu gün Azərbaycanda xəstələrin sayı min yox, bəlkə on min, iyirmi min, bəlkə də daha çox olardı”.

Dövlət sağlamlığın qorunması istiqamətində mərhələlərlə sərtləşən tədbirlər almaqla kifayətləndimi? Xeyr! Cənab Əliyevin dediyi kimi, "dövlət bir məqsəd güdürdü ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq, vətəndaşlara kömək göstərək, onları bu bəladan qoruyaq və onların sosial müdafiəsini təmin edək”.

Millət vəkili vurğulayıb ki, bu gün 600 minə yaxın insan dövlətdən maddi dəstək alır:

"Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilməkdədir, habelə dövlət tərəfindən 2020-ci il ərzində proqnozdan iki dəfə artıq, 90 min ödənişli ictimai iş yeri yaradılması qərara alınıb. Həmçinin ilkin mərhələdə 200 min sosial müdafiəyə ehtiyacı olan insana dövlətdən 190 manat yardım verilməsi qərara alınsa da, növbəti mərhələdə dövlət başçısının qərarı ilə bu kateqoriyaya aid olan insanların sayı 600 minə çatdırılıb. Artıq gündəlik 20 min civarında insan qeyd edilən yardımı almaqdadır.

Təsadüfi deyil ki, məhz bu keyfiyyət amilinə görə sosial və iqtisadi paket ilk dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirilsə də, bu gün 3,5 milyard manatı ötəcəyi proqnozlaşdırılır. Prezident İlham Əliyev də rəsmən bəyan edir ki, Azərbaycan dövləti insanların sağlamlığı və rifahı naminə bu məbləğin bundan sonrakı artımına hazırdır”.


OXŞAR XƏBƏRLƏR