“Bazardan, fermadan, çobanlardan iştirakçılar yığ...” – “Maşın”da qalib qalmaqalı

“Bazardan, fermadan, çobanlardan iştirakçılar yığ...” – “Maşın”da qalib qalmaqalı
 Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl başa çatan "Maşın” şounun 18-ci sürətinin qalibi türkiyəli aparıcı Suna Kasımoğlu olub. Qalibin türkiyəli olması bəzi tamaşaçıların narazılığına səbəb olub. Şounun ötən illərə nisbətən daha maraqsız keçdiyini, maşının Sunaya "hədiyyə”  edildiyini  iddia edənlər də olub.
 

Mövzu ilə bağlı şounun keçmiş  iştirakçıları olan məşhurların fikrini öyrəndik. 

Sfera.az xəbər verir ki, yeni sabah-a danışan şounun 17-ci "sürəti"nin iştirakçısı Nazilə Səfərli oyunun gedişatından danışıb: 

"Mən özümü yaxşı oyunçu sayıram "Maşın”da. Mən şouda iştirakçı olan vaxt məni şouya ikicə günlük buraxmışdılar. Mən də ikinci gün orada qızlara dedim ki, mənim şəklimi atsınlar. Çünki məni evdən 2 günlük buraxmışdılar. O da elə alındı ki, çıxdım səs topladım, öz-özümə fikirləşdim ki, bu qədər insanın pulu, mənə görə keçirdikləri həyəcanı görüb duruxdum qaldım. Ondan sonra qaldım, 11 gün dayandım. O 11 günü də yaxşı oynadım. Öz oyunuma hələ srağagün baxmışam, baxdım dedim ki, necə oynamışam. Kişi kimi məni yola salıblar. Ləzzət etdi. Adam var, oyundan onu sındırıb yola salırlar, adam var yekə-yekə danışır, amma səs toplaya bilmir, xalqın gözündən düşüb gedir. O ki, qaldı builki oyuna, onu deyə bilərəm ki, "Maşın”ı hörmətdə tutan iştirakçılar deyil. İstəyirsənsə, oraya bazardan, fermadan, yaylaqdakı çobanlardan iştirakçılar yığ, həmin adam maşının ətrafına gələndə Murad Dadaşovun bir neçə günlük təlim-tərbiyəsi ilə o insan avtomatik düzəlir. Yəni insan girir o qaba, olur içməli”. 

Şairə oyunun qalibinin milliyətinə görə fərq qoyulmasına və tənqid edilməsinə sərt reaksiya verib:

"Əvvəla mən özüm türkəm. Mən tat, ləzgi, talış, avar, çeçen  deyiləm, mən türkəm. Və mənim bütün millətlərə hörmətim var. İkincisi, oyunçu 60 saat dayanıb, 18 oyun səsverməyə çıxmayıb, adam oynayıb, adam sizə oynamaq öyrədib, bunu niyə başa düşmürsünüz, ay oyunçular? Bax, söhbət budur, nə olsun ki, türkdür? Erməni gedib oturub Şuşanın ortasında, bu sizi narahat etmir, amma türk maşını udub, narahat olmusunuz? Bu nə deməkdir? Lalə deyir ki, hansı azərbaycanlı gedib Türkiyədə yarışmada 11 gün dayana bilər?  Bu siyasi səhvdir, bu artıq şou-biznes deyil. Artıq şou həddini aşıb.  Bəs "O səs Türkiyə”də azərbaycanlı (Elnur Hüseynov – Red.) udanda yaxşı idi? Biz niyə paxılıq? Niyə həzm edə bilmirik? 

Maşını udan türk olmasa belə, rus da olsa, alqışlayıram. O dözümü, əzmi alqışlayıram. Maşındır bu, sərvət deyil ki, şöhrətdir. Altından yel keçən şeydən sərvət olmaz. Maşına görə  bu, türkdür, bu, azərbaycanlıdır, bu, rusdur... Belə söhbətlərin nə əlaqəsi? Adam dayanıb, qardaş. Adam 60  saat dayanıb, büdrəməyib. Sən getmisən, o yenə dayanıb. Sən ona  psixoloji təsir göstərməlisən. Oyunun axırıdır, acsan, susuzsan neyləməlisən, məcbursan bir-birinin ətini yeməyə. Bu adam dəmir kimi dayanıb və sənə əvvəlcədən deyir: "Mən güclüyəm, sənə mənlə finala gəlmək məsləhət deyil”. 

Durduq yerdə sağ göstərib, sol vurdu, Türkanı atdı bayıra. Görmədik biz onu? Heç  kim Laləni qınamadı. Mənim Lalə ilə qalmaqalım yoxdur, heç burda mövzu Lalə deyil. Burada mövzu xalqdır, ümumi  xalq qalxıb ayağa. Əgər "11 gün  bir azərbaycanlı Türkiyədə oyunu bu həddə  gətirə bilməzdi” demişdinsə, Lalə, ayaqlarından qan axardı, amma təslim olmazdın! Bax, onda deyərdim ki, hə, sən türkə qarşı mübarizəyə çıxmısan və "yemədin”. Sənin səhhətin yol vermədi, o adam da dəmir kimidir, dayanıb. Nə istəyirsən sən? Bu adam udub səni. Udan insana hörmət etmək lazımdır. Lalə də qalibdir, o, 60 saat da dayanıb axı. "Bir millət iki dövlət”, - deyə gecə-gündüz bağırırıq. Böyük qardaşlarımız filan... Niyə sevmirik ki, türkləri? Bu, oyundur, biclik deyil. Kameranın qarşısındasan və dözüm nümayiş etdirməlisən, vəssalam”. 

"Maşın”ın 9-cu sürətinin qalibi Əlikram Bayramov şounun ötən illərə nisbətən maraqsız keçdiyini və bunun günahını oyunçularda görüb:

"Oyun oyundur. Şou mübarizənin bir formasıdır. Yoxsa, gedirlər oyunda başlayırlar ki, sənin vicdanın belə gəldi, kişiliyin belə getdi. Belə şeylər olmaz, bu bir oyundur. Belə şeylər edəcəksənsə, ya oyuna getmə, ya da gedirsənsə qazanmaq üçün get. Gedib başlama ki, sən niyə elə etdin, sən məni niyə çıxardın, filan. Əslində, şounun marağı yerindədir, sadəcə problem yarışmaçılardadır. Ora gedirlər düşünürlər ki, oyundan çıxanda adlı-sanlı çıxsınlar. Bunun haqqında  heç bir şey deyilməsin, camaat bunları yaxşı tanısın, ehtiyat edirlər. Xalqın gözündən düşərəm düşüncəsi ilə oynayırlar, amma oraya gedən oyunçu bunları düşünməməlidir. Oyunçular gedəndə başa düşməlidir ki, oraya gedəndə xalqın gözündən düşmək, vicdandan xəbər vermək lazım deyil. Bu bir mübarizədir və mübarizədə qorxa-qorxa çıxış etmək olmaz. Oyunu maraqsız edən oyunçulardır. 

Məsələn, Bilal Əlievə evdən zəng etdilər, əlini çəkib getdi, o biri əlini çəkdi getdi. Həmin oyunda sinir sistemi yerində olmur, adam əsəbi olur amma, gərək dözəsən. Oyunçu əlini çəkib gedir, amma tamaşaçı ondan başqa şey gözləyir, mübarizə gözləyir. Mən üzümü "Maşın”a oyunçuları çağıranlara tuturam, iştirakçıları çağıranda  fikir vermək lazımdır. Elə adamlar çağrılmalıdır ki, mübarizəyə həvəsi olan, maşına marağı olan adam olsun. Oyunda başqa şeylər düşünmək lazım deyil. Camaat nə deyir desin, lap mini desin, qardaş, mən bura yarışmağa gəlmişəm. Sən mənim insanlığıma gedək çöldə bax. 50 min az pul deyil. Kim qazana bilir? Oyunu qazanmaq lazımdır, bu qədər xərc qoyulub.  Məsələn, Kərimin getməsi pis oldu. Kərimi əvvəldən heyif ki, çıxardılar. O orada nələr edəcəkdi…  Kərim çox maraqlı oyunçudur, Ramal da həmçinin. 

Oyuna baxan kimi bilinirdi ki, Bilal Əliyev  orada qalmayacaq, gedəcək. Oyunçuları yaxşı seçmək lazımdır. Baxmaq lazımdır ki, bu maşından əlini çəkəcək, ya mübarizə edəcək. Olmaz axı, qardaş. O boyda  oyunu gözləyirəm, sən gəlib əlini çəkirsən. Elə bil futbolda komandanı gözləyirsən, o da gəlir finala çıxa bilmir. "Maşın” şou mübarizliyi sevir. Oyun camaat gözündə göstərici yeri deyil, nə də reklam yeri deyil. Orada hoqqa çıxarmaq lazım deyil ki, camaat desin, nə xeyirxahdır. Xeyirxahsan, gəl çöldə et. Bu oyunda 1-2 nəfərdən başqa iştirakçılar düzgün seçilməmişdi. İştirakçılar zəif oynayırdı. Biz kompleksli millətik, oyunçular o kompleksdən çıxa bilsə, şou daha maraqlı olacaq. Şou dünyanın çox ölkəsində izlənilir, Murad Dadaşov başqa nə etsin? Gəlir gözünün yaşını tökür, töksün,  ağlamağa gəlmisən? Get başqa yerdə ağla, dərdini-sərini danış. Mən buraya maşını udmağa gəlmişəm. Vicdanımı isə  gedib çöldə yoxlayarsan. Çıxıb şouda deyirlər ki, sən kişi deyilsən. O nə sözdür? Sən şouda deyirsən?  Bizim oyunçu olduğumuz vaxtda bir-birinə elə söz deyən olmayıb, vallah. Niyə kişi deyiləm? Oyundan kimisə çıxarırsansa, deməli kişi deyilsən? O nə deməkdir? Yarışmağa gəlmisənsə, əccəb edib çıxarmısan. Buna görə təhqir olunmalısan? İnsanları təhqir edirsənsə, şoudan pis ayrılırsan. Mənim özümü bir də şouya çağırsalar, bilərəm mən nə edəcəyimi”. 

Əməkdar artist, "Maşın" realiti-şousunun 15-ci "sürəti"nin iştirakçısı Mehriban Xanlarova budəfəki oyunda əlini çəkib gedənlərin çox olmasından gileylənib: 

"Oyunu davamlı izləmirdim, amma hər şeydən xəbərim var. Bu il 5-6 nəfər oyundan əlini çəkib getdi. Nəbilim, vallah. Mənə çox maraqlıdır ki, eşitdiyimə görə  Suna Kasımoğlu 17 ildir ki, Azərbaycandadır. Noldu, bu 17 ildə Suna Azərbaycan dilini bilmədi?”


 



OXŞAR XƏBƏRLƏR