Bayram Nurlunun bələdiyyə seçkisində iştirakına dair rəsmi AÇIQLAMA

Bayram Nurlunun bələdiyyə seçkisində iştirakına dair rəsmi AÇIQLAMA
 Özünü cəmiyyətə ekstrasens kimi təqdim edən Bayram Nurlu bir müddət əvvəl sosial şəbəkədə yaydığı paylaşımda builki bələdiyyə seçkilərinə qatılacağını bildirmişdi. Onun 112 saylı Qax Seçki Dairəsindən namizədliyini irəli sürəcəyi barədə yayılanlar hər kəsin təəccübünə səbəb olmuşdu. Bayram Nurlunun seçkilərdə bitərəf namizəd kimi iştirak edəcəyini qeyd edilmişdi.

Artıq 23 dekabr tarixli bələdiyyə seçkiləri yekunlaşıb və hazırda nəticələr müzakirə olunur.

İki gündür sosial şəbəkələrdə yenə Bayram Nurlu haqqında söz-söhbətlər, informasiyalar tirajlanır. Hətta bəziləri onun bələdiyyə üzvü seçildiyi haqqında məlumatlar paylaşır, müzakirələr açır. Maraqlıdır ki, bu müzakirələrə qoşulanlar arasında təsdiqlənməmiş məlumatların doğruluğuna inananlar da az deyil, tənqid edənlər, ona uğurlar arzulayanlar da.

Sfera.az xəbər verir ki, modern.az-ın əməkdaşı Bayram Nurlu ilə bağlı yayılan informasiyaları dəqiqləşdirməyə çalışıb.

Və kiçik bir araşdırma vəziyyətin tamamilə fərqli olduğu ortaya çıxardı.

MSK-nın rəsmi saytına nəzər saldıqda aydın oldu ki, 112 saylı Qax Seçki Dairəsinin heç bir məntəqəsində Bayram Nurlunun adı-soyadı yoxdu.

Qeyd edək ki, Bayram Nurlunun şəxsiyyət vəsiqəsində adının bu cür olmadığını, seçkilərə isə əsl adı ilə qatıldığını iddia edənlər də var.

Məlumat üçün bildirək ki, Bayram Nurlunun özünün açıqlamasına görə, şəxsiyyət vəsqəsində ad və soyadı Bayraməli Musayevdir.

Amma MSK-nın saytında 112 saylı Qax Seçki Dairəsi üzrə siyahıda Bayraməli Musayev ad-soyadı da yoxdur.

Bəs maraqlıdır, niyə hamı Bayram Nurlunun bələdiyyə üzvü seçildiyini düşünür?

Məsələni dəqiqləşdirmək üçün Qax rayon Dairə Seçki Komissiyası ilə də əlaqə saxladıq. Komissiyadan bildirdilər ki, Bayram Nurlu haqqında yazılanlar həqiqəti əks etdirmir:

"Həmin şəxs ümumiyyətlə, namizədlik üçün sənədlərini belə təqdim etməyib. Niyə belə bir məlumat yayıldığı müəmmalıdır… Halbuki həmin şəxs seçkilərdə iştirak etməyib. Adam seçkiyə qatılmayıbsa, necə bələdiyyə üzvü ola bilər?”.

OXŞAR XƏBƏRLƏR