\"Baydenin prezidentliyi dönəmində Ukrayna və Gürcüstan NATO üzvlüyünə qəbul olunacaq\" - Politoloq
13:43 / 07.05.2021
2176
"ABŞ prezidenti Co Baydenin prezidentliyi dönəmində Ukraynanın NATO üzvlüyünə qəbulunun reallaşması mümkündür”.
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ümumiyyətlə Bayden Barak Obama dövründə Ukrayna siyasətini kurasiya edir və hərtərəfli dəstək verirdi:
"Hazırda prezident kimi bu dəstəyi daha da inkişaf etdirir. Rusiyanın Ukraynaya qarşı aqressiyası mümkün olmayacaq. NATO üzvü kimi Ukraynanın separtizmə qarşı mübarizəsi uğurla nəticələnəcək. Bundan əlavə, Ukraynanın üzvülüyü rəsmiləşdirildikdən sonra Gürcüstanın da üzvülüyə qəbulu reallaşacaq.
Əsas strategiya Vaşinqton tərəfindən bu istiqamətdə planlaşdırılır. Bundan sonra Rusiyanın Ukraynaya və Gürcüstana qarşı təhdidləri kifayət qədər zəifləyəcək. Azərbaycana gəldikdə isə, ölkəmizin NATO üzvülüyü Türkiyə ilə strateji əlaqələrindən asılı olacaq”.
Politoloq Elxan Şahinoğlu isə deyib ki, Ukraynanı illərdir NATO-nun qapısında gözlədirlər və Rusiya da bundan istifadə edərək bu ölkəyə hərbi təzyiqi artırır:
"Zelenskinin qətiyyətli mövqeyi ilk bəhrəsini verib. ABŞ növbəti dəfə Ukraynaya NATO üzvlüyü tədbirlər planının verilməsinə dəstək verib. Bu barədə Ukrayna prezidenti ofisinin rəhbəri Andriy Yermak Kiyevdə prezident Vladimir Zelenski ilə ABŞ dövlət katibi Entoni Blinken arasındakı görüşdən sonra bildirib.
İndi qalır Fransa və Almaniyanı inandırmaq. Paris və Berlin ikili oynayırlar, sözdə Ukraynaya dəstək ifadə edirlər, əməldə isə bu ölkənin NATO-ya üzvlüyünü illərdir əngəlləyir və bununla Rusiyanın aqressiv siyasətinə imkan yaradırlar. Odur ki, Amerikadan Paris və Berlini yola gətirmək tələb olunur”.
Günay
Sfera.az