Baydenin hakimiyyətə gəlişi Azərbaycan üçün mühüm olan bu layihənin BƏXTİNİ AÇA BİLƏR

Baydenin hakimiyyətə gəlişi Azərbaycan üçün mühüm olan bu layihənin BƏXTİNİ AÇA BİLƏR
ABŞ-da demokratların hakimiyyətə gəlməsi Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsinin həyata keçirilməsinə imkan yarada bilər. Bu layihə Hindistandan Avropaya ixrac edilən yüklərin İran, Azərbaycan və Rusiya vasitəsilə çatdırılmasını nəzərdə tutur. İndiyədək Azərbaycan və Rusiya layihə üzrə işləri tamamlayıb. Lakin İran öz ərazisindən çəkilməli olan dəmir yol xəttini tamamlaya bilməyib.

Sfera.az xatırladır ki, İranın dəmir yol xəttinin çəkilişini tamamlaya bilməməsi ABŞ-ın sanksiyaları ilə əlaqədardır. ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra İrana sanksiyaları bərpa etdi. Sanksiyalar çoxşaxəli oldu və İranın kredit cəlb etməsini, xarici şirkətlərlə, eyni zamanda başqa ölkələrlə əməkdaşlağını məhdudlaşdırdı. Sanksiyalar İranın maliyyə təminatını çətinləşdirdiyindən dəmir yol xəttinin çəkilişi mümkünsüz oldu.

ABŞ-ın yeni prezidenti, demokrat Cozef Bayden andiçmə mərasimindən sonra bəyan edib ki, İrana qarşı sanksiyalar yumşaldıla bilər. Sanksiyaların yumşaldılması İranın dollarla əməliyyatlar aparmasına, xaricdən kredit cəlb etməsinə, satdığı neft və qazın pulunu bank sistemi vasitəsilə əldə etməsinə imkan yaradacaq. Bu vəziyyətdə İranın region üçün böyük əhəmiyyət daşıyan dəmir yol xəttinin tamamlanmasına nail olacağını gözləmək olar.

Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi Azərbaycan üçün əhəmiyyətlidir. Nəqliyyat Dəhlizi layihəsi 2000-ci ilin sentyabrında İran, Rusiya və Hindistan tərəfindən dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədi ilə hazırlanıb. Bu layihənin reallaşdırılmasında mühüm rol oynayan ölkələrdən biri Azərbaycandır.

Dəhliz vasitəsi ilə yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatarlara yüklənməsi və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran), sonra Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülməsi və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Şimali Avropa ölkələrinə çatdırılması planlaşdırılır.

Hazırda Hindistandan göndərilən yüklər Şimali Avropaya çatdırılması üçün uzun yol qət edir. Yüklər Süveyş kanalından keçməklə Avropaya çatdırılır. Yolun uzun olması səbəbindən yüksələrin çatdırılması vaxtı 45, bəzən 60 gün çəkir. Şimal-Cənub dəhlizi işə düşəndən sonra isə yüklərin 14, ən geci 20 gün ərzində Şimali Avropaya çatdırılacağı gözlənilir.

Gələcəkdə Şimal-Cənub dəhlizinin əhəmiyyəti bir qədər də artacaq. Çünki Hindistan sürətlə inkişaf etməkdə olan ölkədir və bu ölkənin ixracında davamlı artım var. 2019-cu ilin məlumatına əsasən Hindistan 530 milyard dollarlıq ixrac həyata keçirib. 2007-ci ildə Hindistanın ixracı 153 milyard dollar, 2017-ci ildə 303 milyard dollar təşkil edirdi. Bu ölkə ixracını sürətlə artırır və dəhlizin işə salınması Azərbaycan üzərindən yükdaşınmasının həcmini artıracaq.
 
Vasif
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR