Bayden Zelenskinin dəvətini niyə geri çevirdi? - \"Putinlə razılığa gəliblər...\"
13:15 / 27.07.2021
608
"ABŞ Ukrayna məsələsində fasilə elan edib”
Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ Prezidenti Co Baydenin Ukrayna Prezidenti Vladimir Zelenskinin Krım Platforması zirvəsinə dəvəti qəbul etməməsinə münasibət bildirərkən politoloq Məhəmməd Əsədullazadə deyib.
Həmsöhbətimizin fikrincə, Baydenin Zelenskinin təklifini qəbul etməməsi onun Putinlə danışıqlarda əldə etdiyi razılaşmalarla bağlıdır:
"Bilirsiniz ki, iyulun 14-də Avropada keçirilən sammitdə ABŞ Prezidenti Co Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında görüşdən sonra müəyyən razılaşma əldə olunub. Görünür, onlar Ukrayna ətrafında böhranın dərinləşdirilməməsi barədə razılığa gəliblər”.
Politoloq qeyd etdi ki, Vaşinqton indiki mərhələdə Ukrayna məsələsində Rusiya ilə ciddi konfliktə getmək istəmir:
"Çünki ABŞ-ın atdığı addımlara Rusiya hərbi müstəvidə daha ciddi şəkildə cavab verir. Nəticədə Ukrayna birbaşa Rusiya ilə müharibə təhlükəsilə üz-üzə qalır. Bu səbəbdən Ukrayna məsələsində ABŞ hələlik bir qədər geri çəkilməyi qərara alıb ABŞ Ukrayna ssenarisini qızışdırmamağa çalışır. Rusiya da öz növbəsində Ukrayna ətrafından yığdığı hərbi qüvvələrini geri çəkib”.
M. Əsədullazadə düşünür ki, Baydenin bu geri çəkilmə addımı müvəqqətidir:
"Bu məsələdə müəyyən dərəcədə fasilə elan olunsa da, bu heç də ABŞ-ın Ukrayna siyasətindən geri çəkilməsi kimi başa düşülməməlidir. ABŞ indiki vəziyyətdə manevr edir. Növbəti mərhələdə Ukrayna ilə bağlı Vaşinqton Moskvaya münasibətdə daha ciddi təzyiqlərə start verəcək”.
Rüfət SULTAN
Sfera.az