Bayden Putinlə niyə məhz Bakıda görüşəcək? – Tofiq Zülfüqarov detalları açıqladı
12:57 / 06.05.2021
4899
"Baydenin Putinlə Bakıda görüşəcəyini dəqiq deyə
bilmətəm, amma bu variantı istisna da etmirəm”.
Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ-ın məşhur
"Politico” nəşrinin ABŞ prezidenti Co Baydenlə rusiyalı həmkarı Vladimir Putinin
Bakıda görüşəcəyi iddiasına münasibət bildirərkən sabiq Xarici İşlər naziri
Tofiq Zülfüqarov deyib:
"Adətən bu cür görüşlər neytral siyasət yürüdən
ölkələrdə təşkil olunur. Təcrübə də göstərir ki, bu kimi təmaslar üçün məhz neytral
yerlər axtarılır. İndiki mərhələdə ABŞ-la Rusiya arasında münasibətlər həddən
çox gərgindir. Təbii ki, bu gərginliyi
aradan qaldırmaq üçün müharibə deyil, hansısa görüşlərin keçirilməsi, fikir
mübadiləsinin aparılması zəruridir.
Soyuq müharibə dövründə bu kimi görüşlər Finlandiyanın paytaxtı Helsinki
şəhərində təşkil olunurdu. Həmin dövrdə belə görüşlərin digər məkanı rolunda
habelə İslandiyanın paytaxtı Reykyavik şəhəri çıxış edirdi. Bu şəhərlər coğrafi
baxımdan o dövrün iki sistemi arasında mərkəzdə yerləşirdi”.
Diplomat bildirib ki, indi isə iki super güc
arasındakı görüş üçün ən əlverişli məkanlardan biri Bakıdır: "Azərbaycanın balanslaşdırılmış
siyasət həyata keçirməsi nəticəsində sözügedən görüş yeri qismində Bakının da əhəmiyyəti
artıb. Bildiyiniz kimi, NATO
komandanlığı ilə Rusiya Baş Qərargah rəisi arasında bir neçə görüş məhz Bakıda
baş tutub. Bu da onu göstərir ki, Azərbaycan
həmin sahədə də təcrübəyə malikdir”.
Rüfət SULTAN