Banklar qorxduqları qanuna necə “boyun əydilər”? - TƏHLİL

Banklar qorxduqları qanuna necə “boyun əydilər”? - TƏHLİL

Əmanətlərin azalmasından qorxan banklar geri çəkildi


Bankların əksəriyyətinin istəyinin əksinə olaraq Maliyyə Sabitliyi Şurası "Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tətbiq müddətinin uzadılmasını tövsiyə etdi. Şura hesab etdi ki, əmanətçilərin və kreditorların (bankların) mənafelərinin daha etibarlı qorunması üçün "Əmanətlərin tam sığortalanması haqqında” Qanununun daha 9 ay uzadılması məqsədəuyğundur.

 

Adıçəkilən qanunun tətbiq müddəti 2020-ci ilin martın 4-də bitib. Qanun 2016-cı ilin martında qüvvəyə minib və əvvəlcə 3 il müddətinə tətbiq olunub. 2019-cu ilin fevralında qanunun tətbiqi daha bir il müddətinə uzadılıb. Həmin müddət martın 4-də başa çatıb.

 

Qanunun qüvvədə olduğu son bir ildə bankların əksəriyyəti, xüsusilə də böyük banklar əmanətlərin tam sığortalanması sisteminin dayandırılmasını təklif edirdilər. Onların fikrincə, bu təcrübə əmanət bazarında ədalətsiz rəqabət yaradır, faiz dərəcələri yüksəlir və bu, bazarda kredit faizlərinin aşağı salmasını çətinləşdirir. Bankların əksəriyyəti üçün əlverişsiz olan qanun əmanətçilər üçün əlverişlidir. O, əmanətçilərdə banklara olan inamı gücləndirməklə yanaşı, pullarının etibarlı qorunması haqqında əminlik də formalaşdırır.

 

Bəs, bankların "ədalətsiz rəqabət” dedikləri məsələnin arxasında nə dayanırdı? Əslində böyük banklar niyə bu qanuna qarşı idi?

 

Narazılığı yaradan əsas motiv əslində ucuz vəsait davasıdır. Bu qanuna qədər əmanətlər tam sığortalanmırdı. "Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən bank bağlandıqda bir əmanətçiyə sığortalanan əmanətə görə maksimum 30 min manat pul verilə bilərdi. Məsələn, bankda əmanətçinin 50 min manatı varsa və həmin pul sığortalanıbsa, onun 30 min manatı Əmanətlərin Sığortalanması Fondu tərəfindən bir ay ərzində qaytarılırdı, qalanını isə əmanətçi bankın özündən almalı idi. Bağlanan bankdan pulun qalanını almaq üçün əmanətçi ən yaxşı halda bir il gözləməliydi. Əgər bank müflis olubsa, o halda, pulun qalan hissəsini geri almaq qeyri-mümkün olurdu. Bu səbəbdən əmanətçilər banka pul yerləşdirdikdə 30 min manat həddini nəzərə alırdılar.

 

Əmənətlərin tam sığortalanması təcrübəsində isə vəziyyət kökündən dəyişdi. Bank bağlandıqda sığortalanan əmanətin hamısını Əmanətlərin Sığortalanması Fondu qısa müddətdə geri qaytarmaq öhdəliyi götürdü. Bu, nəyə səbəb oldu? Bir əmanətçi yüzminlərlə manat pulunu artıq bir banka yerləşdirə bilərdi. Əvvəlki variantda bu riskli idi. Amma əmanətlərin tam sığortalanması ona gətirib çıxartdı ki, əmanətçi pulunun hamısını sığorta dərəcəsinə uyğun ən yüksək faiz verən bankda yerləşdirdi. Nəticədə kiçik və orta banklar yaxşı faiz təklif etməklə böyük məbləğdə əmanət cəlb edə bildi.

 

Devalvasiyadan sonra bankların hamısı əmanətçilərə yüksək faiz təklif edirdi. Lakin sonradan böyük banklar tədricən faizləri endirdi. Manatla əmanətlər maksimum 15 faizlə, xarici valyutada olan əmanətlər isə 3 faizlə sığortalandığı dövrdə belə həmin banklar manatla əmanətləri 8-9 faizə, xarici valyutada olan əmanətləri 1-2 faizə qəbul edirdi. Orta və kiçik banklar isə sığorta faizlərini nəzərə alaraq manatla 13-15 faizlə, xarici valyutada 2-3 faizə əmanət qəbulunu davam etdirirdi. Bu vəziyyətdə kiçik və orta banklar xeyli əmanət cəlb edə bildi, hətta böyük vəsaiti olanlar tərəddüd etmədən həmin banklara əmanət qoydu.


Belə bir tendensiya bankların çox hissəsini qane etmirdi. Ona görə də onlar israrla "Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tətbiq müddətinin uzadılmasını istəmirlər. Amma Maliyyə Sabitliyi Şurasının məlumatından görünür ki, bu qərar bankların mənafeyi nəzərə alınaraq qəbul edilib. Qanunun əleyhinə çıxan banklar niyə öz fikirlərindən daşındı?


Məsələ ilə bağlı sfera.az-a açıqlama verən maliyyə-bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, Maliyyə Sabitliyi Şurasının qərarı bəzi bankların xahişi ilə qəbul edilib. Ekspert qeyd etdi ki, bəzi banklarda xarici əmanətçilərin böyük vəsaiti var. "Həmin banklar xarici əmanətçiləri itirməkdən qorxdular”, - deyən Ə.Həsənov dövlət orqanlarının bunu nəzərə aldığını söylədi.

 

Ekspert bankların əmanətlərin tam sığortalanmasına qarşı olduğu halda sonradan geri çəkilməsinin bankların səmimi olmamaları ilə əlaqələndirdi: "Bir tərəfdən deyirlər ki, çoxlu pulumuz var, kredit verməyə müştəri tapa bilmirik. Bir tərəfdən də əmanətlərin çıxarılmasından qorxurlar. İndi belə məlum olur ki, çox pulu olan bankların cəlb etdiyi vəsaitin bir hissəsini xaricilər verib və onları itirmək istəmirlər. Bu, bütün banklarımızın problemi deyil və əksər banklar əmanətlərin tam sığortalanmasının dayandırılmasını istəyirdi”.


Ə.Həsənov hesab edir ki, əmanətlərin tam sığortalanmasının uzadılmasına ehtiyac yoxdur: "Mərkəzi Bank da bildirirdi ki, yeni modelə keçmək lazımdır. Bu, o deməkdir ki, tam sığortaya ehtiyac yoxdur”.


Onun fikrincə, qanunun tətbiqinin müddəti bitməmişdən öncə bu məsələyə aydınlıq gətirilməli idi, qanunun tətbiqinin uzadılacağı əvvəlcədən bilinməliydi. Ekspert düşünür ki, bu cür davranış Azərbaycanın iqtisadi idarəetmə blokuna həm daxildə, həm də xaricdə inamı zəiflədir: "Uzatmaq fikriniz var idisə, bunu əvvəlcədən etməliydiniz və ya əvvəlcədən elan etməliydiniz. Artıq üçüncü gündür ki, Azərbaycanda əmanətlərin tam sığortalanması sistemi dayandırılıb. Digər tərəfdən bunun 9 ay müddətinə uzadılmasına nə ehtiyac var idi? Azərbaycanda əmanətlərin əksəriyyəti 1 il müddətinə qoyulur, çox az adam 9 aya qədər əmanət yerləşdirir. Hökmən, əmanətlərlə bağlı uzunmüddətli strategiya hazırlanmalıdır və əmanətçilər gələcəkdə vəziyyətin necə olacağını indidən bilməlidir”.

 

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...