“Bakıda oturub, Sinqapur qeydiyyatı ilə...” – Facebook-da qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olsun?

“Bakıda oturub, Sinqapur qeydiyyatı ilə...” – Facebook-da qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olsun?

Milli Məclisdə sosial şəbəkələrdə qeydiyyatın şəxsiyyət vəsiqəsi ilə aparılması ilə bağlı təkliflər irəli sürülüb. Deputatlar bu yolla sosial şəbəkələrdə dezinformasiya xarakterli məlumatların yayılmasının və saxta profillərin qarşısının alınacağının qənətindədirlər.


Maraqlıdır, sosial şəbəkələrdən istifadə edən fəal ictimaiyyət nümayəndələri bu təklifə necə yanaşır?


Sfera.az məsələ ətrafında tanınmış ictimaiyyət nümayəndələri ilə sorğu keçirib.


İqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olmağını internet azadlığının boğulması kimi qiymətləndirir:



"Sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olması çox məntiqsiz təklifdir. Çünki burada nəzərdə tutulan qaydadan yankeçmə metodları həddindən artıq çoxdur. Belə ki, istənilən proqramla İP adresini dəyişib dünyanın istənilən ölkəsindən sosial şəbəkəyə giriş edə bilərsən. Bu zaman nə dəyişəcək? Belə olan halda sosial şəbəkələri nəzarətdə saxlamaq mümkün deyil.

 

Sadəcə sosial şəbəkələrdə yalan məlumatlar yayan, təhqirə yol verənlər qanunvericilik çərçivəsində cəzalandırılmalıdır. Bunu da hüquq mühafizə orqanları asanlıqla həll edə bilər. Əgər belə bir qanun qəbul edilərsə bu internet azadlığına məhdudiyyət kimi nəzərdən keçiriləcək.

 

Digər tərəfdən, bunun üçün texniki imkanlar da yetərli deyil. Mən Bakıda oturub Sinqapur qeydiyyatı ilə sosial şəbəkəyə giriş edə bilərəm və bunun qarşısını kimsə ala bilməz. Facebook iştirakçıları yaxşı olardı ki, təhqir və söyüş istifadə edənlərə qarşı ictimai qınaq həyata keçirsinlər”.


Müğənni Nura Suri Facebook proqramında bu funksiyanın bir neçə ildir ki, olduğunu deyir:



"Facebook saxta hesablarla mübarizə aparmaq üçün bir neçə ildir ki, şəxsiyyət vəsiqəsinin sürətinin şəklini istifadəçilərdən tələb edir. Mən kiçik oğlum Davidə Facebook səhifəsi açdıqdan bir neçə saat sonra proqram məndən onun şəxsiyyət vəsiqəsinin şəklini istədi. Lakin mən göndərmədim. Çünki bilirəm ki, 13-14-dən yaşdan yuxarı şəxslərə Facebookdan istifadəyə icazə verilir.Bunu etmədiyimə görə açdığım səhifə bir neçə saattdan sonra bağlandı.

 

Mənə təəccüblü gəlir ki, millət vəkilləri bunu bilmir. Millət vəkilləri bilsin ki, saxta profillər boş yerə açılmır. İnsanlar onlayn qaydada bu yolla iş təklif edirlər. Belə ki, saxta profillərlə tənqidi şərhlər yazılır, kütlədə müxtəlif fikirlər formalaşdırılır. Hətta bunu edən insanlara pul da verirlər. Bununla mübarizə aparmaq lazımdır, məsələ araşdırılmalıdır”.

 

Təhsil eksperti Elçin Əfəndi rəsmi şəkildə sosial şəbəkələrə girişin məcburi hala gətirilməsi fikri ilə razı deyil:



"Bu fikirləri səsləndirənlərin İQ səviyyəsinə şübhə ilə yanaşıram. Çünki Facebook-da hər kəsin sənədini təsdiq etməsi üçün müəyyən imkanlar var. Yəni, hesabını rəsmi təsdiqlətmək istəyən şəxs vəsiqəsinin şəklini proqrama yollaya bilər.

 

O ki, qaldı qeydiyyatan keçərkən şəxsin vəsiqəsinin seriya nömrəsini və.s qeyd etməsinə bu artıq Facebook yaradıcısı Mark Zuqerberqin ixtiyarında olan məsələdir. Fikrimcə elə belə də davam etsək yaxşıdır. Absurd şəkildə rəsmi qeydiyyatı tələb etməək olmaz”.


Dünya və Avropa çempionu, Daxili İşlər Nazirliyinin "Dinamo” idman klubunun təmsilçisi Eduard Məmmədov təklifə mübət yanaşdığını deyir:



"Mən bu məsələni çoxdan düşünmüşəm və təklifə müsbət yanaşıram. Çünki bəziləri saxta profillərlə insanları narahat edir və onları tapmaq da çətinləşir. Əgər sən düzgün adamsansa, insanlara problem yaratmayacaqsansa onda şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməyi problem etməzsən, profilinə öz şəklini yerləşdirərsən. Saxta profillər olmasa kütlə də rahat olar, saxta məlumatlar paylaşanlar insanları təhdid edənlər asanlıqla tapılar”.

 

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov:


 

"Bu təklifi ikiəlli dəstəkləyirəm! Hər kəsin öz real adı və siması ilə ortaya çıxıb, sözünü deməsi çox yaxşı olardı. Şəxsən öz profilimdə bu rejimi çoxdan tətbiq etmişəm: Öz adı, soyadı, şəkli ilə profil açmayan heç kimi dostluğuma qəbul etmirəm. Ümumiyyətlə, ictimai təhlükəsizliklə fərdi anonimlik çox pis yola gedirlər.


Biz küçədə maskalı, başına corab keçirmiş adamlarla rastlaşsaq, ən azı şübhələnərik ki, onlar niyə kimliklərini gizlətməyə çalışırlar? Belələrindən uzaq durmağa çalışarıq. Eyni prinsip sosial şəbəkə üçün də keçərli olmalıdır. Hər kəs real kimliyi ilə ortada olmalı və hərəkətlərinə, yazdıqlarına, dediklərinə görə məsuliyyət daşımalıdır”.


Əzizə

Sfera.az


OXŞAR XƏBƏRLƏR