BAKIDA ev-ev gəzən ölüm: Onu belə evə daşıyırıq

BAKIDA ev-ev gəzən ölüm: Onu belə evə daşıyırıq

"Pulla satılmalıdır ki, istifadəsi az olsun”

Bir zamanlar mağazaya, dükan-bazara gedəndə hər kəs özü ilə zənbil götürərdi. Xüsusi qaydada həsirdən və ya parçadan hazırlanan bu zənbillərin yerini tədricən kağız torbalar tutmağa başladı. Sovet dönəmində hər evdə həsir zənbillərə rast gəlmək olurdu. Sonralar yerini mağazalardan verilən kağız torbalara verən bu zənbillər alıcısını da itirməyə başladı. Günlərin birində isə kağız torba dövrü də arxada qaldı və onların hər ikisinin yerini sellofan torbalar tutdu. Bazara gəlməsi ilə evlərə özü ilə çeşidli xəstəliklər də gətirdi.

İndi artıq getdiyimiz hər mağazada bizə sellofan torbaları pulsuz verirlər. Yəni, ilk baxışda pulsuz. əslində isə həmin torbalara çəkilən xərci digər məhsulların qiyməti üzərinə əlavə edərək bizə ödədirlər. Böyük marketlər isə bundan həm də reklam kimi istifadə edir. Üzərində marketlə bağlı məlumatlar yazılan bu sellofan torbalar xüsusi sifarişlə hazırlanır. Ərzaq və ya qeyri-ərzaq bölgüsü olması barədə qaydalara da əməl edilmir. Eyni torbalardan həm ərzaq, həm də qeyri-ərzaq məhsullarını qoymaq üçün istifadə edirlər.

Bir torba 800 ilə çürüyür

Dünya təhlükəsini gördüyü üçün sellofan torbalarla vidalaşmağa çoxdan başlayıb. Üstəlik də bunun vacibliyi elmi araşdırmalarla sübuta yetirilib. Hər gün evimizə daşıdığımız bu torbalarla həm də ölümü daşıdığımızın fərqində olmuruq. Üstəlik, onları evimizdə saxlayıb və ya təbiətə atıb həm də problemi yaşatmaqda davam edirik. Məlumatlara görə dünyada sellofan torba istehsalı ilbəil artır, baxmayaraq ki, həm də paralel olaraq bu torbalardan imtina edən ölkələrin sayı çoxalır. Statistika göstərir ki, hər il dünyada 500 milyarddan artıq sellofan torba istehsal olunur. Ancaq bu, rəsmi rəqəmdir. Qeyri-rəsmi istehsalın da təqribən bu qədər olduğu güman edilir. Məlumdur ki, polietilen təbiətin birinci düşmənlərindən biridir, onun çürüməsi üçün uzun müddət tələb olunur. Torpaqda 800, dənizdə isə 400 il zaman lazımdır. Təbiəti və insanları torba bəlasından qurtarmaq üçün əksər ölkələr çoxdan fəaliyyətə keçib. Bir sıra Avropa ölkələri, həmçinin inkişafına görə heç də dünyaya meydan oxumayan Tayvan, Keniya, Uqanda, kimi ölkələrdə sellofon torbalardan istifadə mümkün deyil. Türkiyədə bu proses gələn il yanvarın 1-dən başlayacaq. Bu ölkədə tamamilə qadağa edilməsə də, sellofan torbalar alıcılara pulla satılacaq. O zamana qədər isə həmin torbaları kağız paketlər əvəzləyəcək. Təbii ki, torbaların pulla satılması ona olan tələbatı azaldacaq.

Sonsuzluq və xərçəngevimizə daşınır

Worldwatch İnstitutunun araşdırması xəbər verir ki, belə torbaların istehsalında istifadə edilən 47 kimyəvi maddədən 35-i kanserojen xüsusiyyətə malikdir. Torbaların dayanıqlılığını təmin etmək üçün istifadə edilən DEHP maddəsi isə spermləri öldürür və sinir sisteminə mənfi təsir göstərir. İstehsal zamanı istifadə edilən vinil klorid isə qaraciyər, beyin və böyrəklərdə fəsadlara yol açır. Artıq dünyanın dörddə birində bu torbalar ya qadağan edilib, ya da yüksək vergi tətbiqi ilə istifadəsi məhdudlaşdırılıb. Bu sahədə addım atan ilk ölkələrdən biri Çin olub. Çin öz nüfuzunu artırmaq və "yaşıl ölkə” olmaq üçün 2008-ci ilin sentyabrından etibarən məhkəmə qərarı ilə sellofan torba istehsalını qadağan etdi. Qadağanın tətbiqinə qədər Çində belə torbaların istehsalı üçün ildə 37 milyon barel neft istifadə edilirdi. Çinin bu addımı 2001-ci ildə Pekin Olimpiadasına hazırlıq üçün ciddi addım hesab olunurdu.

Hər torbaya cərimə

Afrika ölkələrində isə sellofanla mübarizənin öz ənənəsi var. İlk olaraq 2007-ci ildə 0,03 millimetr qalınlığında paketlərin hazırlanmasına yönəlik qadağalar gündəmə gəldi. Keniya 2007-ci ildə küləklə yüzlərlə km məsafə qət edə biləcək 0,06 mm-dən nazik olan sellofan torbaları qadağan etdi. Afrikanın ilk Nobel Sülh Mükafatı laureatı olan xanım Vanqari Maathai kampaniyanı dəstəklədi. Banqladeş sellofan torbaların kanalizasiyanın qarşısını tutduğunu əsas gətirərək hələ 2002-ci ildə paytaxtda bu torbaları tamamilə qadağan etdi. Avropada sellofan torbaları qadağan edən ilk ölkə İtaliya oldu. Qadağaya qədər bu ölkədə hər adama ildə 300 belə torba düşürdü. Bu isə Avropanın sellofan torba istifadəsinin beşdə biri demək idi. ABD-da ilk olaraq San-Fransiskoda sellofan torba qadağası gəldi. Tanzaniyada isə sellofan torba qadağasına əməl etməyənlər 1016 dollar cərimələnir. Çində bu cərimə 1500 dollardır. İrlandiyada və Honq- Konqda hər bir sellofan torba üçün ayrıca vergi alınır- 20 sent. Ümumilikdə isə Banqladeş, Cənubi Afrika Respublikası, Ruanda, Tanzaniya, Zanzibar, Uqanda, Keniya, Çin, İtaliya sellofan torbaları qadağan edən ölkələrdəndir.

İldə 12 milyon barelneft torbalara xərclənir

Sellofan troba istehsalı heç də göründüyü kimi ucuz başa gəlmir. Amerikada ildə 10 milyard sellofan torba istehsalında 12 milyon barel neft sərf edilir. Bu torbalar hər il minlərlə dəniz heyvanı və 1 milyondan artıq quşu öldürür. Dənizdəki sellofan torbalardan ümumilikdə 267 müxtəlif dəniz heyvanı təsirlənir. BMT-nin Ətraf Mühit Proqramının məlumatına görə okeanların hər 2,5 kv.km-nə 46 min sellofan torba düşür.

Zəhər saçırlar, bizisə görmürük

Azərbaycanda da sellofan torbaların ziyanı dəfələrlə gündəmə gəlib. Onların mağazalarda pulsuz verilməsinin qadağan olunması təklifi də səsləndirilib. Hətta ölkəmizdə dəfələrlə heç bir standarta uyğun olmayan sellofan torba istehsal edən sexlər də aşkarlanıb. İqtisadiyyat Nazirliyinin dəfələrlə keçirdiyi yoxlamalarda Türkiyədə istehsal edildiyi göstərilmiş əslində isə heç bir uyğunluq və gigiyenik sertifikatları, müşayiətedici sənədləri olmayan külli miqdarda belə məhsul aşkarlanıb. Azərbaycan alıcısı da yəqin ki, pis qoxulu, qeyri-şəffaf qırmızı və qara rəngli sellofan torbaları xatırlayır. Onlara hətta ərzaq mağazalarında çörək belə qoyub verirdilər. Doğrudur, indi bu cür torbaları nadir hallarda görmək olur və alıcılar özləri ondan imtina edir, amma hətta ən yaxşı hazırlanmış sellofan torbaların belə ölüm saçdığını unutmaq olmaz.

Sellofan torbaların istehsalında istifadə olunan məhsullar toksit və konserogen maddələr olur. Bu torbalar uzun müddət parçalanmadığı üçün onun tərkibindəki həmin zərərli maddələr torpağın, suyun tərkibinə keçir və son nəticədə ekologiyanı zəhərləyir. Bununla yanaşı məhsul həmin torbalarla bilavasitə əlaqədə olduğuna görə orqanizm üçün çox təhlükəli hesab olunur. Bu torbaların içərisinə çörək, ət, yağ və digər ərzaq məhsulları qoyulduqda onlar həmin torbalarla kimyəvi reaksiyaya girir. Bu reaksiya kənardan adi gözlə baxdıqda hiss olunmur. Tərkibində çoxlu sayda kimyəvi birləşmələr olan bu torbalardan nə qədər çox istifadə olunarsa, təhlükə riski də bir o qədər artar. Belə torbalar xüsusilə, allergiyası olan insanlar üçün daha təhlükəli hesab olunur.

"Torbalar pulla satılmalıdır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə hətta supermarketlər şəbəkələri belə sellofan torbalardan istifadə ilə müştərilərinə xidmət göstərdiklərini zənn edirlər: "İndi hətta kiçik marketlərdə belə alıcılara bu torbalarla xidmət edirlər. Böyük marketlər isə bundan həm də reklam vasitəsi kimi istifadə edirlər. Bütün hallarda bu torbalar evlərə və ordan da təbiətə daxil olur. Həm insana mənfi təsir edir, həm də ekologiyaya ciddi ziyan vurur”. Azərbaycanda da sellofan torbaların kağız torbalarla əvəz edilməsi mümkünlüyünə gəlincə, Eyyub Hüseynov bunun ancaq dövlət dəstəyi ilə mümkün olacağını deyir:"Əvvəllər istifadə edilən kağız və parça torbaların istehsalı baha başa gəlir. Ən ucuz yol sellofan torba istehsalıdır. Azərbaycanda bu torbalardan çox istifadə edilir və keyfiyyət problemi həmişə olduğu kimi yenə də var. Nəticədə insanlara da, təbiətə də olduqca mənfi təsir dəyir. Bu torbalar sonunda təbiətə atılır və böyük ekoloji problemlər yaradır”.

Ölkəmizdə təkrar istehsalın da mümkünlüyünü deyən E.Hüseynovun sözlərinə görə insan həyatı və ekologiyanın mühafizəsi üçün bu torbalara qadağa qoyulması vacibdir. Torbalar pulla satılmalıdır ki, isitfadəsi azalsın. Azərbaycanda polietilen torbalardan tamamilə imtinaya nail olmaq istiqamətində iş aparıldığını deyən E.Hüseynovun sözlərinə görə bu məqsədlə layihələr də icra olunub. Bu layihələrdən biri də bazarlıq üçün istifadə edilən köhnə bazar torbalarının yenidən istifadəsinə nail olmaqdır. Məşhur mağazalar şəbəkələri artıq müştərilərinə sellofan yox, kağızdan hazırlanan torbalar təqdim edirlər və bu, çox yaxşı haldır. Dünyada da yayılan bu tərcübəni onlar ölkəmizdəki mağazalarında da qoruyub saxlayırlar.

Ancaq bu kütləvi hal almayıb. E.Hüseynovun fikrincə, sellofan torbalar istehlakçılara daha baha qiymətə satılmalıdır. Bu vasitə ilə həmin torbalardan daha az istifadəyə nail olmaq mümkün olacaq. Həmçinin təşkilat və üzvü olduğu tullantıların idarə edilməsi üzrə komissiya həmin torbaların yandırılması, kompakt şəkildə toplanaraq utilizasiyası istiqamətində də iş aparır.

"Pul qazananlar ziyanıda qarşılasın”

Ekoloq Telman Zeynalovun fikrincə isə ən böyük ziyan təbiətə və ordan da dolayısı ilə insana dəyir. Sellofan torbalar digər məişət tullantılarından çox yüngül olduğundan küləkli Bakıda qısa müddətdə uzun yol qət etmələri mümkündür.

Ağacların başına ilişib qalan torbaları isə təmizləmək kimsənin ağlına gəlmir. Ekoloq deyir ki, dəfələrlə bu mövzunu qaldırsa da nəticəsi olmayıb:"Biz tələb edirdik ki, həmin sellofan torbaları istehsal edib ondan külli miqdarda pul qazananlar ekologiyaya vurduqları ziyanı da qarşılasınlar. Ən azından həmin torbaların təbiətdən təmizlənməsində iştirak etsinlər”.

Cebhe.info


OXŞAR XƏBƏRLƏR