\"Bakı erməniləri, siz də uzaqlarda o şəhərin xiffətini çəkirsiniz?\" - Erməni qadından TƏSİRLİ PAYLAŞIM

\

Marianna Narimanova adı ilə qeydiyyatdan keçmiş erməni əsilli "Facebook" istifadəçisi öz akkauntundan Bakı ermənilərinə müraciət edib.

 

Sfera.az olduqca təsirli həmin müraciəti oxucularına təqdim edir:

 

"Daha gücüm qalmayıb. Bu günədək susurdum. Baş verənləri şərh etmirdim. Amma səbrim tükəndi! Bundan belə sussam, bu özümə qarşı hörmətsizlik olar!


 

Bakı erməniləri, sözüm sizədir! Sözüm yaşadığı şəhər, dostluq etdiyi insanlar haqda iyrənc şeylər yazan soydaşlarımadır.

 

Erməni millətinin digər nümayəndələri narahat olmaya bilər. Sadəcə ona görə ki, sizin o şəhər, o şəhərdə yaşayan insanlar haqda təsəvvürünüz yoxdur, buna görə də bütün bunları itirməyin necə ağrılı olduğunu anlaya bilməzsiniz.

 

Siz gecəyarısı oyanıb pəncərənin o tayında Bakı küləyinin necə tüğyan etdiyini eşitməyin nə demək olduğunu heç vaxt anlaya bilməzsiniz. Xəzər ləpələrinin səsi, yay axşamı qızmar istinin bulvardan əsən sərin mehlə əvəzlənməsi, bazar günləri səhər tezdən Şəfiqə xalanın həyətimizə gəlib "Qatıq!” qışqırması... O səs bütün həyətə yayılaraq, yatanları oyadırdı və həftəboyu işləyib yorulan böyüklərə, səbirsizliklə gözlədikləri tətilə qovuşan uşaqlara qayğısız, gözəl bir gün vəd edirdi.

 

"26-lar bağı”nda çiçək açan şabalıd, Molokan bağındakı fəvvarənin şırıltısı, yay-qış eyni kostyumda gəzən Ramazan əminin bir tikə çörəyi yerdən qaldırıb qayğı ilə yeraltı keçidin bardürünə qoyması, qışda "Parapet”dəki palma ağacının salafana bükülməsi, baharda hər bir pəncərədən gələn Novruz ətri, saatlarla İçərişəhərdə gəzib dolaşmaq... Bütün bunlar o qədər doğma, o qədər əzizdir ki...


 

Buna görə də mən, erməni ata ilə yəhudi ananın qızı, siz Bakı ermənilərindən soruşuram, doğrudanmı, bütün bunlar sizin həyatınızda heç bir məna kəsb etmirdi?...


Mənə sizi sıxışdırdıqları haqda danışmayın, kimə istəyirsiniz danışın, bircə mənə yox. Siz gözəl şəhərdə yaşayırdınız, yüksək vəzifələr tuturdunuz, maaşlarınız da heç kəsdən az deyildi, müxtəlif xalqların nümayəndələri ilə eyni masa arxasında otururdunuz. Nəyiniz çatışmırdı? Sevinəndə, kədərlənəndə öz doğmalarının deyil, qonşuluqdakı azərbaycanlının qapısını döyən siz deyildiniz? Məgər sevincinizə uşaq kimi sevinib, dərdinizə üzülən həmin o qonşu deyildi? Axı siz də onun sevincinə, dərdinə şərik olurdunuz. Yəni, bunu edərkən səmimi deyildiniz?


Sizin ağrı-acınızı, incikliyinizi, baş verənlərin ədalətsizliyini anlayıram. Amma bütün bunlarda günahkar olan sizin dostlarınız, qonşularınız deyil axı. Doğrudur, bu dərdinizi yüngülləşdirmir. Olanlara bəraət qazandırmaq fikrim də yoxdur. Amma heç olmasa indi özünüzə simsar saydığınız soydaşlarınız tərəfindən qurban verildiyinizi anlamırsınız? Onlar üçün siz həmişə "şortvats” (Yerli ermənilərin Bakı ermənilərinə verdiyi təhqiramiz ayama-red) olmusunuz, belə də qalacaqsınız.

 

Doğrudanmı, hər dəfə qonşularınızı öz evinizdən yola salanda, yaxud onların evindən çıxanda uşaqlarınıza azərbaycanlıların düşmən olduğunu, onların sizin "ali” diqqətinizə layiq olmadığını deyirdiniz? Doğrudanmı, azərbaycanlı dostunuzun əlini sıxdığınız, azərbaycanlı rəfiqənizi öpdüyünüz zaman "Daşnaksütyun”a pul ianə edirdiniz?


 

Mən buna inanmaq istəmirəm. Çünki inanıram ki, bütün bunlar mənim kimi, sizin çoxunuz üçün də tamamilə gözlənilməz oldu, siz də mənim kimi o şəhəri sevirdiniz, uzaqlarda o şəhərin xiffətini çəkirsiniz, bu gün də orda qalan keçmiş qonşularınızla zəngləşirsiniz və hərdən onların qonağı olursunuz. Yəqin mənim kimi, sizin aranızda da azərbaycanlı dostları, rəfiqələri olanlar var. Mən əsl dostları, dostluğa sadiq insanları nəzərdə tuturam.

 

Erməni atamın mənə aşıladığı əsas fikir - sən insansan olub. Ətrafındakılar da insanlardır. Ermənilər, ruslar, yəhudilər, tatarlar, almanlar yox - İnsanlar!!!

 

Bunları mənə deyəndə atamın nə düşündüyünü bilmirəm, amma bir şeyə əminəm - o, mənim nifrət içində böyüməyimi istəmirdi. Çünki məni sevirdi. Yəhudi anam mənə öyrədirdi ki, həyatda ən böyük günah naşükürlükdür və hər şey kiminsə ən xırda yaxşılığa görə belə "sağ ol” deməyi unutmasından başlayır. Xüsusilə də heç kəsin sənin arxanca: ”Simic (red.Жидовка)!” deyə qışqırmadığı sakit, təhlükəsiz şəhərdə yaşadığın üçün o şəhər əhlinə minnətdar olmalısan.

 

Mənə şükür etməyi öyrədən anam da gələcəyimin işıqlı olmağını arzulayırdı və bilirdi ki, bunun üçün həyatımda nifrətə yer olmamalıdır. O, da məni sevirdi. Valideynlərim çoxdan dünyalarını dəyişib. Bu gün, yetkin yaşımda onlara mənə bəxş etdikləri sevgiyə, aşıladıqları insani dəyərlərə görə "çox sağ olun” deyə bilmirəm. Mən bunu çatdırmadım. Amma bütün uşaqlığım və gəncliyim boyu yanımda olan insanlara təşəkkür etmək üçün həm imkanım, həm də istəyim var.

 

Məni qucaqlayan, yeməyini mənimlə paylaşan, məni şəkərburaya, paxlavaya, "kuliç" və kətəyə qonaq edən, mənimlə öz övladları arasında heç bir fərq qoymayan, körpəliyimdə məni öz dizləri üstə yırğalayan, özünü təhlükəyə ataraq məni qoruyan, saçlarıma sığal çəkib: "Ağlama Baki bala, ağlama” deyən sevimli insanların hamısına təşəkkür edirəm. Hər şeyə görə Çox Sağ Olun!!! Əsas da ona görə ki, məhz Sizin sayənizdə insanlığımı itirmədim. Sağ olun ki, varsınız. Dünyada ən gözəl, ən qonaqpərvər, ən mehriban, ən doğma şəhərim olan Bakı sağ olsun!!!


Uzun müddət anlaya bilmirdim ki, bu şəhərdə yaşayan, bu küçələrdə gəzən, bu havanı udan, bu dənizdə üzən insanlar necə Bakı haqda xoşagəlməz sözlər yazır, dost adlandırdıqları insanlara qara yaxır. Hiddətlənirdim, ağlayırdım, üsyan edirdim. İndi isə sadəcə onlara yazığım gəlir. Onlar əsl Vətənlərini itiriblər, yenisini isə tapmayacaqlar. Çünki insanın iki vətəni ola bilməz. Onlar dostlarını itiriblər, bir daha o cür sadiq dostları olmayacaq. Çünki dostlar bircə dəfə itirilir. Onlar sevgi, işıq, sevinc dolu bir Ev itiriblər. Bundan sonra saray belə tiksələr, o Ev qədərrahat olmayacaq. Onlar doğmalardan daha yaxın olan qonşularını itiriblər. Saray hasarlarının o üzündə isə qonşu olmur. Onlar öz simalarını itiriblər! Və bunun şərhə ehtiyacı yoxdur.

 

Təəssüf ki, onlarla birgə mən də bütün bunları itirmişəm. Ümid edirəm, heç olmasa simamı qoruyub saxlaya bilmişəm. Xəyali böyüklüklərinə, hər kəsdən üstün olduqlarına maniyakcasına inanan xəstə təfəkkürlülər mənim və mənim kimi minlərlə insanın VƏTƏNİNİ və EVİNİ oğurlayıblar!


Amma xoşbəxtlikdən dostları və doğmaları heç kəs əlimizdən ala bilməz. Dünyanın dörd bir yanına səpələnən Bakı erməniləri, bir daha sizdən soruşuram, bəlkə heç olmasa indi bütün bu fəlakətlərə bais olanların kimliyi barədə düşünəsiniz? Bu çörəyinizi paylaşdığınız insanlar, yoxsa bu torpağa müharibə ilə gələnlərdir?

 

Sizdən cavab gözləmirəm. Onsuz da həqiqəti pıçıltı ilə özünüzə belə söyləməyəcəksiniz. Əslində bu həqiqət sizin özünüzdən başqa heç kəsə gərək də deyil. Sadəcə uşaqlıqda sizinlə birgə gizlənqaç, qaçma-tutma oynayan, eyni parta arxasında oturan, ulduzlara tamaşa edib xəyallar quran balaca qızın, yaxud oğlanın adını xatırlamağınızı xahiş edirəm. Xatırlayın, vacib deyil bu kim olacaq - azərbaycanlı, rus, erməni, ya yəhudi - onların hamısı Bakının uşaqlarıdır! Bəlkə az da olsa, bundan təsəlli taparsız.

 

Mən isə 15 il sonra doğma şəhərimə qayıtdım, oğlumu da özümlə apardım. Valideynlərinin harda doğulduğunu bilmək onun haqqıdır. Moskvada doğulub Nyu-Yorkda böyüyən 14 yaşlı yeniyetmə ilk baxışda bu şəhərə vuruldu. Onun: "İndi bildim, niyə bu şəhər üçün bu qədər darıxırsan, neyçün bu qədər ağlayırsan”, sözlərini eşidəndə sevincimin həddi-hüdudu yox idi.

 

Mən yenidən qayıtdım. Nifrət püskürən hər kəsin acığına! VƏ MƏNİ ORADA GÖZLƏYİRLƏR!!! Bəs sizi?

 

Tərcümə etdi: Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...